Sosium

Sağlamlıq keşikçilərinin məsuliyyəti – xocalılılar unudulmur

 

“Ötən il 14 min nəfərədək xocalılı pulsuz tibbi müayinədən keçirilib “.

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial siyasətin məntiqi nəticəsi olaraq son illər səhiyyənin də inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır, əlaqələri genişlənir. Bununla da dövlətimizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Bu da səhiyyə müəssisələrində çoxsaylı tikinti və yenidən qurma işlərinin aparılmasına və onların ən yüksək səviyyədə təchizatına imkan yaradır”. Bu fikirlər Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədova məxsusdur. Baş həkim ötən il göstərilən tibbi xidmətlə bağlı fikirlərini açıqayarkən qeyd etdi ki, ümumiyyətlə, rayonda bir mərkəzi xəstəxana (poliklinika şöbəsi ilə birlikdə), 4 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi xocalılıların sağlamlığının keşiyində dayanıb. Rayon səhiyyə obyektlərində 103 nəfərlik tibbi personal çalışır ki, onların da 85 nəfəri qadın, 18-i isə kişidir. Mərkəzi Xəstəxana Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşir və burada məskunlaşmış xocalılılara tibbi xidmət göstərir. Kərkicahan qəsəbə, Kosalar kənd həkim ambulatoriyaları Gəncə şəhərindədir. Bunlardan savayı Xocalı, Qaladərəsi, Həsənabad, Yaloba, Cəmilli, Cavadlar, Kosalar, Meşəli, Dərələyəz, Qaragav, Canhəsən feldşer-mama məntəqələrində də tibbi xidmətin yaxşılaşdırılması üçün mümkün variantlardan istifadə edilir. Rayonun səhiyyə müəssisələri 2018-ci ildə həm Xocalı RİH Aparatı Başçısının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin, həm də Mərkəzi Xəstəxananın iş planına uyğun olaraq, imkanları daxilində tibbi xidməti yaxşılaşdırmağa çalışıb: “Əhali arasında sanitariya maarifi işinin təşkili, sanitar-epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizənin yaxşılaşdırılması və s. istiqamətlərdə tədbirlər həyata keçirilib. Məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, eləcə də əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrində müxtəlif görüşlər təşkil edilib ki, bu da təbliğat nöqteyi-nəzərdən çox vacibdir. Rayon mərkəzi xəstəxanasının təşəbbüsü, Xocalı RİH-nin təşkilatçılığı ilə Gəncə şəhərindən dəvət edilən həkim briqadası ilə girgə dəfələrlə aztəminatlı ailələrin tibbi müayinəsi keçirilərək lazım olan xəstələrə ambulator və stasionar müalicə üçün köməklik göstərilib”. Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun, Milli Məclisin deputatı Elman Məmmədovun, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamyə Qarayevanın iştirakı və yaxından dəstəyi ilə ötən il 27 uşağa sünnət toyu keçirilib. Gəncə şəhərindən gəlmiş həkim briqadasının iştirakı ilə, aztəminatlı, şəhid ailələri və Çernobıl əlillərinin nəvələri də daxil olmaqla, 22 uşağa keçirilən sünnət mərasimini də bura əlavə etmək olar. Xocalılılar unutmurlar ki, belə xeyriyyə tədbirlərində xalqımızın tanınmış mədəniyyət və incəsənət ustaları və bəzi QHT rəhbərləri yaxından iştirak edir. Ötən il fevral ayının 15-dən mayın 15-dək 13118 nəfər xocalılı da kütləvi tibbi müayinədən keçirilib ki, bu da ümumi rayon əhalisinin 87 faizi deməkdir. Müayinə zamanı 1468 xəstə dispanser qeydiyyatına götürülüb ki, onlardan 1417-si ambulator, 51 nəfəri isə stasionar şəraitdə müalicəyə cəlb olunublar. Baş həkimin sözlərinə görə, Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə rayon səhiyyə obyektləri yolxucu xəstəliklərə qarşı da müntəzəm şəkildə profilaktik tədbirlər həyata keçirir: “Ötən il ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyləri münasibətilə səhiyyə müəssisələrində tədbirlər keçirilib, ağacəkmə kampaniyası təşkil olunub, eləcə də 179 uşaq peyvənd edilib. İl ərzində rayonun tibb müəssisələrinə 57200 nəfər müraciət edib. Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara dair, təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilib. İmtiyazlı xəstələrə Səhiyyə Nazirliyindən ayrılmış dərman və sarğı materialları hesabına tibbi yardım davamlı şəkildə göstərilib. Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilib. Aşkar olunan xəstələr dispanser qeydiyyatına götürülərək, lazımi tədbirlər həyata keçirilib. Uşaq bağçaları və məktəblərdə də tibbi müayinələr unudulmayıb, onlara tibbi yardım göstərilib, lazım olan dərman və sarğı materialları ilə təmin ediliblər”. Əlbəttə, bütün bunlar 27 il öncə doğma yurd-yuvasını itirməyə məcbur olan, ağır itkilərə və stresslərə məruz qalan xocalılılara dövlət qayğısının bir qismidir. Xatırlatmaq yerinə düşərdi ki, Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov həmçinin ictimai vəzifə olaraq son bir neçə ildir ki, tarmar edilmiş yurdunun həsrəti ilə, sadəcə, yaşamır, həm də düşmənə qarşı amansız mübarizədə ön sıralardadır. O, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi Gəncə Şöbəsinin sədri kimi fəal ictimaiyyətçidir. Son illər qardaş Türkiyənin müxtəlif bölgələrində “Xocalıya Ədalət” kampaniyasının təbliğatçılarından biri kimi görüşlərdə iştirak edir, amansız və məkrli daşnakların insanlığa qarşı yürütdüyü çirkin siyasətin ifşası ilə də məşğul olur.

Məhəmməd  NƏRİMANOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir