Sosium

“Gender balans” təmin edilərsə,  dünya  nə qazanacaq?

Gender nədir və ya gender siyasəti niyə önəmlidir…

 Gender- kişi və qadınların ictimai münasibətlər çərçivəsində rol və vəzifələrini ehtiva edir. Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur. “Gender bərabərliyi özü-özlüyündə təkcə mədəni və mənəvi hadisə deyil, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdəndir”. Hesablamalara görə, gender balansı tam təmin olunarsa, dünyada ümumdaxili məhsul  təqribən 5,5 trilyon dollara qədər arta bilər və dünya  inkişaf etmiş bir duruma gələr.BMT-nin baş katibi Kofi Annanın toxunduğu bu məsələ illər boyu aktuallığını qoruyur və hər bir ölkənin gender hüququnun qorunması ilə bağlı müvafiq daxili qanunvericiliyi mövcuddur. Ölkələr ilə yanaşı beynəlxalq təşkilatlar da bu sahədə siyasət aparırlar. Məsələn, Birləşmiş Millətlər Təşkilatının qadınlar üçün inkişaf fondu fəaliyyət göstərir ki, bu fondun məqsədi gender bərabərliyinə xidmət etməkdir. Əksər ölkələr, həmçinin Azərbaycan da BMT-nin bu fondu ilə müvafiq saziş imzalayıb. Azərbaycan Рespublikasının 10 oktyabr 2006-cı il tarixli gender bərabərliyinin təminatı haqqında qanunu mövcuddur. Bu qanunda kişi və qadın bərabərliyi, onların bərabər hüquqa malik olması, bu hüquqlarının həyata keçirilməsinin bərabər təminatı, cəmiyyətdə bərabər sosial vəziyyətə malik olması müvafiq olaraq nəzərdə tutulub.
Hazırki mərhələdə 170-dən çox ölkə 1979-cu ilə qəbul edilmiş “Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiya”sına  qoşulub. Bu, qadının cəmiyyətdəki yeri və rolunun dərk edilməsi istiqamətində irəliləyiş deməkdir. Lakin, təəssüflə qeyd edə bilərik ki, hələ də bir çox ölkələr bu istiqamətdə heç bir addım atmayıblar və ya qismən atıblar. Son yüzillikdə qadınlar bir çox hüquqular əldə ediblər, lakin məsələ tam həllini tapmayıb. Dünyada elə bir ölkə yoxdur ki, orada qadınlar kişilərdən daha çox pul qazansınlar. Hətta eyni vəzifədə çalışmış olsalar belə, yenə də fərq hiss olunandır. Qadınlar dünya əhalisinin yarısını təşkil edirlər və təbii olaraq səhiyyə, təhsil, qazanc, siyasi hüquq və s. kişilərlə bərabər haqlara sahib olmalıdırlar. Ümumdünya gender araşdırmaları mərkəzləri hər il dünayada gender bərabərliyinin inkişaf səviyyəsi ilə bağlı hesabat hazırlayırlar. Hesabatlara əsasən demək olar ki, bu problem öz həllinin  daha çox Şimali Avropa ölkələrində qismən də olsa,  tapır. Bu ölkələr sırasında İslandiya, Finlandiya, Norveç, İsveç, Danimarka aiddir. Buna səbəb kimi müasir innovasiyaların, iqtisadiyyatın və yüksək həyat səviyyəsinin olmasını göstərmək olar. Amma heç də bütün Avropa ölkələrində durum eyni deyil, hətta pisə doğru dəyişim var. Amerika kimi demokratik bir dövlətdə də vəziyyət ürəkaçan deyil, yəni əslində Amerikada bu yöndə üstünlük var, amma yenə də Avropadan geri qalır. Hətta Mərkəzi Amerikada yerləşən balaca və kasıb Nikaraqua, Ruanda, kimi ölkələr gender bərabərsizliyi ilə daha effektiv mübarizə aparmağa nail olublar.

Aİ ölkələrinin idarəçiliyində nə qədər qadın təmsil olunur?

Avropa Statistika Qurumu (Eurostat) 2017-ci il üçün Avropa İttifaqı ölkələrində rəhbər vəzifədə işləyən qadınların faizini açıqlayıb. Eurostat-ın hesabatına görə, Aİ ölkələrində idarə heyətində işləyənlərin 35 faizi qadınlardır. 2014-cü ildə Aİ ölkələrində təxminən 7,3 milyon nəfər, ən azı 10 işçisi olan, müəssisələrdə idarə heyətində işləyir. Rəhbərlərin 65 faizini kişilər, 35 faizini isə qadınlar təşkil edir. Beləliklə, Aİ ölkələrində hər 3 rəhbərdən yalnız biri qadındır. Qadın rəhbər Latviyada 53 faiz, Bolqarıstan və Polşada 44 faiz, İrlandiyada 43 faiz, Estoniyada 42 faizdir. Türkiyədə qadın rəhbər nisbəti isə 26 faizdir. Lüksemburq, Belçika, Avstriya, Almaniya, İtaliya və Cənubi Kiprdə isə qadın rəhbərlər 25 faizdən azdır. Hesabata görə, qadınlar işləyənlərin yarısını təşkil etsələr də,  idarəetmədə kifayət qədər yerə sahib deyillər. Menecer kimi işləyən qadınlar isə kişilərdən orta hesabla 23,4 faiz daha az qazanırlar.

 

Azərbaycanda gender balans sahəsində  vəziyyət

Dövlət Statistika Komitəsinin 2018-ci ilin əvvəlində yaydığı məlumata görə, 10 milyona yaxın Azərbaycan əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir. İş yerlərinə gəlincə, ümumi təhsil müəssisələrində müəllimlərin 79,8 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin 65,7 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artıb. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16,1 faizə çatıb. İlk bələdiyyə seçkilərinə nisbətən, son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Halbuki, bu göstərici ilk bələdiyyə seçkilərində 4 faiz təşkil edib. Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2017-ci ildə 6,7 faizədək artıb.

Amma gender məsələsində müəyyən irəliləyişlər olsa da,  vəziyyət  o qədər də ürəkaçan deyil. Hər gün media üzərindən çoxlu sayda qadınların fiziki zorakılığa məruz qalması barədə xəbərlərlə rastlaşırıq. Azərbaycanda ən ciddi problemlərindən biri ailədə olan qadınlara qarşı zorakılıqların əksəriyyətinin çox zaman gizli qalmasıdır. Mentalitetimizdən irəli gələn səbəblərə görə Azərbaycan qadını ailədə məruz qaldığı zorakılığı açmır və nəticədə bu faktların statistikadan kənarda qalmasına səbəb olur.Təəssüf ki, onların əksəriyyəti öz elementar hüquqları barədə bilgisizdirlər və bu da çox narahatedici amillərdəndir.

Digər bir məsələ, qadınların sosial həyatda və idarəçilikdə  təmsilçiliyidir. Azərbaycanda qadınların hökumət orqanlarında təmsilçiliyi ilə bağlı kvota tətbiq olunsa da, bu sahədə çatışmazlıqlar, hələ də qalmadadır.  Ayrılan kvotaya qadınların rəqabət şəkilində gəlib çıxmaması, təsadüfi qadınların rəmzi olaraq vəzifələrə təyin olunması qadınların vəzifələrdə təmsilçiliyni ifadə edə bilmir. Azərbaycanda dövlət orqanlarında olduğu kimi sahibkarlığın, özəl müəssisələrin sayı artsa da, özəl sektorda qadın işçilərin sayı kifayət qədər olsa da, sahibkar qadınların sayı həddindən artıq azdır. Baxmayaraq ki,Azərbaycan qanunvericiliyi qadınların biznes sferasında fəaliyyətini məhdudlaşdırmır, onlara kişilərlə bərabər hüquqlar verir. Biznesin qurulmasından tutmuş hazır məhsulun satışına və vergi öhdəliklərinin ödənilməsinə qədər olan prosedurları tənzimləyən normativ aktlar hər  hansı ayrı-seçkiliyi qadağan edir. Qanunvericilik qadınların biznesdə fəallığını dəstəkləsə də stimullaşdırıcı tədbirləri nəzərdə tutmur. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan sonra qanunvericilikdə əmək fəaliyyətində, təhsildə, sosial və iqtisadi münasibətlərdə gender bərabərliyinin təmin olunması, hər hansı ayrı-seçkiliyə yol verilməməsi məsələləri əsas xətt olaraq götürülüb. 2006-cı ildən başlayaraq qanunvericilikdə qadın sahibkarlığının inkişafı ayrıca prioritet kimi götürülməyə başlanıb. 2006-2015-ci illəri əhatə edən Azərbaycan Respublikasının Məşğulluq Strategiyasına1 kiçik sahibkarlığın inkişafında gender bərabərliyinin təmin edilməsi ilə yanaşı qadın sahibkarlığının inkişaf etdirilməsi tədbirləri də daxil edildi. Nəticədə,  2012-ci ildə sahibkarlar arasında qadınların  çəkisi 17 faiz olubsa, 2017-ci ilin əvvəlində bu göstərici 21 faizə çatıb.

Müxtəlif beynəlxalq sənədlər və qlobal araşdırmalar əsasında təqdim olunan tədqiqat çərçivəsində qadınların səlahiyyətləndirilməsi ilə bağlı hazırlanmış indikatorlar əsasında qiymətləndirmələr Azərbaycandakı real vəziyyətlə bağlı aşağıdakı nəticələri ortaya qoyur:  BMT tərəfindən aparılan dəyərləndirmələr Azərbaycanda gender bərabərsizliyinin  kəskin olduğunu göstərir. Belə ki, təşkilatın tərtib etdiyi Gender Bərabərsizliyi İndeksinə əsasən, Azərbaycan gender bərabərliyi göstəricisinə görə 144 ölkə arasında 80-ci  yerdə dayanır. Dünya İqtisadi Forumu tərəfindən hazırlanan Qlobal Gender Fərqi İndeksinə görə isə,  son 10 ildə (2007-2017-ci illərdə) Azərbaycanda gender fərqlərinin azalması  müşahidə edilib. Belə ki, hesabata görə, 2007-ci ildə Azərbaycanın mövqeyi reytinqə daxil edilən ölkələrin 55%-dən yüksək olduğu halda, 2017-ci ildə bu göstərici 33% olub.

Təəssüflə qeyd edək ki, bəzən bu məsələdən manipulyasiya üçün də istifadə edilir. Əslində, gender sahəsində bənzər  çatışmazlıqlar dünyanın inkişaf etmiş ölkələrində də mövcuddur.

Bu gün dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan İngiltərədə belə qadınlarla kişilər arasında əmək haqqında 18 faiz fərqlilik var. BMT tərəfindən hazırlanan hesabata görə, dünyada gender balansı 68-32 nisbətində kişilərin xeyrinə dəyişilir. Öncələr isə bu nisbət 62-40 olaraq dəyərləndirilib. BMT hesabatına görə, Azərbaycan 144 ölkə sırasında gender bərabərliyinə görə 80-cı yerdə qərarlaşıb. Lakin bu,doğru olmayan bir yanaşmadır, yerli şəraitin, mental dəyərlərin öyrənilməməsindən irəli gələn haldır.

Şüşə tavan…

Ailə, Qadın, Uşaq məsələləri üzrə eksperti  İlahə Sadiqova bizə verdiyi müsahibədə qeyd edir ki, gender bərabərliyi anlayışı çətin, lakin öhdəsindən gəlinəcək bir problemdir. Bu problemin tarixi qədimdir. Adətən bioloji və sosial genderi bir-birindən ayıra bilmirlər. Cinsi ayrılığa görə diskriminasiya çox vaxt yaş, təhsil səviyyəsi, milliyyətçiliyə görə diskriminasiya ilə yanaşı addımlayır. Gender bərabərsizliyinin yaranması və səviyyəsi aşağıdakı faktlarla əlaqəlidir: 1. Cəmiyyətin inkişafı faktı ilə (demoqrafik, texnoloji, sosial-iqtisadi): 2. Cinsiyyət sisteminin düzəni (diskriminasiya faktoru) 3. Davranış faktoru, Sosial diskriminasiyanın kökü qədim zamanlara qədər gedib çıxır, belə ki, bir çox fəlsəfi və teoloji traktatlarda qadına münasibət zavallı bir varlığa olan münasibətlə eyniləşdirilib.

Ekspert Şəhla İsmayıl bildirir ki, bir çox sistemlərdə qadınlar üçün de-yure bərabər imkanlar yaradılsa da, de-fakto qadın gözə görünməyən maneələrlə qarşılaşır. Buna “şüşə tavan” deyilir. Həmin o “şüşə tavan”ı qadınlar yarıb keçə bilmədiyindən yüksək vəzifələrə qalxa bilmirlər. Bir çox müəssisələrdə qadınlar say etibarı ilə çoxluq təşkil etsələr də, kişilərin vəzifə sahibi olması qadınları həmişə bir növ «qara əməyə» məhkum etmiş olur. Beləliklə də, vəzifələrdə az təmsil olunan qadınlar sözsüz ki, öz maraqlarını və ümumən qadınların maraqlarını ifadə edə bilmirlər. Müəssisənin funksiyasından asılı olmayaraq, həmin müəssisənin mandatına uyğun olaraq öz hüquqlarını heç cürə təkmilləşdirə bilmirlər. Və bir çox vaxtlarda əlverişsiz şəraitdə işləməyə məcbur olurlar. Bir çox müəssisələrdə maaşlar bərabər olsa belə, reallıqda fərqli bir mənzərənin, qadınların daha çox iş gördüyünün şahidi oluruq.

Gender siyasəti və media

Avropa Şurası 21-ci əsrin prioritetləri sırasına gender balans mövzusunu da daxil edib. AŞ bu problemin həlli istiqamətində əməkdaşlıq edəcəyi komponentləri də müəyyənləşdirib. Bu komponentlər sırasına dünya ölkələrinin hökumətləri, parlamentləri ilə yanaşı, media da daxil edilib. Cəmiyyətdə gender streotiplərinin aradan qaldırılması üçün rol alacaq komponentlərdən biri də, məhz mediadır. Bəs media sahəsinin özündə gender balansın durumu necədir? Media eksperti, Jurnalistlərin Həmkarlar İttifaqının sədri  Müşfiq Ələsgərli  qeyd edir ki, medianın vasitəsilə bu məsələləri açmaq və cəmiyyəti buna təşviq etmək mümkündür. Media gender streotiplərinin aradan qaldırılmasına yardım edəcək ən yaxşı vasitədir: “Bunun üçün, ilk öncə medianın özündə gender durum barədə təsəvvür formalaşmalıdır. Təəssüf ki, bu işə  çox az jurnalist təşkilatı maraq göstərir. Məsələn, Jurnalistlərin Həmkarlar İttifaqı  (JuHİ) yeganə media təşkilatıdır ki, Azərbaycan mediasının  cins tərkibi barədə statistika hazırlayıb. Əldə etdiyimiz nəticə budur ki, jurnalistlərin ümumi sayının 45 faizini qadınlar təşkil edir. Amma buna rəğmən,  media sahibkarlığı və idarəçiliyində   xanimların sayı 10 faizə qədərdir. Qadınların önə, rəhbər vəzifəyə çəkilməsində stereotiplərin yaratdığı problemlər, ailə və karyera arasındakı seçim və s. səbəblər mövcuddur. Bu səbəblər aradan qaldırılmalıdır. Media cəmiyyətin öndə olan sahəsidir. Bu sahədə gender balans problemi aradan qaldırılarsa, digər sahələrə də təsir edəcək.

Ələsgərli qeyd edib ki, medianın gender balans mövzusunda verə biləcəyi ikinci töhvə, onun funksiyaları ilə bağlıdır: yəni maarifləndirmə və hazırlanan informsiyaların gender streotiplərindən azad olması”.

Qeyd edək ki, medianın funksinol faliyyəti ilə gender streotiplərin aradan qaldırılmasına yardım göstərməsi istiqamətində ciddi addımlar atılır. Məsələ ilə bağlı bizə müsahibə verən  Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarını yeniləyərək 34-cü prinsip daxil edib: «Yeni prinsipdə deyilir ki, jurnalist ayrı-seçkiliyə yol verməməli və gender bərabərliyi prinsipinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamalı və ya fərqləndirməməlidir. Gender stereotiplərini təbliğ etməməli, onlara qarşı mübarizə aparmalı və mediada qadınların və kişilərin pozitiv və gender stereotiplərindən azad imicini təşviq etməli, gender əsaslı zorakılıq hallarının mediada işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender əsaslı zorakılığı pisləməli və onun neqativ nəticələrinə dair cəmiyyətdə məlumatlığı artırmalıdır. Həmçinin, jurnalist cinsi  mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamalı, kişi və qadın jurnalistlərə bərabər hüquqlar, imkanlar təmin olunmalıdır”.

«Bu gün medianın müxtəlif sahələri – inkişaf edən sosial media, internet media, bundan əvvəl də televiziya, qəzet, radio var» deyən media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin qənaətincə,stereotiplər, doğrular, təbliğat və maarifləndirmə də topluma  media üzərindən  daha geniş çatdırıla bilir. Аmma KİV işçiləri özləri də fərqinə varmadan, (yaxud da reytinq öatirinə – red.) gender balansının pozulmasına gətirib çıxaran bəzi təhriflərə yol verirlər. Medianın birinci funksiyası xəbər vermək olduğunu xatırladan Ə.Məmmədli bizimlə söhbətində vurğuladı ki, baş vermiş qəza, yaxud olay haqqında xəbər başlıqlarında qadınların qabardılması yolveriməzdir. Belə ki, olayın təqdimatında ayrı-seçkiliyə yol verilir ki, bu da bərabər yanaşma prinsipini pozur, yaxud oxucuya səhv məlumat ötürülür.Məsələn; kişi sürücü”, “kişi həkim” demədiyimiz kimi, “ qadın sürücü”, “qadın həkim” kimi ifadələrin yersiz yerdə işlənilməsindən uzaq durmaq lazımdır.

Gender feminizmdən nə ilə fərqlənir?

Qadın, Uşaq və Ailə Problemləri üzrə Dövlət Komitəsinin Gender və Qadın Problemləri şöbəsindən Vəfa Ələkbərova deyir ki, feminizmlə gender anlayışları arasında yerlə göy qədər fərqlər var: «Sadəcə, belə bir stereotip formalaşıb ki, genderlə feminist düşüncələri üst-üstə düşən anlayışlardır. Əslində bu belə deyil. Təbliğatın yanlış aparılması insanları səhv yönəldir. Qadın hüquqlarının insan hüquqlarından ayrı götürülməsi, feminanın şüurlu surətdə insandan fərqləndirilməsi deməkdir. Qəribə təzaddır, onlar qadın hüquqlarına hörmətin artırılmasını istərkən, özləri də bilmədən qadını ümumi insan cəmiyyətindən ayırırlar. Qadının hüquqlarına ayrıca baxmağa başlayırlar. Yenə də dünyada gender hüquqlarından bəhs edilərkən, əsasən qadın hüquqları nəzərdə tutulur. Halbuki gender (“cins” deməkdir) hüquqları deyiləndə burada həm kişi, həm də qadın cinsindən olan insanların hüquqları nəzərdə tutulmalıdır. Azərbaycanda gender bərabərliyindən danışanda adətən qadınlar göz önünə gəlir. Bəs kişilərə qarşı cəmiyyətdə gender balansı pozulurmu? Azərbaycanda qadınların hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizdə 50-dən çox təşkilat var, amma kişilərin hüquqlarının qorunması ilə bağlı bir dənə də olsun quruma rast gəlmədim. Söhbət məişət zorakılığından gedirsə, həm qadınların, həm də kişilərin hüquqları qorunmalıdır».

Nəzirə Nurullayeva

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində “Gender hüququ: gender balansın stimullaşdırılmasında  medianın rolu” mövzusunda jurnalistlər arasında elan olunmuş msabiqəyə təqdim etmək üçün

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir