Əsas səhifə Köşə Koronalı günlərimiz…

Koronalı günlərimiz…

admin
12 Oxunub

III YAZI

Vahid MƏHƏRRƏMOV

Görək həkimlərimiz neyniyəcək də…

Koronovirus epidemiyaya, epidemiyadan pondemiyaya, pondemiyadan da Covid-19-a çevrilib dünya üzərinə hücum etməyə başlayanda bütün ağırlıqlar həkimlərin üzərinə düşdü. Sanki bu virus bütün dünya həkimləri üçün “Həyəcan” siqnalı çaldı, ölüm-dirim mübarizəsinə səslədi. Onlar üçün bu virusu zərərsizləşdirməkçox çətin və qəliz idi. Çünki onun qarşısını almaq üçün elə güclü, təsirli dəva-dərman tapılmamışdı. Dəva-darmansız da xəstəliyin qarşısını necə almaq, necə dayandırmaq olar axı? Virus da qapını kəsdirib əlində qılınc acıqlı-acıqlı “öldürərəm” deyib durmuşdu. Dərmansız-filansız olsa da bizim həkimlərimiz də qollarını çimrəyərək dünya həkimlərinəqoşulub, meydana atılıb başlayıblar gərgin mübarizəyə. Bu günlər sanki onlar həyatda ən çətin imtahanlarını verirlər.

Xəstəliklə ürəkdən mübarizə aparmaq üçün dövlət başçısı tərəfindən həkimlərimizin maaşları xeyli artırılıb. Yəqin buna görə onların kefi xeyli yuxarı qalxıb. Bu cümləni oxuyanda elə bilməyin ki, həkimlərimiz pulbazdırlar. Xeyr, xeyr elə deyil. Xahiş edirəm ki, onların barəsində bu cür fikirləşməyin. Əgər fikirləşmisinizsə ya onun üstündən yekə bir xətt çəkin, ya da fikirlərinizi geri qaytarıb format edin. Bizim həkimlər üçün pul o qədər də önəmli deyil. Əsas vacib Hippokrat babalarının andı və camaatın sağlamlığıdı. Pul ikinci, üçüncü, bəlkə də elə dördüncü məsələdi. Heç olmasa da olar. Onsuz da maşallah, maşallah sağlıqlarına qismət həkimlərimizin pulu az deyil, babat varlarıdı. Bax buna görə də həkimlərimizi çox istəməmək mümkün deyil.

Hərdən də fikir edirəm ki, birdən bu istək gözə gələr. Amma yox, ümid edirəm ki, yəqin gəlməz. Maşallah, gözəldən gözəl bir xanım həkim dostum var, onun xətrini lap çox istəyirəm. Bəlkə də dünyalar, bəlkə də planetlər qədər. Bimirəm o, bunu bilir,hiss edir, yoxsa yox? Bir az utancaq olmasam, qızarıb-bozarmasamürəyimi açıb onun içindən keçən arzu və istəkləri həkimə deyərdim. Amma hərdən də fikirləşirəm ki, qoy elə utana-utana istəməyimə, sevməyimə davam eliyim. Yəqin ki, özü onu çox istədiyimi nə vaxtsa, gec-tez  biləcək. Nə bilim bəlkə də onu çox istədiyimi hiss edib bilir, amma üzə vurmur. Yaxşı tərəfi də odur ki, utandıqca onu lap çox istəyirəm. Həftədə ya bir, ya da iki dəfə səsini eşidirəm bəsimdi. Çox istəyən, azdan da qalar məsələsindən yaman qorxuram. Yəqin ki bu sözü boş yerə deməyiblər. Deməli, nəsə burada, bizim də bilmədiyimiz şeylər var.

Amma belə bi söz də var də: “Ürək yaman şeyimiş!” Doğrudan da, yaman şeydi. Heç bu ürəyin gözü oradan-buradan yığışmır də! Nə qədər əlləşsən də, vuruşsan da onun nə əl-ayağını, nə də gözünü yığıb-yığışdırmaq olmur. Mahnılarımızın birində də gözəl bir söz də var: “Birinizin xətrinə hamınıza qurban mən olum!” Bu mahnıya hər dəfəqulaq asanda mən də xətrini dünyalardan da artıq istədiyim o gözəldən gözəl həkimə görə bütün həkimləri çox istəyirəm.

Koronovirusun qapımızın ağzını kəsdirdiyi bir vaxtda isə bu istək gündən günə artıb ürəyimin hər tərəfini zəbt eliyir. Amma gərək həkimlərimiz də işlərində diqqətli olsunlar də. Qayçılarını, bintlərini əməliyyat elədikləri xəstələrin gah qarnında, gah da mədəsində tərgitməsinlər. Xəstələrin kəsilməli ayaqlarını qoyub kəsilməməli ayağına bıçaq vurmasınlar.Allah həkimlərimizin köməkləri olsun, görək koronovirusla mübarizədə neyniyəcəklər də!Hər halda inanıram ki, onlar dünya həkimlərindən geridə qalmayacaqlar. Hələ bəlkə irəli də gedəcəklər. Hazırda bütün ümidlərimiz göydə Allaha, yerdə həkimlərimizədi.Təklif edirəm ki, gəlin həkimlərimizi ürəkdən alqışlayaq. (Alqış sədaları vərəqin səhifələrini bürüyür).

Bu yaramaz virus bəşəriyyətin qapısını döymədən, heç kimə xəbərdarlıq etmədən xəlvət-xəlvət, gizlin-gizlin dünya camaatının canına daraşanda, ağ ciyərinə soxulanda ümid edirdim ki, heç kim olmasa da, Amerika həkimləri onun gözünü qorxuzub, cilovunu möhkəmdən, özü də qəflətənçəkib durduracaq.Çünki həmişə eşitmişəm və oxumuşam ki, ABŞ-ın həkimlər çox bilikli və bacarıqlıdırlar. Elədikləri qeyri-adi, gözlənilməz, inanılmaz, Ginnes kişinin rekordlar kitabına düşməyə layiq və namizəd olan cərrahiyyə əməliyyatları ilə dünyanı heyrətə salıblar. Korono onların əlində elə zar-zar ağlayacaq ki, nətəri.

Amma bu günlərdə gördüyüm bir kadr bütün ümidlərimi öldürüb qəbiristanlığın girişində basdırdı. Tələsik olduğundan üstünə gül-zadda qoymadı. Ocür savadlı, bilikli hesab elədiyimiz, ümid bəslədiyimiz Amerika həkimləri dizlərini yerə qoyub bu bəlanı sovuşdurmaq üçün Tanrıya yalvarırdılar. İki-üç universitet qurtarmış, xeyli yekə-yekə ad-san qazanmış həkimlər də bu virus qarşısında aciz qalmışdılar. Onların dizlərini yerə qoyub Allaha yalvarmaları bir anlıq gözlərim qarşısına Amerikalı əsgərlərin dizlərini torpağa atıb Tanrıya üz tutan İraqlı hərbçilərin başlarını kəsmələri gəldi. Hələ mən ABŞ hərbçilərinin Əfqanıstanda, Suriyada və dünyanın başqa-başqa yerlərində elədiklərini faktlarla yazıb virusun tüğyan etdiyi, fırtına qoparıb dünyanı bürüdüyü vaxtlarda camaatın qanını qaraltmaq istəmirəm. Bəs amerikalılar bu dəhşətli hadisələri törədəndə bilmirdilərmi ki, bütün bunlar Allaha acıq gedəcək. Və bu haqsızlıqlara, qansızlıqlara və dəhşətlərə görə heç kim Tanrı cəzasından yaxa qurtara bilməyəcək. Bütün bunlara baxmayaraq, ümid edirik ki, tanrı mərhəmətlidi və bağışlayandır. Həmişəki kimi bu çətin günlərdə də ona üz tutan insanların, yaratdığı bütün bəndələrinin dualarını eşidəcək, onlara kömək edəcək.

Virusu kim yaradıb?

Koronovirus ötən ilin dekabrındaÇində peyda olub camaatı qırıb-çatmağa başlayanda hamını iki-üç dənə nataraz, yekədən yekə sual düşündürürdü: “Görəsən, gözünü yumub, “Dədəm mənə kor deyib gəl gedəni vurdeyib” – söyləyə-söyləyə adamları bir ucdan “of” eləmədən, yazığı gəlmədən öldürən virusu kim yaradıb, harda yaradıb, niyə yaradıb?” Bu suallara hərə başının çıxdığı, biliyinin yetdiyi, şüurunun çatdığı qədər cavab verirdi. Gah deyirdilər bir qadın yarasanı bişirib yeyəndən sonra bu virus əmələ gəlib. Sonra da yavaş-yavaş çoxalıb dünyaya yayılaraqcan almağa başlayıb. Yəni ki, virusu qadın yaradıb, bu işə baiskar, günahkar odur. Bu barədə nə qədər çox deyib danışsalar da, nəsə heç ağılkəsən işə oxşamırdı. Nəsə mən bu yayılan dedi-qodulara inanmadım, eşidən kimi srazı şübhə ilə yanaşdım. Fikirləşdim ki, ey dili qafil, bəlkə bu xəbəri dünyada qadınları gözdən salmaq üçün yayıblar. Nə oldu, bir yarasadan bu qədər virus əmələ gəldi? Yarasanın nə boyda bədəni var ki, ora dünyanı lərzəyə salan saysız-hesabsız virus yerləşsin! Allah eləməmiş kimi kimlərsə bundan sonra bəşəriyyətin qəsdinədurmaq istəsə, əziyyət və xərc çəkib bomba, raket-maket hazırlamasınlar. Eləcə, gedib adama iki-üç yarasa bişirib yesinlər və yer üzünün bütün insanlarını məhv etsinlər. Düzdür ee, bu yarasa da elə fərli bir quş deyil. Ümumiyyətlə, mən bilən heç o quş deyil. Deyilənə görə xalis bayquş da deyil, sadəcə olaraq uçan siçandır. Prosto qanadı olduğuna görə gəlib başın soxub quşların arasına, çöldə qalmış arxasından xəbəri yoxdu. Həm də axı onun yeməyə, dişə vurulmağafərli bir əti də yoxdu ki, yeyəsən. Çəkisi də olar üç yüz qramdan iki-üç qram ya bir az çox,ya da bir azca az. Deməli, bu variant həqiqətin heç həndəvərinə də yaxın düşə bilməz. Ona görə də bu məsələyə bir daha qayıtmamaq şərti ilə onun üstündən yekə bir xətt çəkirəm.

Bu variant işə yaramayandan sonra dedilər ki, guya bu virusu Amerika Çin iqtisadiyyatını çökdürmək üçün yaradıb. Yaradıb ki, dünyanın başqa ölkələrinə barmağını silkələsin, öz iqtisadiyyatını inkişaf etdirib bir az da varlanıb pullansın, üst-üstə yığdığı dollarının sayını artırsın. Amma sonra virus ABŞ-ın özünü də cənginə alıb camaatını öldürəndə gördülər ki, yox, bu virusu Amerika yaratmayıb. Bu variant da yalan çıxıb özünü doğrultmadı. Axı hansı dövlət istəyər ki, virus yaratsın, sonra da o yavaş-yavaş gəlib onun vətəndaşlarının xırtdəyinə çöküb öldürsün. Bu virus Amerikadan da yan keçdi başqa adamlara, ayrı ölkələrə.

Sonra yavaş-yavaş bu məsələdə Rusiyanın da adı hallanmağa başladı. Dedilər ki, guya bu virusu dünyaya ruslar yayıblar. Özü də bunu heç kim yox, bir vaxtlar Putinin dostu olmuş, hazırda isə Amerikada yaşayan pullu-paralı birisi deyib. Yalan-gerçək osöyləyib ki, bu işin başında Rusiya dayanır. Bu nəhəng ölkənin Novosibirskdə yerləşən yekə bir “Vektor” labarotoriyası var. Keçən ilin payızında orda yaman güclü partlayış olub. “Vektor”dakı həkimlər Çinin Uohan vilayətində hərbçilərin beynəlxalq yarışlarında iştirak edə-edə bu virusu dünyaya yayıblar.

Bu mövzu ətrafında oturub xeyli fikirləşirsən və baxıb görürsən ki, nədirsə bu virusa bir yiyə duran yoxdu. O bunun, bu da onun üstünə atır. Bu gün dünyada bax belə bir athaat, tuthatut var. Sahibsiz, yiyəsiz qaldığına görə qaçıb özünü saldı dünyanın şəhərlərinin üstünə. Yazıb nəzərinizə çatdırım ki, bu versiyalardan sonra da bəzi ağzıgöyçəklər dedilər ki, guya bunu çinli bir professor yaradıb. Amma işini axıra qədər görüb qurtarmamış virus yarı-yarımçıq sözə baxmayan uşaqlar kimi qəflətən gözdən yayınaraq laborotoriyadan küçəyəqaçıb.Oradan da sürətlə yayılıb dünyanın ölkələrinə, ölkələrin də şəhər və kəndlərinə. Əgər deyilənlər doğrudursa, deməli, dünya bir professorun zibilinə düşüb. Deyillər ki, guya artıq onu həbs ediblər. Diqqətinən baxanda bu variant da inandırıcı görsənmir. Professor olasan, insanları öldürən virus hazırlıyasan, sonra da maymaqlıq eliyib küçəyə buraxasan.

Amma iki-üç gün əvvəl qəzetlərdə bu mövzuda yeni məlumatlar oxudum. Amerikanın dövlət katibi yenə də Çini ittiham edirdi. Deyirdi ki, bu koronavirus Uohan vilayətindəki laboratoriyadan dünyaya sızıb. Hadisə burada işləyən mütəxəssislərin səhvi, naşılığı və məsuliyyətsizliyi ucbatından baş verib. Guya Amerikanın əlində bunu sübut edən çoxlu dəlil və sübutlar da var. Ya vəlvələdən, ya da zəlzələdən dünya bu gün virusun əlində əsir-yesir qalıb. Gün ərzində yer üzündə neçə-neçə adamlar Covid-19-un qurbanına çevrilir. Hər gün bir-birindən ağrılı və üzücü xəbərlər eşidirik. Virusun Çindən yayıldığını eşidəndən sonra Tramp bu ölkəyə qarşı 3 milyard dollarlıq iddia qaldırmaq istəyir. Deyir ki, Çin törətdiyi bu səhvə görə bütün dünya dövlətlərinə konpensasiya ödəməlidir. Rəsmi Pekin isə qorxub eləmədən kişi kimi deyib ki, Amerika yalan danışır. Əgər əllərində dediklərini təsdiq edən dəlil və sübutlar varsa açıb qoysunlar ortalığa. Yox əgər əllərində belə faktları yoxdursa, kirimişcə otursunlar yerlərində.

Ötən müddət ərzində nə bir köpək oğlu, nə də bir köpək qızı virusu yaradıb dünyaya buraxdığını boynuna götürmədi. Nəzarətsiz, sahibsiz qalan virus da getdikcə qudurub özündən çıxır, dünyanın bütün ölkələrinə yayılır. Yerdə karonaya sahib çıxan olmadığından axırda onu aparıb bağladılar göyə. Dedilər ki, guya insanlar yolunu azdıqlarına və yaramaz hərəkətlər etdiklərinə görə Tanrının qəzəbinə tuş gəliblər. Hələlik fikirlər bu istiqamətə cəmlənib. Çoxları bu varianta daha çox inanırdılar. İnana-inana da deyirdilər ki, son vaxtlar insanlar özlərindən yaman çıxmışdılar. Kişilər bir-biriləri ilə evlənirdilər, qadınlar bir-birinə ərə gedirdilər. Daha nə bilim nələr və nələr…

Son günlər dünyada  baş verənləri ağlımızın süzgəcindən keçirəndə, bir anlıq beynimizi itiləyib fikirlərimizi işə salanda görürük ki, hakimiyyətdə olan səlahiyyətli insanlar varlanmaq, çoxlu pul qazanmaq üçün dəridən-qabıqdan çıxırlar, bir-birilərinə zülm edirlər, qan tökürlər, baş kəsirlər. Hələ aradabir bir-birilərini aldadıb kələk də gəlirlər, quyuya da salırlar. Erməni qəsbkarlarının bizim əsirlərin, amerikalıların İraq əsgərlərinin başlarını kəsməsini, İŞİD-in adamları dəmir barmaqlıqların içinə salıb diri-diri yandırması və ağrı-acılarla dolu başqa səhnələr hamımızı dəhşətə gətirirdi. Təbiidir ki, heç kim görməsədə, heç kim bilməsədə Tanrı bunu görür və bilirdi. Qan tökən cinayətkarlar həmin anlarda o qədər azğın olurdular ki, Allahın varlığını belə unudurdular, insanlığı yaddan çıxarırdılar. İnsanlardan fərqli olaraq  uca Tanrı heç nəyi unutmur və qəzəbini gec-tez müxtəlif işarə və əlamətlərlə bildirir. Yeyib içə-içə, pullana-pullana quduraraq özlərini hər şeyə qadir bilənlər yalnız gəlib belə çıxılmaz bir bəlaya düçar olanda Allahıyada salırlar. Onda da indiki kimi gec olur. Düçar olduqları bəlaya əlac tapa bilmirlər. Kaş ki, belələri heç olmasa, bugünkü dəhşətli hadisələrdən, insanlığın az qala məhvindən, yer üzündən silinməsindən ibrət dərsi götürsünlər. Bir daha qan tökməsinlər, baş kəsməsinlər, insanları amansızlıqla öldürməsinlər. İnandırıram ki, sizi onda dünyamız lap qəşəng olar, heç virus-zad ürək eliyib bizə hücum çəkməz. Amma yer üzündə şuluqluq salanda, Tanrını, onun “Quran”ını, o biri kitablarını yaddan çıxaranda başımıza bu cür faciəli hadisələr gələr. Necə ki, indi insanlar bir zamanlar törətdiklərinin ağrı-acılarını yaşayırlar.

(Ardı var)

Rəy bildir

9 − two =