Sosium

MİLLİI BİRLİK NÜMAYİŞİ

Paytaxt Bakı fevralın 26-da “Xocalıya ədalət”- düşmənə nifrət çağırışlı insanların yürüş-mitinqinə darlıq edirdi

27 ildir ki, “dünyanın o başına kimi səpələnən” soydaşlarımızın dilinin əzbərinə, nənələrin ağı-bayatısına çevrilib tar-mar edilən, “tonqal”lara atılan ulu yurd yerimiz – Xocalımız. 
Dünən paytaxt sakinləri, eləcə də şəhərin qonaqları da Xocalı soyqırımının növbəti anım tədbirinə toplanmışdı. Azadlıq meydanından başlayan yürüş-mitinq Xətai rayonu ərazisindəki “Ana harayı” abidəsinə yol başlamışdı. Azərbaycan Prezidenti İlham Əliyevin, rəsmi dövlət orqanlarının, xarici ölkələrin respublikamızdakı diplomatik korpusunun nümayəndələrinin, həmçinin Milli Məclisin deputatlarının, dövlət və ictimai xadimlərin, ayrı-ayrı idarə və müəssisələrin, ali məktəb tələbə-müəllim heyətlərinin qatıldığı yürüş-mitinqin izdihamı həm də milli birliyin nümayişi anlamını verirdi.
Yürüş-mitinq iştirakçıları arasında şəhid Xocalının şahid xocalılıları da az deyildi. “Ana harayı” abidəsinin ətrafında göz yaşı axıda-axıda doğmalarının daşa həkk edilən adlarını axtaranlardan biri də Xalidə Hüseynova idi. Bu şəhid bacısı siyahıda 3 doğmasının – atasının, anasının və qardaşının adlarını tapır. Göz yaşları imkan verməsə də, birtəhər anladır ki, nə yaxşı, bir həftədən sonra doğmalarının meyitlərini meşədən tapıblar: “Onları Bərdənin Yeni Həyat kəndində torpağa tapşırdıq. Mərhum Milli Qəhrəman Çingiz Mustafayevin ağlaya-ağlaya çəkib göstərdiyi cəsədlərin arasında idilər. Budur, baxın, Hüseyn, Həsən, Ziynət, Yunis, Rəşid, Sədaqət…”
O gecə iki qardaşından əli üzülən Pərvanə Məmmədovanın isə itkiləri yalnız bunlar olmayıb: “…Qaynatam başda olmaqla, nəslimizdən o gecə 15 nəfər itirmişik.

Bu abidəni nə yaxşı ki, ucaldıblar

Dövlət başçısına, xocalılıların bacısı qədər çox istədiyi Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq ki, bu abidə qoyulub və şəhidlərimizin adı burada daşa həkk edilib. Bu, bizə bir təsəllidir, yoxsa hara ziyarətə gedə bilərdik ki? Xalqımız xocalılıların dərdinə illərdir ki, şərik çıxır, o gecə təklənsək də, Bu, bizə az təsəlli deyil. İnanırıq ki, Xocalının qisası alınacaq, torpaqlarımız azad ediləcək. Xocalıda doğulmayan uşaqlar o yerlərdə yenidən qurub-yaradacaqlar. Xocalının başı əzəlindən bəlalı olub: dolub-boşalıb”.
Solmaz İsmayılova 63 nömrəli tam orta məktəbin müəllimlərindən biridir. Xocalıda dünyaya göz açmış bu ana da 613 nəfərlik şəhid siyahısındakı adların arasından doğmalarını axtarıb tapır: Həmid və Tariyel Səmədov qardaşları. Solmaz xanım Həmid Səmədovun ömür-gün yoldaşıdır. Deyir ki, qaynı Tariyelin meyidini çıxarda bilməyiblər. Həyat yoldaşını isə Ağcabədinin Təzəkənd kəndində dəfn ediblər…
Gözüyaşlı analardan biri də Gülayə Orucovadır. 16 yaşlı balasını – Cavan Canan oğlunu o gecə itirib. Dörd gün meşədə gizlənsələr də, sonradan onları əsir alıblar. Gənc və yeniyetmə oğlanları onlardan ayırıb naməlum iistiqamətə aparıblar ki, ölmüş ermənilərin məzarı üstündə kəsəcəklər. Həyat yoldaşı ilə birlikdə minbir məşəqqətlər yaşadığı əsirlikdən qurtarıb gəlsələr də, oğlundan hələ də bir soraq ala bilməməsi onu dağlayır…
Mitinq-yürüş iştirakçıları arasında respublikamızın tanınmış ziyalıları az deyildi.

Teymur Kərimli (AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik):

– Respublikamızın ziyalıları, elm adamları adından xocalılılara səbr və təmkin diləyirəm. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqıqımının əsl mahiyyəti artıq üzə çıxır. Dövlət başçısı İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Xocalı soyqırımının dünyada tanıdılması və ona siyasi qiymət verilməsi istiqamətində böyük işlər görülür. Artıq dünyanın müxtəlif ölkələrində, diasporlarda, elm və təhsil müəssisələrində “Xocalıya ədalət!” şüarı altında tədbirlər keçirilir. Son 15 ildə bu tədbirlərin coğrafiyası genişlənir. Hazırda dünyanın 13 ölkəsi, o cümlədən ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülkü əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Bütün bunlar bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Xocalı soyqırımı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri olmaqla, Xatın, Liditsa, Qaradur, Srebrenitsa, soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı hadisədir.

Nəzirə Nurullayeva (“The Business Times” qəzetinin baş yazarı, jurnalist):

– Bilirsiniz, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş Sovet Ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. Çünki 27 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış, milli mənsubiyyətinə görə 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, eyni zamanda, çoxsaylı əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub.
Bu günlərdə ölkəmizin əksər bölgələrində, xaricdə olduğu kimi, o cümlədən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ombudsman Elmira Süleymanova, Ombudsman Aparatının, resurs mərkəzləri olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nümayəndələri iştirak ediblər.
Müvəkkil həmin tədbirdə geniş çıxış edərək, bu soyqırımından sonrakı illər ərzində hər birimizin ürəkağrısı ilə yaşadığını deyib, bu faciənin və erməni təcavüzünün ağır nəticələrinin olduğunu bildirib. O, bu işğal zamanı erməni millətçilərinin Xocalı şəhərindən başqa, Azərbaycanın Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də kütləvi qırğınlar törətdiklərini, Azərbaycan həqiqətlərinin, zəbt edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarımız barədə məlumatların dünyaya çatdırılmasının hər bir soydaşımızın vəzifəsi və borcu olduğunu söyləyib.
Xatırladaq ki, bir müddət əvvəl uşaqların öz müraciətləri ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə kütləvi imzatoplama kampaniyası təşkil edidi.

“Biz sülh elçisiyik! Bizə qoşulun!”

Bu devizlə aparılan ümumrespublika aksiyası çərçivəsində ölkəmizin müxtəlif guşələrində yaşayan və təhsil alan 310 mindən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların imzaları toplanıb, imza vərəqələri BMT baş katibinin müavini, uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə göndərilib və bu kampaniyada Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində Liderlik Məktəbi yetirmələrinin fəal iştirakı olub. Bütün bunlar Xocalı qətlimanının dünyaya təqdim edilməsində mühüm tədbirlərdəndir. Dünya artıq ermənilərin simasızlığını yavaş-yavaş anlamağa başlayır.

Vəsilə Məmmədova (Laçın rayonundan məcburi köçkün, kitabxana müdiri):

-Bəzi xarici ölkələrdə də Azərbaycan diasporunun təşkilatçılığı ilə Xocalı qətliamının 27-ci ildönümünə həsr olunmuş tədbirləri keçirldiyi barədə məlumatlar alırıq. Bu, təqdir olunasıdır.
Heç də təsadüfi deyil ki, artıq bu il Amerika Birləşmiş Ştatları, Kanada, Avropa ölkələri, Latın Amerikası ölkələri və Avstraliya da daxil olmaqla dünyanın 50-dən çox ölkəsində

Xocalı soyqırımının qurbanları yad edilir.

ABŞ tarixində ilk dəfə olaraq azərbaycanlılara məxsus olmayan qeyri-hökumət təşkilatları – Amerika Sefardlar Federasiyası, Amerika Müsəlmanları Liderləri İttifaqı fevralın 25-də Xocalı soyqırımı qurbanlarına həsr edilmiş geniş tədbir keçirəcəkdir. Fevralın 17-də ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Holokost Muzeyi və Təhsil Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Bununla yanaşı, ABŞ-ın Vaşinqton, Nyu-York, Bruklin, Boston, Solt Seyk Siti, Çikaqo və Meyn şəhərlərində, o cümlədən Florida Ştatında da Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirləri təşkil olunub”.

Aqil Məmmədov (Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi):

-Hazırda qardaş Türkiyədə Xocalı soyqırımının anım tədbirlkərində iştiurak edirik. Burada aldığımız məlumadan deyilir ki, fevralın 23-dən etibarən Kanadanın Toronto, Edmonton, Ottava şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirilir.
Türkiyənin İzmir, İstanbul, Kahramanmaraş, İğdır, Kayseri kimi şəhərlərində, Kocaeli vilayətində Xocalı mövzusunda konfrans, fotosərgi və s. tədbirlərin təşkil olunub. Bununla yanaşı, Gürcüstanda da fevralın 26-dək ölkənin Marneuli və Laqodexi rayonlarında, eləcə də paytaxt Tbilisidə Xocalı qətliamına həsr olunmuş yürüşün təşkili, məlumatlandırıcı bukletlərin paylanılması, sənədli və bədii filmlərin nümayişi etdirilib.
Xocalı qətliamının qurbanları Almaniya, Fransa, Belçika, Niderland, Avstriya, Finlandiya, Estoniya, Macarıstan, Serbiya, Latviya, Rumıniya, İsveçrə, Yunanıstanda da yad edilir. Fevralın 23-də Belçika Krallığının Brüssel şəhərində Lüksemburq meydanında keçiriləcək mitinqin də əsas şüarlarını “Xocalıya Ədalət”, “Xocalıya biganə qalma” kimi çağırışlar təşkil edilib.
Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Perm şəhərləri daxil olmaqla, 25-dən çox regionunda Xocalı soyqırımının ildönümünə həsr edilmiş müxtəlif formatlı anım mərasimləri keçirilir. Bundan başqa, Ukrayna, Belarus, Moldova, Tacikistan, Qazaxıstan, Özbəkistanda da faciə ilə bağlı xatirə gecələri, film nümayişi və sərgilərin təşkili, eləcə də beynəlxalq təşkilatlara etiraz bəyanatları göndərilib. 

Qeyd edilənlərlə yanaşı, İsrailin paytaxtı Tel-Əvivdə və Akko şəhərində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimlərinə minlərlə insan qatılıb və erməni vəhşilyi lənətlənib. Ümumilikdə 50-dən çox ölkədə, 100-lərlə şəhərdə 170-dən çox anım tədbirinin keçirilməsi barədə əlimizdə məlumatlar var.

Araz ƏHMƏDOV (İnternet Məzunlarının Sosial İnteqrasiya Gənclər İctimai Birliyinin sədri):

– Xocalı faciəsinin dünyada soyqırımı kimi tanınması üçün dünya azərbaycanlılarının da üzərinə çox böyük məsuliyyət düşür. Gəlin görək Vətəndən uzaqda yaşayan soydaşlarımız yetərincə bu faciənin dünya içtimaiyyətinə təqdim edilməsində fəallıq göstərirmi? Məncə, tarixin ən qəddarcasına törədilmiş kütlləvi terror aktına qarşı səsimizi artıq ucalda bilirik!
Xocalının qisasının alınması faciənin mahiyyətinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasından keçir. Buna görə də son illər dövlət başçısı İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” devizi ilə aparılan təbliğata verdikləri töhvə artıq nəticəsini göstərməkdədir. Xocalı, ümumiyyətlə, Qarabağ dərdlərində isə bu hisslər bizi daha çox birləşdirir. Həmin birliyin bu gün şahidiyik. Bu, işğalçı Ermənistana və haqqa göz yuman, ikili standartlardan xilas olmayan bir sıra beynəlxalq birliklərə mesajdır:

Biz Xocalıya dönəcəyik!  

Biz Qarabağımızın işğal altında qalmasına dözməyəcəyik. Buna hərbi, iqtisadi gücümüz və sıx birliyimiz də sübutdur! Bu gün hər bir azərbaycanlı özünü xocalılı hesab edir – kədərimizi, qəmimizi bölüşürük! Bununla biz ölkəmiz, müstəqil dövlətimiz, azad xalqımız və müqəddəs torpağımız üçün birgə mübarizə aparırıq.

Öz kiçik hekayə və nağılları ilə uşaqların sevimlisinə çevrilən Gülzar İbrahimova da ziyarətçilər arasında idi:

– Bu günə qədər Xocalı dəhşətlərinə susub, özlərini eşitməməzliyə, görməməzliyə qoyurlarsa, deməli, dünyamız dəryada səmtini azmış, yelkənsiz gəmiyə bənzəyir. Həyəcan dolu fəryadımızı ucaltdığımız günlərdən bizi az zaman ayırmır – 27 ildir! O zaman köməyimizə gələn olmadı! Bir gün xalqımız cana doyub qalxsa, erməni deyilən bir toplum, tayfa, azlıq, etnik kütləvi şəkildə ayaqlar altında qala bilər! Görəsən, onda da dünya susacaq?! Mədəni ölkədən belə hərəkətmi gözləyirlər?! Ona görə də dünya birliyi Xocalıya ədalət prizmasından yanaşmalı, Ermənistanın təcavüzkar siyasətinə cavab olaraq işğalçılara öz yerini göstərməlidir!
Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində bu haqsızlıq artıq dünya xalqlarının diqqətinə çatdırılır. Bu gün biz daha Xocalıya ağlamır, şəhid xocalılılara yas saxlamaqla yanaşı, onun fəryadlarını dünyaya bəyan edir və

Biz daha Xocalıya ağlamır, təcavüzkarı susdurmğa çağırırıq!

Zeynəb Dərbəndli, Dərbənddə yaşayan azərbaycanlı şairənin nifrinləri:

– Son illər faciənin ümumxalq mitinq-yürüş halında anılması Azərbaycandan uzaqda yaşayan azərbaycanlı kimi məndə belə bir inam yaradır ki, bu məsələdə artıq milli həmrəyliyə nail olmuşuq. Vətəndaşı olduğum Rusiyanın müxtəlif bölgələrində də Xocalı faciəsinin qurbanları anılır, məscidlərdə Qurandan ayələr oxunur, ehsanlar verilir. Bunu xalqımızın birliyi kimi dəyərləndirirəm. “Ana fəryadı” abidəsini ziyarət etməklə, mən də öz milli vətənpərvərlik hisslərimi xalqımla paylaşır, xocalılıların dərdinə şərik çıxıram. Şəhid bacılarının bu abidənin başına dolanmaları məni elə kövrəltdi ki, onlara qoşulub göz yaşımla adları daşa həkk olunan şəhidlərin ruhu qarşısında borclu qaldığımızı dərk elədim.

Tamella Kərimova (Bakı şəhəri Nərimanov rayonundakı 8 nömrəli poliklinikanın baş həkimi):

– Xocalı faciəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu yürüşdə Nərimanov rayonunun səhiyyə işçilərinin əksəriyyəti iştirak edir. Bu qanlı faciəni – soyqırımı unutmaq mümkün deyil. Xocalı faciəsində həlak olan hər bir insanın ruhu şad olsun deyirik. Əminik ki, Azərbaycan Prezidentinin uzaqgörən siyasəti sayəsində Xocalıda öldürülən, itkin düşən, girov götürülən, şəhid olan hər bir azərbaycanlının intiqamı alınacaq. YAP-ın poliklinika üzrə ilk təşkilat katibi Rafael Bayramov, həkimlərdən Arzu Səfərova, Amil Eyvazov, Svetlana Nəcəfova, Firuz Nağıyev, Sevinc Həsənova, Elzamə Hacıyeva və digərləri bu yürüşdə iştirkı özlərinə vətəndaşlıq borcu hesab edirlər. Qoy bütün bəşəriyyət səsimizi eşitsin, Azərbaycan torpaqları işğaldan azad olmalıdır, ədalət zəfər çalmalıdır!

Telman Musayev (Bakı şəhəri, Nizmai rayon sakini, ziyalı):

-Xocalı faciəsinin xalqımızın, insanlığın qan yaddaşına yazılmış ən dəhşətli hadisə olduğunu ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra anladıq. Soyqırımı zamanı Ermənistan silahlı qüvvələri, sovet-rus qoşun birləşməsinin 366-cı alayının iştirakı ilə milli mənsubiyyətinə görə yüzlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. Mən bu gün yaxın dostlarım Əli və Əlirza Abışovla birlikdə mitinq-yürüşə qoşulmağı özümüzə borc bildik. Xocalı faciəsi millətimizin qan yaddaşıdır. Biz bu günü heç vaxt unutmayacağıq.

Nurəddin Adıgözəlov (“Azərişıq” ASC-nin Sabunçu rayon enerji təchizatı və satışı idarəsinin müdiri):

– Xocalı faciəsi erməni vəhşiliklərindən ibarət, unudulması mümkün olmayan soyqırımıdır. Baş idarədə, eləcə də cəmiyyətin rayon şöbələrində anım günləri keçirmişik. Bu gün kollektivimiz boyük ürək ağrısı və qəsbkarlara qarşı qəzəb hissilə yürüşə qoşulub. Erməni vandalları bizm vətəndaşlarımızın – nənələrimizin, babalarımızın, analarımızın, atalarımızın, körpələrimizin, qardaş-bacılarımızın başına müsibətlər açıblar. Belə haqsızlığı nə dünya birliyi, nə də tərəqqipərvər insanlar heç vaxt bağışlamaz. Bu, bəşəriyyətə, insanlığa qarşı vəhşilikdir. Neçə ki Azərbaycan xalqı var bu tarix, haqsızlıq heç zaman unudulmayacaq. Biz inanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində şəhid Xocalı və digər Qarabağ torpaqları işğaldan azad olunacaq.

Məhəmməd NƏRİMANOĞLU,

Rəhman SALMANLI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir