Sosium

Qrant savaşının “Mehman” mərhələsi… Yaxud bu etapın boz kardinalları

 

Son günlər Azərbaycana qarşı qərəzli mövqe tutan bir sıra Qərb  təşkilatları və onların ölkəmizdəki əlaltıları növbəti dəfə dövlətimizi hədəf alıblar. Dünyanın bir çox bölgəsində az qala hər gün baş verən  xoşagəlməz  hadisələrlə bağlı bir cümlə belə yazmayan,  jurnalistlərə tətbiq edilən təhdid və təcavüzə göz yuman məkirli qurumlar Azərbaycandakı ən xırda olayı şişirdərək, qanunsuz hərəkətlərinə görə, həbs olunmuş bloger Mehman Hüseynovu “jurnalist” kimi təqdim edərək rəsmi Bakıya təsir göstərməyə cəhd edirlər.

Əslində kimdir Mehman Hüseynov? Ölkəmizə tuşlanmış yeni şər-böhtan komandasının “hüquqları pozulmuş jurnalist“ kimi qələmə verdiyi bloqermi, yoxsa məlum şəbəkənin “fəaliyyəti“ üçün zaman-zaman lazım olduğu qurbanlardan biri…

”Qrant və şər şəbəkəsi”nin qurbanı, yaxud təcrübəsiz  uşağın qeyri-adekvat iddiaları

“thebusinesstimes.az“-a mövzu ilə bağlı açıqlama verən Mətbuat Şurasının sədr müavini,  Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyir ki, Mehman Hüseynov, sözün həqiqi mənasında uşaqdır, yaşı, təhsili, təcrübəsi iddialarına adekvat deyil: “Mehman Hüseynov yeni həbs ediləndə demişdim ki, o, kökü beynəlxalq mənbələrə bağlanan “Qrant və şər şəbəkəsinin” qurbanıdır. Bunu təsadüfdən deməmişdim: Azərbaycan ətrafında on illər boyunca oynanılan oyunlara, eyni zamanda Mehman Hüseynovun ailə üzvlərinin həmin dövrdəki açıqlamalarına əsaslanıb demişdim”.

Mehman Hüseynovun xəbər istehsalı sahəsində təcrübəsiz olduğunu deyən qurumun sədr müavini söyləyib ki, hazırladığı materiallarda hüquqi və etik çərçivələri gözləmir: “Bunu ailəsi də anlayırdı. Qardaşı Emin Hüseynov həmin vaxt mətbuat üçün müsahibəsində açıq mətnlə bildirirdi ki, “Mehman bir sıra hallarda çox ciddi səhvlərə, şişirtmələrə yol verir, ümumiləşdirmələrini makroskopik səviyyədə aparır. Çox mümkündür ki, onun ətrafındakılar Mehmanı davakarlığa, toqquşmaya sövq edirlər, onda eyforik durum yaradırdılar”. Bu açıqlamadan aydın görünürdü ki, Mehmanın ətrafında baş verənlərdən ailəsi də məlumatlıdır. Sadəcə onu qoşulduğu şəbəkənin əlindən alıb qoruya bilmirlər. Yuxarıdakı cümlələrin müəllifi olan qardaşı da bu gün həmin şəbəkələrin təsirindədir, “hazır mətnləri” oxuyur”.

M. Ələsgərli qeyd edib ki, özünü “beynəlxalq təşkilat elan etmiş”, reallıqda isə siyasi alətə çevrilən və Azərbaycana qarşı daimi qərəzli mövqe nümayiş etdirən təşkilatların ölkəmiz ətrafında fərqli oyunlar qurmağa çalışması ənənəsi yeni deyil: “Bu şəbəkənin üzvləri nəinki baş vermiş hansısa hadisədən istifadə edib anti-Azərbycan təbliğat qururlar, eyni zamanda, özləri müxtəlif təxribatlar törədirlər, qondarma hadisələr yaradırlar ki, “danışmağa söz tapsınlar”, ittiham etməyə əsas yaratsınlar. Bu, köhnə taktikadır və çoxdandır ki, ifşa edilib. Amma təəssüf ki, ifşa edilsələr də, əməllərindən əl çəkmirlər, yeni-yeni təxribatlar törədirlər, yeni-yeni qurbanlar hazırlayırlar. Mehman Hüseynov da onların sırasından bir qurbandır. Bu uşağın anlaqsızlığndan istifadə edib onu həvəsləndirirlər, təxribatlara çəkirlər və hərəkətləri ətrafında beynəlxalq kampaniyalar qururlar”.

“Çaşqınlıq yaranmasın deyə onu qeyd edim ki, beynəlxalq rəy Azərbaycana qarşı deyil, çünki bunun üçün əsas da yoxdur. Ortada bir qrup şəxsin və təşkilatların oyunu, bu oyunları hazırlayıb icra edən şəbəkə var. Şəbəkəyə prosesi maliyyələşdirən donor institutlardan başlamış, çeşidli ssenarilər hazırlayan institutlara, bu ssenariləri icra edən yerli QHT-lərə qədər çoxsaylı qurumlar daxildir. Bu oyunu çözmək, həqiqəti ortaya çıxarmaq lazımdır ki, əlavə heç kimsə onların qurbanına çevrilməsin”,- deyə qurum rəsmisi əlavə edib.

Üş tərəfin marağı

Ekspert bu kiçik və əhəmiyyətsiz bir olayın qabardılmasında üç tərəfin marağı olduğunu dilə gətirib: “Birinci tərəf Azərbaycanın daxilində olan qüvvələrdir. Onların məqsədi xarici təşkilatlardan qrant almaqdır. Qrant almaq üçün isə nəsə iş gördüklərini sübut etməlidirlər. O baxımdan Mehman mövzusu onlar üçün göydəndüşmə oldu. Məsələni qabardaraq “insan hüquqları” ilə məşğul olduqlarını sübut etməyə çalışırlar. İkinci tərəf dünyadakı erməni lobbisi və diasporasıdır. Ermənilər daim fürsət gözləyirlər ki, Azərbaycanla bağlı hadisə baş versin və bunun ucundan tutub getsinlər. Hətta nəsə olmasa belə, qəsdən mövzu tapıb şişirdirlər və beynəlxalq aləmə təqdim edirlər. Üçüncü maraqlı qüvvə isə beynəlxalq mərkəzlərdir. Məsələ ondadır ki, 2018-ci ildə istər Avropada, istərsə də Amerikada demokratiyanı alt-üst edən çox ciddi hadisələr yaşandı. ABŞ-ın aparıcı jurnalistlərindən biri – Camal Qaşıqçı tikə-tikə doğranıldı və ölkənin rəhbərliyi bu məsələnin üzərindən çox səthi keçdi. Donald Tramp CNN kimi nüfuzlu bir media qurumunun üzərinə yeridi. Həmçinin, ölkə ərazisində 5 jurnalist qətlə yetirildi. Təkcə ABŞ-da deyil, Avropanın aparıcı ölkələrində, Fransada, Almaniyada, Avstriyada, Polşada media ilə bağlı ciddi problemlər ortaya çıxdı. Mehman kimi yüzlərlə hadisələr yaşandı. Ancaq heç bir qurum reaksiya vermədi”.

Hesabat xətrinə uydurmalar

M.Ələsgərlinin sözlərinə görə, bir çox təşkilatlar illik hesabatlarını təqdim edirlər. O səbəbdən hesabata salmaq üçün müxtəlif materiallar axtarırlar:

“Təşkilatlar ABŞ-da, Avropada baş verən neqativ olayları qabarda bilmirlər. Çünki həmin dövlətlərdə fəaliyyət göstərirlər və onların maliyyəsini alırlar. Ona görə də çıxış yolunu uydurma hadisəni gündəmə daşımaqda görürlər. Məsələnin məğzi budur. Əslində beynəlxalq təşkilatlar Mehman Hüseynov məsələsini müsbət yöndə qabarda bilərdilər. Məsələn, deyərdilər ki, Azərbaycanda məhbusların hüquqları yüksək səviyyədə qorunur. Hətta könüllü olaraq bir gün yeməkdən imtina etmiş bir məhbusun belə hüquqları həssaslıqla qoruyur. Ancaq qərəz faktoruna görə, məsələni başqa konteksdə qiymətləndirirlər”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir