Azərbaycan İslamı dünyaya sülh, mərhəmət dini kimi təqdim edir

0
43

İlham ƏLİYEV: “Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir”

İslam tarixində, öz qızıl əsrində insan birliyinin və mədəniyyətinin bütün sahələrinə töhfə verən və bəşəriyyətin hamisi kimi böyük rolunu vurğulayaraq, Bakıda mədəniyyətlərarası və konfessiyalararası dialoqa dair çoxsaylı vacib konfranslar keçirilir. O cümlədən “Bakı Prosesi”ni də keçirməklə  Azərbaycan bəşəriyyətin universal və ortaq dəyərlərinə hörmət bəslənilməsinin vacibliyini günün aktual məsələsi kimi gündəmdə saxlamağa səy göstərir.

Bəşəriyyətdə fikir ayrılıqlarını aradan qaldırmaq, eləcə də sivilizasiyaların toqquşması adlanan yanlış arqumenti ifşa etmək kimi şərəfli missiyanın önündə olan Azərbaycan bu gün müsəlman və İslam dünyasına örnəkdir. Bunu bir neçə gün öncə Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da  təsdiqlədi. Belə ciddi faktlarla beynəlxalq siyasi arenada özünün mövcudluğunu və sivil dünyanın demokratik dəyərlərini daim öndə tutan Azərbaycanın Qoşulmama Hərəkatına bu il rəhbərlik etməsi də təsadüfi deyil. Bununla biz inkişaf etməkdə olan ölkələrin və bəşəriyyətin üzləşdiyi məsələlərin həllində fəal iştirakımızı da təmin və təsdiqləmiş oluruq.

Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin buradakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini mayın 17-də  qəbul edən Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan İslam mədəniyyətini dünyada təbliğ etməklə bağlı çox böyük səylər göstərir. Bir çox konfranslar, sərgilər, təqdimatlar keçirilir və beləliklə, biz İslamı dünyaya sülh, mərhəmət dini kimi təqdim edirik.

Azərbaycan Prezidenti görüşdə İslam ölkələrinin bir-biri ilə  bütün sahələrdə, o cümlədən ticarət və turizmdə əməkdaşlığının genişləndirilməsinin vacibliyini diqqətə çatdıraraq bildirdi ki, sülh, dostluq və qardaşlıq şəraitində inkişaf bu günün vacib məsələlərindəndir: “Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır… Bildiyiniz kimi, müsəlman ölkələri ilə bizim çox sıx əməkdaşlığımız var. Siyasi sahədə fəal dialoq aparılır. ƏIbəttə, çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Müsəlman ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu məsələlər daim gündəlikdədir. Əlbəttə, biz çox istərdik ki, təmsil etdiyiniz ölkələrdən olan şirkətlər Azərbaycanda müxtəlif layihələrdə daha fəal iştirak etsinlər”.

Dövlət başçısı yeri gəlmişkən qeyd etdi ki, son vaxtlar Azərbaycanda turizmin inkişafı sürətlə gedir. Müsəlman ölkələrindən olan turistlərin ölkəmizə səfərlərində xeyli irəliləyişlər hiss olunur:  onların sayı ildən-ilə artır. İkitərəfli formatda əlaqələr uğurla inkişaf edir.Çünki bu əlaqələrin gələcək inkişafı üçün çox münbit şərait və imkanlar var.

Beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıq daha çox diqqət çəkir. Məsələn, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında  Azərbaycan İslam ölkələrindən daim qarşılıqlı dəstək görür. Bu dəstək ölkələr və xalqlarımız arasındakı əlaqələrin yüksək səviyyədə olmasının təzahürüdür. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir.

Azərbaycan Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müsəlman və İslam ölkələrinin səylərini daha da artırmağın vacibliyini vurğulayaraq, təcavüzkarın çirkin siyasətinin ifşasının zəruriliyini diqqətə çatdırdı: “Bildiyiniz kimi, Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu, beynəlxalq hüququn pozulmasıdır. Baxmayaraq, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etmişlər, əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər. BMT Təhlükəsizlik Şurası – dünyanın ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ancaq bu qətnamələr kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və Azərbaycanın ərazi bütövlüyü tam beynəlxalq dəstək alıbdır. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir. Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

 Azərbaycan Prezidenti xüsusi olaraq vurğuladı ki, respublikamız da öz növbəsində, beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İslam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət verən Azərbaycan bu istiqamətdə əməli addımlar atır. Azərbaycanda keçirilmiş çoxsaylı tədbirlər İslam həmrəyliyinin möhkəmlənməsinə  böyük töhfədir. Həmçinin İslam həmrəyliyinin möhkəmlənməsi gündəlikdə duran əsas məsələlərdəndir. Azərbaycan öz tərəfindən bu istiqamətdə çox ciddi addımlar atmaqdadır.

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül RƏHİM isə çıxışında qeyd etdi ki, doğrudan da Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilir.  Yaxın günlərdə Bakıda keçirilmiş V Mədəniyyətlərarası Dialoq Forumu da bu sıradan olan tədbirlərdən idi: “Biz hamımız bu müqəddəs ayda bizimlə görüşmək üçün dəyərli vaxtınızı ayırdığınıza, əsasını qoyduğunuz ənənəyə görə Sizə minnətdarıq və bu Sizin müsəlman ölkələrini və xalqlarını birləşdirən qardaşlıq əlaqələrinə dəstək və dayaq olmaq öhdəliyinizin bir təzahürüdür. Bu müqəddəs ayda müsəlmanlara sülh, həmrəylik ab-havasında bir araya gəlmək imkanı verilməklə İslamın xeyirxah dəyərlərinə çağırış edilir, fikir və ruh yüksəlir və bununla da sakitlik, sabitlik, mənəvi yüksəliş və xeyirxahlığa doğru birlikdə addım atılır. Beləliklə, hər birimizin içində zəiflərə və aztəminatlılara yardım etmək, qardaşlıqda və ortaq taledən agah olaraq bağışlamaq və qəbul etmək xüsusiyyəti oyanır…”

Səfir onu da bildirdi ki, nisbətən gənc Azərbaycan müstəqilliyin ilk illərində bir çox çağırışlarla üzləşdi, hansı ki, o zaman onların öhdəsindən gəlmək qeyri-mümkün görünürdü. Lakin, ölkə rəhbərliyinin müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan bu təhlükələrin öhdəsindən uğurla gələrək, müasirliyi qəbul edən və gələcəyə doğru sürətlə addımlayan bir ölkəyə çevrildi. Azərbaycan eyni zamanda, qürur hissi ilə öz qədim İslam irsini və mədəniyyətini də qoruya bildi.

Məhəmməd NƏRİMANOĞLU

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin