Kağız pul dövrü bitir…

0
128


Hökumət vətəndaşları rəqəmsal ödənişlərə hazırlaşmağa çağırır

2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda plastik kartlarla aparılan əməliyyatları dövriyyəsi 20 faizə çatıb. Mərkəzi Bankdan bildirildiyinə görə, Azərbaycan hökuməti, “Mastercard” beynəlxalq kart təşkilatı və digər qurumlarla birgə nağdsiz ödənişlərin həcminin artırılmasına xidmət edən layihə və proqramların icrası bu sahədə dinamikanın artmasına səbəb olmaqdadır. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən tədbirlər də öz bəhrəsini verməkdədir.
Vahid strateji xətt üzrə aparılan tədbirlər nəticəsində 2018-ci il üzrə elektron ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatların həcmi ötən illə müqayisədə 31 faiz, kartlarla aparılan nağdsız əməliyyatların həcmi isə 70 faiz artıb. Bu ilin birinci rübünün dinamikası da müsbət olub və ümumi kart dövriyyəsində nağdsızın payı 20 faizə çatıb.
Ölkəmizdə nağdsız ödənişlərin genişləndirmək üçün güclü arxitektura mövcuddur. Banklar tərəfindən dövriyyəyə buraxılmış ödəniş kartlarının sayı 5,8 milyon ədəd, bankomatların sayı 2,4 min ədəd, POS-terminalların sayı isə 66 min ədədi ötüb. Hazırda min nəfərə 591 ödəniş kartı, hər 100 min nəfərə 24,5 bankomat, hər 10 min nəfərə 66,8 POS-terminal düşür.
Mərkəzi Bankın əməkdaşı Fərid Osmanov bildirib ki, 2019-cu  və 2020-ci illərdə ildə “Rəqəmsal hökumət” quruculuğu istiqamətində nəzərdə tutulan əsas layihələrdən biri müasir maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsidir. Hazırda rəqəmsal ödənişlərin sürətlə inkişafına geniş yol açan sürətli ödənişlər (Fast payments), QR (Quick Response) kodları və mobil tətbiqlər, bulud texnologiyasına əsaslanan POS cihazları, m-POS kimi yeni ödəniş vasitələri yaranmaqdadır. Bu istiqamətdə blokçeyn platformasında yaradılması prioritetlərdən birini təşkil edir.
Azərbaycan nağdsız ödənişlərin inkişaf etdirilməsində “Mastercard” və “Visa” beynəlxalq kart təşkilatları ilə əməkdaşlığı davam etdirəcək.”Mastercard”la birgə “Nağdsız Azərbaycan” layihəsi üzrə yeni nağdsız ödəniş alətlərinin tətbiqi nəzərdə tutulur. “Visa” beynəlxalq kart təşkilatının Şərqi Avropa, Mərkəzi Asiya və Cənub-Şərqi Avropa üzrə rəhbəri Vira Platonova ölkəmizdə rəqəmsal ödənişlərin inkişafına dair layihələrə dəstək vermək niyyətini bəyan edib. Birgə əməkdaşlıq çərçivəsində nəqliyyat sektorunda, təhsil müəssisələrində müasir nağdsız ödəniş imkanlarının yaradılması və əhalinin maliyyə savadlılığının artırılması kimi sahələrdə birgə əməkdaşlıq, regionlarda stimullaşdırıcı kampaniyaların keçirilməsi nəzərdə tutulur.
Hökumətin proqnozlarına görə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın nağdsızlaşmasını sürətləndirəcək, rəqəmsal sahibkarlığın və rəqəmsal bankçılığın, elektron ticarətin inkişaf etdirilməsi, ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının və smart ödəniş vasitələrinin geniş tətbiqi, region və ucqar ərazilərdə maliyyə inklüzivliyinin artırılması nağdsız dövriyyənin əhəmiyyətli dərəcədə artmasına imkan verəcəkdir. Proqramda nəzərdə tutulmuş hədəflərin icrası nəticəsində nağdsız ödənişlərin illik həcminin təxminən 17 milyard manat artacağı gözlənilir. Bu isə nağdsız ödənişlərin payının hər il 7% artmasına imkan verəcəkdir. Proqnozlara görə, iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə qədər azalacaqdır.
Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının bu günlərdə açıqladığı “Market Analysis Azerbaijan 2019” adlı hesabatda da ölkəmizdə nağdsız ödənişlərin həcminin artırılması ilə bağlı nikbin proqnozlar yer alıb. Sənədə əsasən, yaxın 2 il ərzində Azərbaycanda nağdsız ödənişlərin payının ildə ən azı 7 faiz artması gözlənilir. 2020-ci ilə qədər isə nağd dövriyyənin həcminin 74 faizdən 40 faizə endirilməsi planlaşdırılır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin