Əsas səhifə Mədəniyyət Xatırlandıqca xatırlanan xatirələr…

Xatırlandıqca xatırlanan xatirələr…

admin
12 Oxunub

(Esse)

Sağa-sola burulan yolların sonu görünmür, göz işlədikcə uzandıqca hey uzanıb gedir. Radio dalğalarında səslənən həzin musiqi maşının salonunu doldurduqca ondan zövq alırıq. Elə bil musiqi də yollarla həmahəngdi – o da bitib-tükənmək bilmir. Qulaq asdığım mahnının ritmi ilə bərabər sözləri də təsirli və düşündürücüdü. Müğənni yanıqlı səsi ilə reallığı əks etdirən bu misranı təkrar-təkrar oxuyur: “Sevgi bitəndən sonra xatirələr başlayır… ” Mahnını dinlədikcə düşünürsən: doğrudan da həyatda hər şey keçəridir. Əbədi qalan isə yalnız həyatımızın ötən illərini içində yaşadan acılı-şirinli xatirələrdir. Qəlbimdə nostalji hisslər oyadan bu kövrək və həzin musiqini dinlədikcə xatirələr bir anlıq əlimdən tutub məni səssiz-səmirsiz ömrümün ötən çağlarına, yaşadığımız acılı-şirinli günlərə aparır. Gözəl musiqiyə qulaq asdıqca, şirin xəyallara daldıqca hiss edirəm ki, sanki saflaşır, təmizlənib paklaşıram…

Anlarını, dəqiqələrini yaşadığımız bu günlər sabah-birisigün yaddaşlara hopduqca yavaş-yavaş xatirəyə çevriləcək. Ömrümüzün günləri ötüb arxada qaldıqca xatirələrimiz də bir yerə toplanır, üst-üstə qalaqlanır. Yavaş-yavaş xatirə kitabımızın vərəqlərinin sayı artır, həcmi genişlənir. Həyatımızın darıxdırıcı anlarında keçmişimizdə baş verənləri yada salmaq, gözlərimiz önündə canlandırmaq istəyəndə, dünənə boylanıb xatirələr boğçasının ağzına vurulmuş düyünləri yavaş-yavaş açırıq. Bir anlıq da olsa, yaşadığımız acıları unudub həyatımıza şirinlik qatmağa çalışırıq. Könlümüzün xatirə çələngini qəlbimizin ən mübhəm, ən isti, ən ilıq guşəsində saxlayırıq –  çünki çox doğma, çox əziz və çox qiymətlidi. Ona görə də həmişə xatirələrimizi zamanın şaxtasından, qırovundan qorumağa çalışırıq. Onlar gün-gün vərəqləndikcə, həftə-həftə ələndikcə, ay-ay sıralandıqca xatirələrin izi ilə yaddaşımızın lap dərin qatlarınacan gedib çıxırıq.

Görəsən belə əzizləyə-əzizləyə qoruduğumuz xatirələrimiz hansı rəngdədir? Ümumiyyətlə, xatirələrin rəngi varmı? Əgər varsa, hansı rəngdə olur? Başqa rəngləri deyə bilmərəm, amma onların rənginin ya ağ, ya da qara olduğuna tam əminəm. Yəqin ki, kədərli xatirələr solğun və rəngsiz olur. Yaşadığı ömrü boyu insanın yaddaşında daha çox iki cür hadisə qalır: yaxşı və pis. Yəqin ki, yaxşı hadisələr ağ rəngdə, kədərli hadisələr isə qara rəngdə yaddaşımıza yazılır. Bəlkə də, daha xoş keçən günlərimiz qırmızı rəngdə olur.    

Qəlbimizin dərinliyinə hopmuş rəngli və rəngsiz, ağlı-qaralı xatirələrin bəzilərini yada salanda üzümüzə təbəssüm qonur, qəlbimizə düşən işıq seli ürəyimizin qapılarını bir az da geniş açır. Xoşbəxt günlərimizi gözlərimiz önündə yenidən canlandırmaq üçün onların qanadlarının üstündə keçmişə dönürük. Xatirələrimiz yaddaşımızda qımıldanıb tərpənməyəndə sanki özümüz də özümüzə yadlaşırıq. Özmüz-özümüzü tanıya bilmirik. Bəzən isə xatirələrimiz o qədər kövrək olur ki, yada düşəndə kədərlənirik, gözlərimiz nəmlənir, yanaqlarımızda şeh damcılarına bənzəyən yaş gilələnir. Elə xatirələr də var ki, heç onun səmtinə nə əl uzadıb qapısını döymək, nə də üz-gözünə baxmaq istəyirik. Sanki kövrələcəyimizdən, qəlbimizə qəm dumanı çökəcəyindən qorxuruq.

Sevgi ilə bağlı pünhan xatirələrimizin bəzi məqamlarını hamıdan daldalamağa çalışırıq. Onların üstündən pərdənin götürülməsini istəmirik. İstəmirik ki, onları kimsə görsün, kimsə bilsin, kimsə duysun. Nədənsə, sevgi ilə bağlı olan xatirələrimizin həmişə mürgülü qalmasına üstünlük veririk. Sanki bu xatirələrin gözü açılsa, oyansa dünya yerindən oynayıb alt-üst olacaq, qiyamət qopacaq. İsrafil də bala-bala Sur düdüyünü çalmağa başlayacaq. Bundan sonra da aləm bir-birinə qarışacaq. Keçmiş həyatımız kədər və sevinclə yüklənmiş xatirələrlə birlikdə üstümüzə aşacaq.

İstedadlı şair Nüsrət Kəsəmənli şeirlərinin birində mürgülü xatirələrlə bağlı hisslərini necə də böyük həssaslıq və ustalıqla ifadə edib:

…Getmək istəyirsən bəhanəsiz get,

Oyatma mürgülü xatirələri.

Burada diqqət çəkən məqam odur ki, şair sevgilisindən yatmış xatirələri yox, məhz mürgülü xatirələri oyatmamağı rica edir. Çünki mürgülü xatirələr daha həssasdır, çox üzüyoladır, onun oyanıb gözlərini açması kiçik bir himə, işarəyə bənddir. Şairin ürəyindən keçir ki, elə o xatirələr həmişə mürgülü qalsın. Nə dərin yuxuya getsin, nə də oyanıb gözlərini açsın.

Bizim üçün əziz olan xatirələri axar çaya da bənzətmək olar. Çünki o da su kimi yorulmadan, dayanmadan axdıqca axıb gedir. Axdıqca da hər gün ömrümüzün zərrələrini qabağına qatıb özü ilə götürüb üzü keçmişə aparır. Zərrələr birləşib çoxaldıqca, artdıqca çay daha da gurlaşır, daha güclü və sürətli axır. Axa-axa uzun yol keçib sonda dənizlərlə qovuşur. Burada ayaq saxlayır, sakitləşir, rahatlanıb dərindən nəfəs alır. Beləcə, üst-üstə yığılan xırda damcılardan  xatirələr dənizi yaranır. Belə gözəl və təravətli dənizin ərazisi getdikcə genişlənir, dərinləşib böyüyür. Bu dənizdə üzdükcə hey üzmək istəyirsən.   

Bəs görəsən insan nə vaxt, ömrünün  hansı aşırımında xatirələrinə tərəf boylanmaq istəyir? Buna həyatının hansı pilləsində ehtiyac duyur? Çox güman ki, yaşa dolanda, qocalığın mehi üzünə vuranda bu fikrə düşür. Etiraf edək ki, cavan, gənc və gümrah olanda heç xatirələr adamın yadına da düşmür. Bu barədə düşünmək belə ağlımıza gəlmir. Heç onu vecimizə də almırıq. Çünki o çağlarda göylərdə uçan xəyallarımız yerə enmək istəmir. Cavanlıq təravəti ilə nəfəs aldıqca özümüzü həyatın qaynar qoynunda çox rahatcana hiss edirik. Sanki yaşadığımız bir-birinə bənzəməyən günlərimizi vərəq-vərəq sabahkı xatirələrimizin üstünə toplayırıq. Toplayırıq ki, xatirələrlə dolu olan boxçamız daha da zəngin olsun, ömrümüzün çəkisi daha da ağır gəlsin, mənası artsın.

Bir az yaşlaşanda, övladlardan, nəvələrdən uzaq olanda, yalqızlaşanda, xəstə yatanda xəyallara dalıb ötənləri düşünmək zorunda qalırıq. Çətin günlərində, kimsəsiz anlarında, kövrək dəqiqələrində xatirələr yadımıza düşüb bizimlə yol yoldaşlığı edir. Bizi darıxmağın, sıxılmağın əlindən alıb əzablarımızı az da olsa yüngülləşdirir. Tənhalığın üstünə işıq salır, su səpir. Bu  anlarda xatirələr bizi sehirli qanadlarının üstünə alıb zamana meydan oxuya-oxuya atını üzü keçmişə tərəf çapdıqca çapır. Belə qarmaqarışıq anlarımızda xatirələr hamımıza qol-qanad verib yaşamağa ruhlandırır. Bizə ürək-dirək  verərək, sabahkı yollarımıza ümid işığı salır, gözlərimizə nur çiləyir. Bəzən isə xatirələr həm də qəlbimizdə keçmişlə gələcəyi qovuşdurur, onlar üz-üzə dayanıb bir-birinə gülümsəyirlər.

Xatirlərin qapısında qıfıl olmadığından istədiyimiz vaxt ora maneəsiz daxil ola bilirik. Bunun üçün nə xüsusi bir kod, nə hansısa bir parol, nə də hansısa bir keçid kartı tələb olunmur. Qapısı açıq olsa da xatirələrimizin sığındığı yaddaş boxçasına özümüzdən başqa kimsə əl uzada bilmir. Oradan yolunu salmağı heç kim bacarmır. Çünki hər kəs öz xatirələrinin sahibidir, öz xatirələrinin keşikçisidir.     

Görəsən, xatirələrin dadı, tamı necə, varmı? Çox güman ki, var. Olmasaydı, xatirələri acılı-şirinli kimi ayrı-ayrı hissələrə bölməzdilər. Acı xatirələr bizə kədər, şirin xatirələr bizə sevinc aşılayır. Məncə xatirələrsiz yaşamaq çox çətindir. Çətin olduğu qədər də darıxdırıcı və üzücüdür. Xatirələrsiz sanki həyatımız rəngbərəng olmur, günlərimiz cansıxıcı keçir. Onlardan başqa bizi heç nə ovutmur, bizə heç nə təsəlli vermir.   

Xatirələrin bir üzü soyuqdur, bir üzü isti. Elə xatirələr var ki, onu yada salanda kövrəlirik, qəlbimiz üşüyür, bədənimiz titrəyir, dilimiz topuq vurur, səsimiz əsir. Amma nə qədər çalışsaq da, onu yaddaşımızdan silə bilmirik, nə qədər cəhd etsək də, ondan imtinaetməyə gücümüz çatmaz. Çünki o bizim həyatımızdır, dünənimizdir, keçmişimizin ayrılmayan doğma bir parçasıdır. Soyuq da olsa özümüzlə gəzdiririk, sanki onu nəfəsimizlə isitmək istəyirik.

Xatirələrimiz sanki həyatımızın daşlaşmış surətidir. Oradan heç nəyi qoparmaq mümkün deyil. Hər addımda bizə təskinlik verən, gərəyimiz olan xatirələrimizin elə hissələri var ki, onları başqalarından gizlətmək istəmirik. Əksinə, onları əzizləyə-əzizləyə, sevə-sevə səliqə ilə kağıza köçürüb böyük tirajla çap etməyə, yaymağa çalışırıq. Başqalarının da ötən günlərimizin ruhu, fikri və düşüncəsi hopmuş xatirələrimizi oxuyub bilməsini istəyirik. Məqsədimiz onların ömrünü əbədiliyə qədər uzatmaq, həmişəyaşar etməkdir. Əzizləyib zərrə-zərrə qəlbimizə köçürdüyümüz xatirələrin içində ən kövrək hiss və duyğularımız, ən dəyərli düşüncələrimiz yaşayır.   

Ömrümüzün bütün anlarında, günlərində xatirələrimizdən təskinlik tapmağa çalışırıq. Hələ bu azmış kimi kiminsə bizi xatırlayıb yad etməsi də könlümüzdən keçir. Hətta xatirələrin qoynunda yaşamağı da özümüzə xoşbəxtlik sanırıq. Çünki ondan təskinlik tapırıq, təsəlli alırıq. Xatirələrlə bağlı oxunan bir mahnıda deyildiyi kimi:

…Barı yada sal məni, yada sal məni,

Şirin xatirələrlə xatırla məni.

Gözəl olduğu qədər də kövrək mahnıdır. Hər sözü, hər misrası qəlbimizi, ürəyimizi yerindən tərpədir, sanki xatirələrimizi dilləndirir. Görünür, çoxları kimi o sözlərin müəllifinin də könlündən xatirələrdə qalmaq, qəlblərdə əbədi məskən salıb qalmaq keçirmiş. Belə olmasaydı, bu misralar yaranmazdı, bu sətirlər daranmazdı, bu sözlərə mahnı bəstələnməzdi. Bu sözlərin müəllifi sevdiyi insandan çox şey istəmir, ondan yalnız və yalnız onu şirin xatirələrlə yada salmağını xahiş edir. Acı xatirələrin isə adını çəkmir. Çünki şirin xatirələrin toplandığı məkanda acı xatirələrə yer yoxdur. Yəqin ki, acı xatirələr daim insanın ovqatını korlayır.

Bəzən arxada qalan vaxt, zaman bizimlə çox amansız davranır. Bizdən xəbərsiz xatirələrimizə əl uzadıb onların bəzilərini qəlbimizdən silir. Günlər keçdikcə bizi keçmişə bağlayan xatirələr azalır, sanki qar kimi əriyib yaddaşımızdan buxarlanır. Yaddaşımız vəfasızlıq edərək bizi yarı yolda qoyur. Belə kövrək anlarımızda çətinə, çıxılmazlıq durumuna düşürük. Keçmişdən, keçənlərdən, yaşananlardan heç nəyi xatırlaya bilmirik. Bizi uşaqlıq, yeniyetməlik və gənclik çağlarımıza – bir sözlə, dünənimizə bağlayan incə tellər bir andaca qırılır. Belə olanda keçmişimizdən uzaq düşür, hətta özümüz özümüzü tanımır, içimizə boylana bilmir, yaddaşımızın dünəninə əlimiz çatmır. Onda uşaq kimi köməksiz qalıb acizləşirik. Ən doğma adamımızı belə tanımır, ətraf aləm bizə yad bir varlıq kimi görünür. Belə olanda getdikcə təklənir, tənhalaşır, kimsəsizləşirik. Deməli, xatirələrsiz qalmaq çox dəhşətlidir. Keçmişi qəlbində yaşada bilməyən insanın həmin andan faciəsi başlayır. Yaddaşlardan silinən xatirələri sonradan heç cür bərpa etmək mümkün olmur. Ona görə də yaddaşımızdakı xatirələrin keşiyini yaxşıca çəkməliyik, onları əl çatmayan daha etibarlı yerlərdə qorumalıyıq. Qorumalıyıq ki, xatirələrimiz bizi əbədi olaraq özündə yaşatsın.

Düşünürəm ki, yəqin xatirələrin səsi də var. Xəyallara dalıb xatirələrimizlə danışanda onların səsini, pıçıltısını eşidirik, nəfəsini duyuruq, hələ hərdən qoxusunu da hiss edirik. Bu pıçıltılar, bu qorxular bizi yaşamağa, həyata daha da möhkəmdən bağlanmağa səsləyir.

Xatirələrin izi ilə addım-addım tozlu-torpaqlı yollarla da olsa keçmiş günlərə dönürük. Görəsən, qəlbimizdə əzizləyib saxladığımız xatirələrimizi yazmaq fikrinə düşsək, buna vaxtımız çatarmı? Ömür buna imkan verərmi, günlərimiz buna yetərmi? Sözlərin yaşananları əks etdirməyə gücü çatarmı? Kağız sinəsində ona yer verərmi?..

Günlər, həftələr və aylar durna qatarı kimi asta-asta ötüb keçdikcə zaman vaxtın axarında bizi qoynuna alıb gələcəyə aparır. Ömrümüz nizamından, axarından çıxmadan öz yoluna davam edir. Günlərimiz mənzil başına tələsən avtomobillər kimi bir-birinin ardınca düzüldükcə acılı-şirinli xatirələrə çevrilərək, vərəq-vərəq, cümlə-cümlə, söz-söz yaddaşımıza köçür. Yaşadıqca, həyat yolumuza davam etdikcə xatirələrimizlə keçmişə, xəyallarımızla isə gələcəyə bağlanmağa çalışırıq. Yaşadığımız həyatın pozulmayan, dəyişilməyən əbədi-əzəli tələblərinə boyun əyərək günlərimizlə baş-başa qalıb asta-asta xatirələrimizi qucağımıza yığa-yığa, həyatdan zövq ala-ala üzəriizə düşən yaşam missiyamızı davam etdiririk. Hələ bizi qarşıda nə qədər yaşamalı günlər, nə qəqər maraqlı hadisələr gözləyir. Deməli, günlərimiz maraqlı keçdikcə xatirələrimiz də dəyərli və qiymətli olacaq. Bu xatirələr sönməyən bir ocaq kimi, bizi ətrafına yığıb isidəcək. Deməli xatirələrimiz də həmişə isti, ilıq qalacaq. Heç vaxt onları şaxta, qırov vurmayacaq…

Vahid MƏHƏRRƏMOV

Rəy bildir

nineteen − eight =