Sosium

“AZADLIQ” RADİOSU VƏ BBC-NİN AZƏRBAYCAN XİDMƏTLƏRİ “SİYASİ KURSDA YENİLİK” EDİRLƏR

Əvvəllər, adətən,  ölkədaxili  müxalifətə və Avropadan yönləndirilən “söyüş kampaniyası”na  tribuna olan  bu xidmətlər, indi  də  Azərbaycanın qonşu olkələrlə əlaqələrini hədəf alıblar.

İki gün öncə xalqımız Xocalı faciəsinin 27-ci ildönümünü qeyd etdi.  Anım günü üçün hazırlanmış proqramlar Xocalı faciəsini   dünyaya yenidən   xatırlatdı. Prezident İlham Əliyevin izdihamlı yürüşə qatılması,   beynəlxalq təşkilatlardan müşahidəçilərin prosesi izləmələri, Rusiyadan olan deputatların,  politoloqların “Xocalı yürüşünü” müşaiyət  etmələri, “Xocalı hadisəsi soyqırım kimi qəbul edilməidir” bəyanatını səsləndirmələri   KİV-lərə araşdırma üçün zəngin materiallar verdi. Peşəkar  KİV-lər bu fürsəti dəyərləndirdilər. Maraqlı olan məqam Azərbaycanı diqqətlə izləyən, istənilən olayı tirajlayan  transmilli KİV-lərin, daha konkret desək,  “Azadlıq” radiosunun, BBC-nin,  “Amerakanın səsi”nin 26 fevral olayına yanaşmasıdır.

“Azadlıq” radiosunun Azərbaycan xidmətinin veb səhifəsində, xəbər lentində 26-28 fevral tarixlərinə aid 19 xəbər var.  Bunlardan 12-si  “Azərbaycanda  neqativləri” ehtiva edir. Qalanları  xarici xəbərlərdir. Xocalını anım gününə aid heç nə yoxdur. Alt kateqoriyada   2 “xəbər” var. Xəbər sözünü dırnaq arasında göstəməyim, əslində xəbərin olmaması ilə bağlıdır. Daha doğrusu, xəbərin yalnız adı var: “Bakıda Xocalı qurbanları yad edildi” başlıqlı yazını tıklayanda, ortaya yalnız Bakı yürüşünə  aid 4 şəkil çıxır.  Xocalı faciəsi, onun törənmə səbəbləri, hazırki durum, Bakıda keçirilən anım tədbiri, yürüş  barədə bircə cümlə də yoxdur ( https://eu0.proxysite.com/process.php?d=J8%2F8W5wifYep69FBMLT5QgyQlKB5aOzRsZs7RCtIeAz8Olo%3D&b=1 ). Hansısa oxucu anlamaq istəsə ki, Xocalı qətliamı niyə baş verib, onu kim törədib, hansı nəticələri doğurub, heç bir məlumat tapmayacaq. İkinci xəbər də “İlham Əliyev Xocalı abidəsini ziyarət elədi” adlanır. Burada da  heç nə yoxdur, sadəcə linki birinci “xəbər”ə yönləndirilib.

BBC radiosunun Azərbaycan bölməsinin veb səhifəsində də zahirən   2 “xəbər”  var.  Birincinin başlığı “Bu gün Xocalıda kimlər yaşayır?” , ikinci “xəbər”in başlığı  isə  “İsveçrə tələbələrinə Xocalı hadisələri “kvest yolu ilə tanıdıldı” adlanır. “Azadlıq” radiosunun taktikasını istifadə edib. Yəni, “Xocalı qətliamı niyə baş verib, onu kim törədib, hansı nəticələri doğurub” barədə bircə kəlmə də verilməyib. Təsəvvür edirsinizmi,   “xəbər”in müəllifi  BBC Azərbaycancanın  müxbiri Aleksey Manvelyandır. O,  2012-ci ildə çəkdiyi, Xocalıda yaşayan ermənilərin məişətinə dair videoçarxı yerləşdirib. Yəni, “Xocalıda Azərbaycanlı izi yoxdur, qırğın-filan olmayıb, burada yalnız ermənilər var” nəticəsi çıxır videonu izləyəndə  ( https://www.bbc.com/azeri/azerbaijan-47371598 ).

Azərbaycan  xalqı üçün, həmçinin, ümumilikdə Cənubi Qafqaz üçün ciddi nəticələr törətmiş Xocalı faciəsi,  bu 2  KİV üçün sanki yoxdur:  qətliam  niyə baş verib, onu kim törədib, hansı nəticələri doğurub, bu barədə heç bir məlumat yaymayıblar. Əgər Azərbaycanın dərdi-səri, taleyüklü problemləri, Azərbaycan xalqının başına açılan faciələr bunlar üçün maraqlı deyilsə, onda Azərbaycan dilində xidməti niyə yaradıblar? Haradadır  bunların obyektivlik, dəqiqlik, qərəzsizlik prinsipi? Günün bir saylı xəbərini görməzdən gələn quruma KİV demək olarmı? Təbii ki, yox. Amma bunlar özlərinə KİV deyirlər, həm də “Azərbaycan xalqına dost” olduqlarını iddia edirlər.    

Günün mövzusu olan Xocalı hadisəsinin əvəzində hər iki radio xidməti özlərinin veb səhifələrində,    baş xəbər yerində Saleh Rüstəmovun məhkəmə prosesi barədə məqalə  yerləşdiriblər.  Simvolik dəyişiklikləri nəzərə almasaq, hər iki saytda yerləşdirilən material eynidir.  Hər iki radio xidməti, yanlışlarla dolu olan materialı təkrarən yayımlayıblar. Dərhal hiss olunur ki, eyni mənbədə  hazırlanıb, hər ikisi də onu yayıblar. Təqribən  10 min komputer işarəsi həcmində olan material Saleh Rüstəmovun doğulduğu bölgədən başlayaraq məhkəmə zalına  gətirildiyi ana qədər təsvir verir. Göstərmək istəyiblər ki, hər şeyi detallı, “dəqiq” veriblər.  Amma deyil, dəqiqlikdən əlamət yoxdur. Əksinə, hadisənin mahiyyətini itirən əlavələrlə bəzədilib. Xocalının anım günündə Xocalı hadisəsinə bircə kəlmə yer verməyən hər  iki radionun Saleh Rüstəmov məsələsinə on min kəlməlik  yer ayırmasının səbəbi bir başqadır.  Zətən bu KİV-lərin fəaliyyəti həmişə “müstəqil və inkişaf edən Azərbaycan konsepsiyası” na əks olub.  Fəaliyyət tarixləri Azərbaycana  bağlı xəbərlərinin birtərəfli olması, qeyri-obyektiv, bəzən isə qərəzli yanaşma ilə zəngindir. Həmişə müxalifətin tribunası kimi çıxış ediblər. Eyni zamanda xaricdəki anti-Azərbaycan dairələr, söyüş kampaniyası aparanların ruporu kimi fəaliyyət göstəriblər. Bunda işimiz yox.  İndi diqqət çəkən məqam fərqlidir.   

Hər iki radionun yaydığı materialın, Saleh Rüstəmovun məhkəmə prosesinə dair xəbərin motivi budur ki, guya  Azərbaycanda rusiyalı biznes adamları təqib olunurlar. Bu motiv o qədər qabarıq verilir ki, məqalədəki digər informasiyaları kölgədə qoyur.

Tarixdə ilk dəfə Rusiya Dövlət Dumasının deputatları, Rusiyadan gələn siyasi və hərbi ekspertlər Xocalıya ədalət yürüşünü müşayiət edirlər. Deputat  Dmitri Savelyev bəyanat verir ki,  “Xocalı hadisələrinin Azərbaycan xalqının soyqırımı kimi tanınması üzrə işləri sürətləndirmək lazımdır”.

Rusiyadan olan nümayəndələr Bakıda keçirdikləri mətbuat konfransında Rusiyanın Xocalıda Azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanımalı olduğunu deyiblər.

Pralel olaraq, “Azadlıq” radiosu və BBC Azərbaycanda rusiyalı biznes adamlarının təqib edilmələri barədə kampaniya xarakterli məlumatlar yayırlar.  Bu, Azərbaycanın qonşu olkələrlə əlaqələrinə zərbə vurmaq üçün qurulmuş oyun deyilmi?  Kimsə deyər ki, Saleh Rüstəmov Azərbaycanlı olsa da, Rusiyada yaşayır, bəlkə ona görə Rusiya ilə bağlılığı qabardılır. Biz də elə düşünərdik, əgər BBC və “Azadlıq” 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən  Rusiya vətəndaşı  Dilqəm Əsgərov və  Şahbaz Quliyev barədə eyni mövqeni sərgiləsəydi. Baxın “Azadlıq” və BBC səhifələrinə, axtarın Dilqəm Əsgərov barədə məlumatları, görək nə tapacaqsınız. İnanırsınızmı ki,  “Rusiya vətəndaşı erməni silahlıları tərəfindən girov götürüldü” başlıqlı bir məqalə tapacağınıza?

Müşfiq Ələsgərli
(
https://alasgarliblog.home.blog)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir