Əsas səhifə Cəmiyyət AMEA-nın Rəyasət Heyətinin Bəyanatındakı paradokslar

AMEA-nın Rəyasət Heyətinin Bəyanatındakı paradokslar

admin
19 Oxunub

Millət vəkili, təhsil eksperti Etibar Əliyev AMEA Rəyasət Heyətinin Fizika İnstitutundakı son dəyişikliklərlə bağlı bəyanatını şərh edib.

Thebusinesstimes.az deputatın “AMEA-nın Rəyasət Heyətinin Bəyanatındakı paradokslar” başlıqlı “feysbuk” statusunu təqdim edir:

“Zəruri qeyd: AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və onun müavini, akademik Cavad Abdinov aparılan yoxlamanın nəticələrinə görə işdən azad edilmişlər. Bundan bir neçə gün sonra bu barədə dövri mətbuatda gedən yazılara cavab olaraq Rəyasət Heyəti “tarixi” bir bəyanat qəbul etmişdir. Qurumun Rəyasət heyətinin 12.01.2021-ci ildə qəbul etdiyi Bəyanatdan: “… Akademik Nazim Məmmədovun uzun illər Yaponiyada fizika professoru qismində elmi tədqiqat işlərilə məşğul olması, onun məqalələrinin yüksək indeksli, nüfuzlu xarici jurnallarda vaxtaşırı nəşr edilməsi, həmçinin Fizika İnstitutunda son illərdə yetişən bacarıqlı gənc tədqiqatçılar deyilənləri təsdiq edir. Biz öz həmkarlarımızın elmi fəaliyyətini yüksək qiymətləndirir, onların bundan sonra da öz bilik və təcrübələrini Azərbaycan elminin inkişafı naminə sərf edəcəyinə inanırıq.

Fizika İnstitutunda ötən ilin 17-25 dekabr tarixlərində aparılan yoxlamalar zamanı aşkara çıxarılmış qüsurlar sırf idarəçilik və maliyyə-təsərrüfat fəaliyyətilə bağlıdır. Bu zaman institutun elmi fəaliyyətinin qiymətləndirilməsi yoxlamanın predmeti olmamışdır. AMEA-da mütəmadi daxili yoxlamalar yalnız əmək nizam-intizamının tənzimlənməsinə, maliyyə-təsərrüfat və kadr fəaliyyətində yol verilmiş xətaların zamanında aşkarlanıb aradan qaldırılmasına xidmət edir.”

Paradoksa diqqət edək: Öncə qeyd edim ki, Bəyanat cəmiyyəti çaşdırmağa xidmət edir. Bir tərəfdən deyirlər ki, institutda gənc bacarıqlı kadrlar yetişdirilir, digər tərəfdən isə deyirlər ki, kadr təyinatında xətalara yol verilib. AMEA-nın Rəyasət Heyəti izah etsin, görək, tədqiqat institutunda maliyyə-təsərrüfat pozuntuları (xətaları) nə deməkdir? Pulu hara xərcləyiblər? Əmək nizam-intizamının tənzimlənməsi nə deməkdir? 

İndi Nazim Məmmədovun yetişdirdiyi alimlərin sayına diqqət edək: (N. Məmmədov 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib) Fəlsəfə doktorları-2, elmlər doktoru-1 nəfər. Bu akademiklər arasında ən aşağı göstəricidir. Onun məqalələrinin xarici nəşrlərdə çap olunma tarixi də diqqəti çəkir: 2000-2008-ci illər. Adama elə gəlir ki, fizika elmi donub. Bəlkə deyəsiniz ki, neytrinonun kütləsinin kəşfindən (Nazim Məmmədova doğma olan yaponlar kəşf ediblər: S. Nakamura, T. Kadzita) sonra daha tədqiqatlara ehtiyac qalmayıb?

Sonda Rəyasət Heyəti bu mövzuya toxunanları hədələyib: “AMEA-da aparılan daxili yoxlamaları elm ictimaiyyətinin nümayəndələrinə qarşı qaralama kampaniyasına çevirməyə çalışanlar atdıqları addımın həm hüquqi, həm də mənəvi məsuliyyət yaratdığını unutmamalıdırlar.”

Demək AMEA-dan ancaq tərif yazılmalıdır?

P.S. Onun yerinə təyin olunmuş Adil Qəribovun yetişdirdiyi alimlərin sayı belədir: 18 fəlsəfə doktoru və 2 elmlər doktoru. Ancaq bu göstərici onun Fizika İnstitutuna direktor təyin olunmasına əsas vermir. Deyəsən ortada başqa nüanslar var. Bunu isə yalnız və yalnız Ramiz Mehdiyev bilir… Bilsin, ancaq mətbuatı hədələməsin.

Tələbələr üçün normal “Fizika” dərsliyi yazmaq və şagirdlər üçün fizikanı populyarlaşdırmaq lazımdır.”

Rəy bildir

twenty + fifteen =