Gender: keçmişdən müasirliyə doğru

0
107


Ekspertlər son illər bu sahədə həyata keçirilən islahatları müsbət qiymətləndirirlər

Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Təsadüfü deyil ki, Azərbaycan hökuməti də ölkədə gender bərabərliyinin təmin olunmasına xüsusi diqqət yetirir. Belə ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılaraq, müvafiq qərarlar qəbul olunub. İlk olaraq, Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən, 1992-ci ildə BMT-nin “Qadınların siyasi hüquqları”, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Bundan başqa məhz məhrum prezident Heydər Əliyevin təşəbbüsü ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2006-cı il fevralın 6-dan isə bu qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır. 
Komitənin qadınların hüquqlarının qorunması və ölkəmizin sosial-siyasi həyatında onların iştirakının artırılmasında müstəsna rolu var. 2000-ci ilin martında Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında Fərman imzalanıb. Bu sənəd bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunması, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edib. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanmışdır. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də, qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edir. Demək olar ki, indi qadınlar həyatımızın aparıcı qüvvəsinə çevrilib. Dövlət qadın siyasətinin bariz nümunəsi kimi qadınların rəhbər vəzifələrə irəli çəkilməsini, parlamentdə qadın deputatların sayının artmasını, bələdiyyə seçkilərində və qeyri-hökumət təşkilatlarında qadınların artan sürətlə təmsilçiliyini qeyd etmək lazımdır.
Yeri gəlmişkən, problemlərin həllində beynəlxalq əməkdaşlıq həmişə mühüm rol oynayıb. Belə ki, Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu), AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunması və qərar qəbul etmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilir. Gender bərabərliyinin təşviqi sahəsində ölkəmizin yaxından əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də BMT-nin Qadınlar üçün İnkişaf Fondudur. Ölkəmizin bu qurumla əməkdaşlığı “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” adlı regional layihə çərçivəsində həyata keçirilib. Layihə əsasən hökumətlər, qadın koalisiya və şəbəkələri ilə tərəfdaşlıq şəraitində həyata keçirilib və gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi məqsədi daşıyıb. Eyni zamanda, Azərbaycan hökuməti beynəlxalq səviyyədə də qadın hüquqlarının təşviqində fəal iştirak edir. Bunun göstəricisi olaraq, 2008-ci il iyunun 10-11-də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq forum keçirilib.

Cəmiyyət mövcud qanunvericilik bazasına adekvat deyil

Mövzu ilə bağlı fikirlərini “ thebusinesstimes.azla bölüşən gender məsələləri üzrə ekspert Şəhla İsayeva da Azərbaycan hökuməti tərəfindən gender bərabərliyinin təmin olunması istiqamətində ciddi addımların atıldığını bildirib. Onun sözlərinə görə, son 10 ildə ölkədə qadın və kişilər arasında böbərabərliyin təmin olunması yönündə atılan addımlar müsbət qiymətləndirilə bilər. Ekspertin fikrincə, hazırda gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. Bu baxımdan insan hüquq və azadlıqları beynəlxalq hüququn fundamental prinsiplərinin təsiri əsasında müasir dövlətlərin əksəriyyətinin qanunlarında təsbit olunub: “Azərbaycan müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində, o cümlədən qadınların hü-quqlarının təmin edilməsində, cinsi ayrı-seçkiliyə son qoyulmasında, məişət zorakılığı ilə mübarizədə böyük nailiyyətlərə imza atılıb. Belə ki, ölkəmiz 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulmuşdur. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınlara bərabər hü-quq və imkanların təmin edilməsi bu istiqamətdə atılmış ən böyük addımlardan biridir. “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanun 2006-cı il oktyabrın 10-da prezidenti tərəfindən imzalandı. Bu çox mühim bir sənəddir. Çünki “Gender bərabərliyinin təminatları haqqında” qanun kişi və qadınları siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın digər sahələrində bərabər imkanlarla təmin edir, gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılmasının vacibliyini bir daha vurğulayır».
Ekspert həmçinin vurğulayıb ki, son illər dövlət idarəçiliyində qadınlarla kişilərin bərabərliyinin təmin olunması istiqamətində müvafiq addımlar atılıb. Onun fikrincə, hələlik bu sahədə gender bərabərliyini təmin etmək mümkün olmasa da, atılan addımları təqdirəlayiq hesab etmək olar: «Azərbaycanda gender bərabərliyinin təmin olunması üçün kifayət qədər qanunvericilik bazası mövcuddur. Amma cəmiyyət mövcud bazaya adekvat deyil. Məsələn, Azərbaycanda hər 5 ildən bir palament və bələdiyyə seçkiləri keçirilir. Biz istəyirik ki, bu sahədə qadınların iştirakı daha da artsın. Tutaq ki, qadın bələdiyyə sədrlərinin sayının artmasını vacib bilirik. Cəmiyyətdə bununla bağlı təbliğat aparanda isə hamı bir ağızdan deyir ki, bizə qadın sədr lazıma deyil. Amma başa düşmürlər ki, qadınlar sosial problemlərə qarşı daha həssas olurlar. Məsələn, qadın yolların bərbad vəziyyətdə, kələ-kötür olmasından daha çox narahat olur, nəinki kişi. Təbii ki, cəmiyyət mövcud qanunvericilik bazasına adekvat olmadıqca, biz bu bərabərliyi tam şəkildə təmin edə bilməyəcəyik».

Problem də var, irəliləyiş də…

Məsələyə münasibət bildirən “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın isə hesab edir ki, Azərbaycanda gender bərabərliyində müəyyən problemlər olsa da, müsbət işlər də az deyil. Ekspert “thebusinesstimes.az”a bildirib ki, xüsusən də son bir neçə ildə gender bərabərliyinin təmin olunması ilə bağlı bir sıra müsbət dəyişikliklər baş verib. Belə ki, icra başçılarının müavinləri vəzifələrinə qadınlar gətirilib və qadınların idarəçilikdə rolunun artırılması istiqamətində digər addımlar atılıb: “Ancaq nəzərə almaq lazımdır ki, gender bərabərliyi təkcə kadr siyasəti ilə ölçülmür. Qanunvericilikdə də bir sıra yeniliklərin edilməsi gender bərabərliyi ilə bağlı aparılan siyasətin tərkib hissəsidir. Bələdiyyə orqanlarında qadınlarla kişilər arasında balans yaradılıb. Ötən bələdiyyə seçkilərində bu yöndə bir sıra işlər görülüb. Ancaq bundan fərqli olaraq dövlət qurumlarında bununla bağlı tarazlıq varmı? Bunu birmənalı söyləmək çətindir. Bir sıra sahələrdə bu tarazlıq pozulub. Məsələn, qadın müəllimlərin, həkimlərin sayı daha çoxdur. Yəni, bu sahədə hələ ki, kifayət qədər işlərin görülməsinə ehtiyac var”.

P.Hüseynova

Yazı  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunmuşdur

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin