Ekonomika

Vergi yükünün azaldılması iqtisadi reallığın tələblərinə əsaslanır

Bazar iqtisadiyyatı şəraitində vergi yükünün bölüşdürülməsi ilə bağlı məsələlər vergitutmanın aktual problemlərindəndir. Vergi ödəyicilərinin müəyyən dövr ərzində həyata keçirdikləri təsərrüfat fəaliyyəti ilə bağlı ödədikləri vergilərin məcmusu vergi yükü sayılır. Bu göstəricinin səviyyəsi ödəyicinin ödədiyi vergilərin onun əldə etdiyi gəlirlərə nisbəti kimi müəyyən edilir. Vergi yükünün bölüşdürülməsinə dair baxışlar tətbiq olunan qiymətlər və istehsal həcmləri ilə bağlı fikirlər ətrafında qurulub. Nəzəri olaraq vergi yükünün bölüşdürülməsində əsas rol oynayan  amillərə təsərrüfat xərcləri, bazarda rəqabətlilik, istehsal və ərazi xüsusiyyətləri, əhalinin sosial və iqtisadi vəziyyəti, ölkədə mövcud siyasi vəziyyət və s. aiddir. Vergi yükünün bölüşdürülməsi prosesi, əsasən, qiymətqoyma yolu ilə baş verir. Vergi yükünün son istehlakçının üzərinə köçürülməsinin səviyyəsi mövcud vergi sistemində birbaşa və dolayı vergilərin qarşılıqlı nisbətindən asılıdır. Vergi yükünün son istehlakçıya köçürülməsində  dolayı vergilərin (ƏDV, aksizlər) rolu böyükdür.Qeyd etmək lazımdır ki, dövlətlər bilərəkdən vergi yükünün bir hissəsini istehsalçılardan götürərək istehlakçıların üzərinə qoymaqla təsərrüfat subyektlərinin maliyyə dayanıqlığını möhkəmləndirir və dövlətin maliyyə resurslarına tələbatını təmin edir. Müasir dövrdə, əsasən, dolayı vergilərin tətbiqi nəticəsində həm də ölkənin pul siyasətinin funksiyaları təmin  edilir.

Dünya ölkələrində vergi yükü

Bir sıra beynəlxalq təşkilat və qurumlar dünya ölkələrinin müxtəlif metodologiyalar əsasında hesablanmış illik vergi yükü barədə məlumatları mütəmadi olaraq dərc etdirirlər. Dünya Bankının «Doing business» hesabatı (ümumi vergi dərəcəsi), Heritage Fondunun «İqtisadi azadlıq indeksi» kimi məlumatlar da bu qəbildəndir. «Doing business 2017» hesabatının Vergilərin ödənilməsi (Paying Taxes) indikatoru üzrə Azərbaycanın ümumi vergi dərəcəsi (o cümlədən sosial sığorta ödəmələri daxil olmaqla) 39,8% göstərilmişdir. Həmin hesabatda Portuqaliya (39,8%), Niderland (40,4%), Türkiyə (41,1%), ABŞ (44%), Avstraliya (47,6%), Almaniya (48,9%), İspaniya (49,0%), Avstriya (51,6%), İtaliya (62%) və Fransa (62,8%) kimi inkişaf etmiş ölkələrin vergi yükü daha yüksək olmaqla əks etdirilmişdir. Bu göstərici keçmiş sovet dövlətlərindən Moldovada 40,4%, Litvada 42,7%, Rusiyada 47,4%, Estoniyada 48,7%, Ukraynada 51,9%, Belarusda 54,8%-dir. Qeyd etmək lazımdır ki, bura sosial sığorta ödəmələri də daxildir. Heritage Fondunun 2017-ci il üzrə dərc etdirdiyi rəsmi «İqtisadi azadlıq indeksi»ndə isə Azərbaycanın vergi yükü (sosial sığorta ödəmələri nəzərə alınmadan) 14,2% olmaqla 28-ci yerdə göstərilmişdir. Bu sıralamada vergi yükünün səviyyəsinə görə Azərbaycan bir çox ölkələrdən daha əlverişli mövqeyə malikdir. MDB ölkələrindən Qazaxıstan (13,2%) bu sıralamada 20-ci yerdə qərarlaşmışdır. Hesabatın 2017-ci il üzrə göstəricilərinə əsasən Özbəkistan 19,7%, Qırğızıstan 20,8%, Tacikistan 22,8%, Belarus 23%, Ermənistan 23,5%, ABŞ 26%, Latviya 27,8%, Türkiyə 28,7%, Litva 29,3%, Rusiya isə 35,3% vergi yükünə malikdir. Göründüyü kimi, Azərbaycanda vergi yükü ümumilikdə bir sıra Avropa və MDB ölkələrindən daha aşağı səviyyədədir.

Yeni islahatlar gəlir

Azərbaycanda vergi yükünün optimallaşdırılması ilə bağlı fəaliyyətlər vergi siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan hökuməti sahibkarlıq fəaliyətinin genişləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması məqsədilə vergi yükünün optimallaşdırılması sahəsində mühüm addımlar atır. Vergi ödəyicilərinə bu və ya digər güzəştlər verilərkən, ilk növbədə, vergi tənzimlənməsinin müxtəlif iqtisadi proseslərə təsiri nəzərə alınır və dərin iqtisadi təhlillər aparılaraq müvafiq qərarlar qəbul edilir. Güzəştlərin əsas hissəsi stimullaşdırıcı xarakter daşıyır və müəyyən sahələrin inkişafını sürətləndirmək məqsədi daşıyır. Hazırda Azərbaycanda vergi yükü göstəricisi əksər dövlətlərdə olduğundan aşağı olsa da  aparılan iqtisadi islahatlar fonunda qeyri-neft sektorunda investisiyaların təşviqi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə vəsaitlərinə qənaət etməklə istehsalın genişləndirilməsi və məşğulluğun təmin edilməsi məqsədilə vergi yükünün yenidən qiymətləndirilməsini zəruri edir.

Vergilər naziri Mikayıl Cabbarov bir müddət öncə verdiyi açıqlamada Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklərin əsas məqsədinin kiçik və orta sahibkarlığın vergi yükünün yüngülləşdirilməsi olduğunu bildirib. Nazir qeyd edib ki, bu, ölkədə kiçik və orta sahibkarlığın inkişafına imkan verəcək. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən son aylarda vergilər sahəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində iş aparılır. Bunun əsas məqsədi kiçik və orta sahibkarlığın vergi yükünü əhəmiyyətli dərəcədə azaltmaq və vergi idarəetməsini təkmilləşdirməkdir. İri müəssisələrə gəldikdə isə bu sahədə əsas istiqamətlər həmin müəssisələrdə şəffaflığın və daxili hesabatlılığın səviyyəsinin artırılmasıdır. Bu, bir tərəfdən həmin müəssisələrin rəqabət qabiliyyətliliyinin təminatı olacaq, digər tərəfdən, vergi ödənişlərinin sabitliyini və dövlət büdcəsinə daxilolmaların səviyyəsini dəqiq müəyyən etməyə imkan verəcək.

 

Mütəxəssislərin fikrincə…

 

Ekspertlərin fikrincə, bu proses  bir sıra vergi dərəcələrinin aşağı salınması, bəzi vergi növləri üzrə inzibatçılığın təkmilləşdirilməsi, vergi nəzarətinin sadələşdirilməsi formasında öz əksini tapa bilər. Vergi yükünün azaldılması istiqamətində həyata keçirilən fəaliyyətlər vergitutma bazasının genişləndirilməsi yolu ilə vergi daxilolmalarının artırılmasına xidmət etməlidir. Çünki dünyada iqtisadi böhranın davam etdiyi indiki şəraitdə qeyri-neft sektorunun – xüsusilə kiçik və orta sahibkarlığın inkişafı vergiqoymadan iqtisadi inkişaf təşviq edən bir alət kimi istifadə olunmasını qaçılmaz edir. Vergi yükünün azaldılması vergi ödəyicilərinin optimal gəlirliliyinin və özəl sektorda rəqabətqabiliyyətliliyin təmin edilməsi, investisiya mühitinin yaxşılaşdırılması, xüsusilə innovasiyaların tətbiqini nəzərdə tutan  sərmayələrin təşviqi məqsədini daşımalı, riyazi hesablamalarla əsaslandırılmalıdır. Əks halda, vergi yükünün azaldılması gözlənilən nəticələri verməyə və büdcə qarşısındakı öhdəliklərin icrası zamanı problemlər yarada bilər».

İqtisadiyyatın müxtəlif sektorlarına (kənd təsərrüfatı, sənaye və s.) və sahibkarlıq subyektlərinin həcminə  (mikro, kiçik və orta sahibkarlıq) münasibətdə vergi güzəştlərinin verilməsi və vergi dərəcələrinin aşağı salınması yolu ilə vergi yükünün azaldılmasına həm iqtisadi ədəbiyyatda, həm də ayrı-ayrı ölkələrin təcrübəsində rast gəlinir. Vergi güzəştləri qısamüddətli dövrdə səmərəli bir alət kimi çıxış etsə də, uzunmüddətli dövrdə sahibkarlarda arxayınlığın yaranması, rəqabətqabiliyyətliliyin aşağı düşməsi ilə yanaşı, mühasibat və vergi uçotunun aparılması işində də problemlərlə müşayiət olunur. Digər tərəfdən, Dünya Ticarət Təşkilatının prinsiplərinə görə, hansısa sahəyə vergi güzəştlərinin verilməsi dolayısı subsidiya hesab olunur.  Vergi sistemində aparılan islahatlar zamanı dolayı və birbaşa vergilərin funksiyaları arasındakı fərqlər minimuma endirilməlidir. Bu zaman birbaşa və dolayı vergilər arasında sərhəd dəqiq müəyyən olunmalı və vergilərin onun çərçivəsində tənzimlənməsi həyata keçirilməlidir. Birbaşa və dolayı vergilərin funksiyaları düzgün müəyyən olunmaqla səmərəli vergi siyasətinin həyata keçirilməsinə təminat verilir. Ən əsası odur ki, bunların nəticəsində iqtisadiyyatın vergi tənzimlənməsi məsələlərinin düzgün həlli ölkə iqtisadiyyatının dinamik inkişafını və vergi ödəyiciləri arasında vergi yükünün düzgün və obyektiv bölüşdürülməsini təmin edir.

 

Ü.Nəbiyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir