“Moody’s”: Manat üçün təhlükələr tam sovuşmayıb

0
137


Mərkəzi Bank isə milli valyutanın məzənnəsinin möhkəmləndiyini əmin edir


Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s Investors Service” (“Moody’s”) Azərbaycan milli valyutası olan manatın sabitliyi ilə bağlı təhlükənin hələ tam aradan qalxmadığını bəyan edib. Təşkilatın bu günlərdə açıqladığı hesabatda bildirilir ki, Azərbaycanın valyuta bazarlarında bəzi risklər qalmaqdadır. “Manat 2015-ci ilin dekabr ayından “üzən məzənnə rejimi” ilə tənzimlənməyə başlanmış, 2017-ci ilin əvvəlindən dollara qarşı çox sabit olub. Məzənnədə qeyri-sabitliyin olmaması sual doğurur. Çünki “üzən məzənnə” rejimi barədə Mərkəzi Bankın öhdəliyi var idi. Dollar və manat məzənnəsinin sabit qalması müəssisələr və istehlakçıların  arxayınçılığı ilə nəticələnə bilər. Məzənnənin sabitliyi uzunmüddətli səylərə ziddir və valyuta məzənnəsi iqtisadiyyat üçün şokların təsirini azaltmalıdır.
“Moody’s” müvafiq qurumları üzən məzənnə rejiminin tələblərinə uyğun olaraq bazar əməliyyatlarının tənzimlənməsində diqqəti artırmağa dəvət edir.
Azərbaycan hökuməti isə manatla bağlı qayğıların olmasını istisna etmir, ancaq milli valyutanın növbəti devalvasiya təhlükəsinin olmadığında qətidir. Mərkəzi Bankın açıqlamasına görə, aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental qiymətini alıb. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirib ki, üzən məzənnə rejiminə keçiddən sonra valyuta bazarında gözlənilə bilən gərginliklər tam aradan qalxıb və manatın müəyyən dərəcədə möhkəmlənməsi gedir. Milli valyutanın məzənnəsindəki dəyişikliklərin valyuta bazarı – tələb-təklif əsasında tənzimlənir. Ümumilikdə, manatın dəyərinin fundamental iqtisadi faktorlar – iqtisadi artım, inflyasiya səviyyəsi, xarici iqtisadi amillər, neftin qiyməti, əsas tərəfdaş ölkələrdəki məzənnə dinamikası üzrə müəyyənləşir. Son 2 ildə respublikamızın xarici ticarət dövriyyəsində əhəmiyyətli artımlar baş verməkdə, ixracın həcminin artması müşahidə olunmaqdadır. Ölkəmizin tədiyyə balansının cari vəziyyəti çox yaxşıdır və bu amil manatın məzənnəsinin möhkəmliyinin təmin olunmasında mühüm rol oynayır.
Hazırda Azərbaycan hökumətinin manatın məzənnəsinin möhkəmləndirilməsi və likvidliyinin artırılması üçün maliyyə-bank strukturları ilə birgə hazırlayaraq həyata keçirdiyi tədbirlər planı da öz müsbət təsirlərini göstərməkdədir. Strateji plana əsasən, bazarın xarici investisiyalara tam açıq olması və bu prosesin təşviq edilməsi, milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimulların yaradılması, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirilməsi, tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığının təmin edilməsi əsas hədəflərdir. Bu siyasət ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin daha da artması və qeyri-neft ixracının stimullaşdırılmasına imkan verəcək. Nəzərdə tutulan bu tədbirlərin həyata keçirilməsi iqtisadi fəallığın və ÜDM-in həcminin artmasına öz təsirin göstərəcək, eyni zamanda, manatın likvidliyini möhkəmləndirəcək.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin