Əsas səhifə Köşə 28 illik hazırlıq və ermənilərə verilən 44 günlük dərs – YUNUS OĞUZ yazır

28 illik hazırlıq və ermənilərə verilən 44 günlük dərs – YUNUS OĞUZ yazır

admin
71 Oxunub

“Tarix ibrətdir” silsiləsindən

Epiqraf

  • Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

Bu yazının çox hissəsi 27 sentyabr və 12 iyul 2020-ci il hadisələrindən öncə yazılıb. Ancaq bu iki tarix Azərbaycan xalqının və dövlətinin taleyinə birbaşa təsir etdiyindən üstündən sükutla keçmək, yazmamaq mümkünsüz idi.

Öncə iyul hadisələrinə toxunaq. Nəzərə alaq ki, hələlik ermənilər yalnız Azərbaycan və Türkiyə torpaqlarına ərazi iddiası edirlər. Amma çox keçməz, xəstə təxəyyüllü bu xalq Rusiya və Gürcüstana da torpaq iddiası irəli sürəcək və bunun işartıları özünü göstərməkdədir, yəni demək istəyirəm ki, hətta Ermənistanla sərhədlər açılsa, ticari əlaqələrimiz yaradılsa belə ehtiyatı əldən vermək olmaz. Daima iqtisadi və müdafiə gücümüzü artırmalı və inkişaf etdirməliyik. Şükürlər olsun ki, indi güclü dövlətimiz var və erməni məkrinin, hiyləsinin qarşısını almaq iqtidarındayıq.

İyulda baş verən Tovuz döyüşü bir növ 44 günlük Vətən müharibəsi üçün “məşq” idi. Ermənistan tərəfi Azərbaycan silahlı qüvvələrinin nəbzini və hazırlığını yoxlamaq istəyirdi. Yadınızdadırsa, Tovuz döyüşündən öncə Ermənistanın müdafiə naziri Tonoyan ortaya belə bir tezis atmışdı: “Yeni müharibə, yeni ərazilər”. Ermənistan bir tərəfdən özünə uyğun müharibə etmək istəyir, (uğurlu olardısa Dağlıq Qarabağın statusunu birdəfəlik həll etsin) digər tərəfdən sərhəddən on beş kilometr aralıdan keçən strateji boru kəmərlərinə nəzarət etmək fikrində idi. Üçüncü tərəfdən isə Qarabağdan kənarda döyüş əməliyyatına başlaması Ermənistanın yeni baş naziri N.Paşinyanın düşüncəsinə görə, müharibəyə Rusiyanı da cəlb edə biləcək və bununla da regionda böyük müharibə alovlanacaq,ermənilər yenə də əvvəlki kimi “bulanıq suda balıq tuta biləcəklər”.

Amma, tam tərsinə oldu. Qısamüddətli lokal Tovuz döyüşü Ali Baş Komandan İlham Əliyevə imkan verdi ki, əhalinin müharibə ilə bağlı əhval-ruhiyyəsini öyrənsin. Bu özünü çox gözlətmədi. İyulun 14-dən 15-nə keçən gecə heç kim çağırış etmədən yüz minlərlə, əsasən gənc insanlar Milli Məclisin önünə toplaşdılar. Bu kortəbii toplantıda bir tələb vardı: “Torpaqların geri qaytarılması təmin edilsin”. Səhəri gün isə hərbi komissarlıqlarda müharibəyə getmək üçün əlli min gənc özlərini qeydə aldırdılar. Tovuz döyüşü Azərbaycan əhalisində tam əminlik yaratdı ki, ermənilərin arxasında kimin durmasından asılı olmayaraq qələbə qazanılacaq və bu istək çox güclüdür. Azərbaycan ordusu sərhədləri pozmadan və üçüncü tərəfi bu döyüşə cəlb etmədən uğurlu əməliyyatlar apardı. Düzdür, xəyanət nəticəsində bir generalımız Polad Həşimov Şəhid olsa da, bu Şəhidlik qisas hissini daha da gücləndirdi.

Digər tərəfdən ermənilər və onların başçıları Qarabağa gələrək xalqı qıcıqlandıracaq hərəkətlər edirdilər. Gah Paşinyan Şuşaya gəlib Cıdır düzündə “Yallı” gedir, gah deyirdi ki, Qarabağ parlamentini Şuşaya köçürəcəm, gah da onun həyat yoldaşı Anna Akopyan əlinə avtomat alıb guya burada təlim keçir, gah da bildirirdi ki, Azərbaycan bayrağı Qarabağda o zaman dalğalana bilər ki, Azərbaycan “Arsax” respublikasını tanısın. Bir sözlə xalqın heyssiyatı ilə oynayırdılar. Təsadüfi deyildi ki, mətbuat və sosial şəbəkə Ali Baş Komandana çağırışlar edirdi ki, “Vur komandir, vur!” Bununla yanaşı təmac xəttində bir gün də olsun atəşkəs kəsilməmişdi. Hər gün erməni tərəfi bizim tərəfi atəşə tutur, cavab atəşi aldıqdan sonra susurdular. Hələ mən bizim tərəfə göndərdikləri diversant qruplarından yazmıram. Hətta, avqust ayında diversantların komandiri əsir də düşdü. Nəhayət, erməni tərəfi müharibənin başlanması üçün əsas verdi. Belə ki, Füzuli və Tərtər tərəfdən dinc əhalinin evlərinin və təsərrüfatlarının bombalanması Azərbaycan ordusunun səbr kasasını daşdırdı. 2020-ci il 27 sentyabrda, nəhayət ordumuz “Dəmir yumruq” adlı əks-hücum əməliyyatına, bununla da Vətən müharibəsinə başladı.

Bütün beynəlxalq aləm 1994-cü ildən üzü bəri aparıcı dövlətlər, ATƏT-in Minsk Qrupu daima iddia edirdilər ki,  münaqişənin sülh variantından başqa həlli yolu yoxdur. Lakin Azərbaycan ordusu sübut etdi ki, münaqişənin həll edilməsi üçün müharibə variantı da mövcuddur və Azərbaycan tərəfi bunu çox uğurla həyata keçirdi.

Bəlkə də Paşinyan müharibənin başlanması üçün təxribatlara rəvac verməklə strateji fikirləşirdi ki, əgər savaş başlasa Qarabağ problemini Ermənistanın xeyrinə həll ediləcək. Buna səbəblər də vardı.

Birincisi, Paşinyanın generalları onu yüzdəyüz inandırmışdılar ki, Ohonyan istehkamlarını almaq və keçmək mümkün deyil. İkincisi, Rusiya Ermənistana, Ermənistan da Qarabağa o qədər silah göndərmişdi ki, sayı-hesabı bilinmirdi. Ermənilər məğlub olmaq haqqında hətta düşünmürdülər də. Məqsəd isə başqa idi. Ssenari belə qurulmuşdu. Azərbaycan tərəfi hücum edir, on milyonlarla dolların hesabına qurulan və tikilən istehkamların, tunnellərin, sədlərin qarşısında böyük itkilər verir. On minlərlə əsgərin cənazələri geri qaytarılanda xalq içində narazılıq yaranır, etirazlar və mitinqlər başlayır, prezidentin hakimiyyətdən getməsi an məsələsinə çevrilir. Erməni ordusu isə 90-cı illərdə olduğu kimi yeni ərazilər işğal edir və şərt qoyur: “Ya Arsaxı tanı, ya da yeni əraziləri işğal edəcəyik və qaçqınlar üstünə yeriyəcək”.

Yeri gəlmişkən ötən iyirmi səkkiz ildə təmas xəttinin monitorinqini aparan Minsk Qrupunun üzvləri, həmsədrləri dəfələrlə Qarabağda olublar. Məgər onlar görmürdülər ki, istehkamlar və sədlər tikilir? Əlbəttə görürdülər. Bax, Avropanın ikili standartı budur. Bizim başımızın altına yastıq qoyub deyirdilər ki, danışıqlar gedir. Əvvəlcə beş rayon, daha sonra isə iki rayon qaytaracaqlar. Erməni tərəfinə isə deyirdilər ki, işinizi görün. Daha bir neçə il keçər, gənc nəsil Qarabağı unudar. Deyim ki, hətta Azərbaycan tərəfi Qarabağın statusunu tanısaydı belə, ermənilər yeddi rayonu verməyəcəkdilər, çünki bu yerlərə milyard dollardan artıq yatrım qoymuşdular və hər il milyonlarla gəlir əldə edirdilər. Əsas status məsələsini həll etmək lazım idi.

Azərbaycan tərəfi isə birmənalı şəkildə status məsələsini yaxına buraxmır, bununla yanaşı özünün iqtisadi və hərbi potensialını daha dagücləndirirdi.

Bir məsələni on ildən coxdur qeyd edirəm. Bunu istər televiziyalarda, istərsə də yazılı mətbuatda demişəm ki, Qarabağda uğurlu müharibə aparmaq üçün dörd vacib komponentin VƏHDƏTi lazımdır. Bunlar aşağıdakılardır:

1.Dayanıqlı və davamlı iqtisadi potensialımızın daima güclənməsi;

2.Ordumuzun ən müasir meyarlara cavab verməsi və silahlarla təhciz olunması;

3.Uğurlu və davamlı olaraq xarici siyasətin aparılması;

4.Daxildə vətəndaş həmrəyliyinə nail olmaq və Xalq-Ordu birliyini yaratmaq.

Ardı  var

Rəy bildir

five × five =