Vətəndaş cəmiyyətində gender bərabərliyi

0
139

Vətəndaş cəmiyyəti insanların iqtisadi, peşə, mədəni, dini və digər maraqlarının formalaşdığı və reallaşdığı sosial əlaqələr sistemidir. Bu maraqlar vətəndaş cəmiyyətinin ailə, dini icmalar, təhsil sistemi, elmi, peşə və digər birliklər, assosiasiyalar, təşkilatlar kimi təsisatların vasitəsilə əks etdirilərək həyata keçirilir. Vətəndaş cəmiyyəti, bütövlükdə, şəxsi maraqlar, tələbatlar və s. sahələrdə təcəssüm olunur.

Vətəndaş cəmiyyəti və hüquqi dövlət və onların təşkilatları ayrı-ayrı sosial güc və maraqlar arasında ahəngdarlığın əldə olunması üçün meydana gəlirdi. Vətəndaş cəmiyyətində vahid maraqlarla birləşən təşkilatlardan ibarət maraqlı qruplar mühüm yer tutur. Maraqlı qruplar və təşkilatlar ayrıca bir fərdə öz imkanlarını və tələblərini reallaşdırmaq üçün zəruri yer ayırır və eyni zamanda, iqtisadi, etnik, dini, regional, demoqrafik, peşə və gender maraqlarının müxtəlifliyini əks etdirir.

Fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə yazır ki, aktual problemlərdən biri kimi önə çəkilən qadın məsələsi qadın təşkilatlarının qeyri-hökumət təşkilatları səviyyəsində və hətta hökumətdə Qadın Problemləri üzrə Dövlət Komitəsi kimi yaranmasında təsdiqlənir. Cəmiyyətin aparıcı qüvvələrindən biri olan qadınlar öz ayrıca təşkilatlarını yaratmaqla sosial-siyasi, ictimai hadisələrin iştirakçısı olmaqla, həm də müəyyən mənada ölkədə həlledici funksiyalar da daşımış olur. Zəruri və vacib olan bir məqam isə qadınların siyasi passivliyi, siyasiləşməyə daxilən meyilli olduqları halda, siyasi həyatda xaricdən “daxilə” çəkilmələrini müxtəlif səbəblərlə izah etmək mümkündür. Təbii ki, ilk öncə milli mentalitetimizi əsas kimi götürsək, Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycanda qadınların yarı qərbli, yarı şərqli xüsusiyyətləri məhz ilkin təzahür formasıdırsa, həmçinin tarixi köklər, milli adət-ənənələr də müəyyən mənada səciyyəvidir. İkinci səbəb kimi söylədiyimiz 70 illik sovet dövrünün “bərabərhüquqluluq” adlanan “humanist” siyasətinin əxzi ilə yanaşı milliçilikdən uzaq “sovetləşmiş” təzahürlü meyillərdir – biganəlik, hər şeyi hazır qəbul etmək, hadisələrə yadlaşmaq, vahid mərkəzdən planlı hərəkət kimi əlamətlərdir. Üçüncü səbəb kimi isə məhz siyasi fəallığın əsas atributlarından olan fərdlərin siyasi mədəniyyətini, dördüncüsü, cəmiyyətdə siyasi rejimin və sosial strukturun, beşincisi isə siyasətləşmədə mənəvi dəyərlərin pozulması kimi xarakterik halları və s. çoxsaylı amillərin təsirini göstərmək olar. Azərbaycan qadınının siyasi fəallığından bəhs edərkən yuxarıda qeyd etdiyimiz müxtəlif səbəblərin təsiri nəticə etibarilə cəmiyyətdə gedən proseslərə də əks etmiş olur. Fikrimizcə, bu baxımdan obyektiv hal cəmiyyətdə hələ də kütləvi şüura xas olan “kişinin yeri birincidir” fikrinin formalaşmasıdır. Mənəvi, sosial dəyərlərdə, adət-ənənələrdə, dünyagörüşünün formalaşmasında qadın fenomeni nəzəri şüura təlqin edəcəyi tərzdə qavranılıb, dərk edilib. Yaşadığımız dövrdə artıq məlum sovet dövrünə aid olan xarakterik hallar əksərən silinmiş, münasibətlərdə, ictimai şüurda köklü dəyişikliklər baş vermişsə də, cinslərarası ayrıseçkilikdə bu kimi hallar demək olar ki, qismən aradan götürülmüş, əksərən qalmaqdadır.

Cəmiyyətin sosial strukturundakı köklü dəyişiklik, ictimai formasiyanın belə dəyişməsi qadın faktorunun rolu, vəzifəsi və yeri baxımından hələ də yeniləşən cəmiyyətdə “güclü” – “zəif” kimi cinsi fərqlər modelinin köhnə dəyərlərinə söykənir. Məhz bu nöqteyi-nəzərdən də cəmiyyətdə müxtəlif rollar oynayan cinslərin hadisə və proseslərdə, davranış münasibətlərində ciddi fərqlər meydana çıxır. “Güclü” deyilən cinsin hücum, təzyiq və iradlarına məruz qalmamaq üçün qadınların cəmiyyətin bir bərabərhüquqlu vətəndaşı kimi öz davranışlarını hansı siyasi, mənəvi və sosial normalara uyğun tərzdə quracaqlarını fikirləşməli olurlar. Burada da müəyyən şərtlər var ki, onlar da qadının ana, həyat yoldaşı, bacı, tərbiyə edən, namus daşıyıcısı, qeyrət simvolu, ləyaqət təcəssümü olmasındadır. Təbii ki, normal haldır. Əks “güclü” qütb isə bu baxımdan istənilən hərəkət, davranış və münasibətdə sərbəstdir. Bu da normal tərz kimi bütün məkan və zamanlarda siyasi passivliyin ilk köklü amili onun sərbəst olmaması və ən mühümü isə psixoloji dünyagörüşünün köhnəliyidir. Qadın və siyasət, siyasətçi qadın, siyasiləşmiş qadın obrazı cəmiyyətdə sanki bir qədər dar çərçivədə qəbul edilir, milli mentalitetimizdə bu gün özünə çətinliklə yer tapır. Bu özü də ictimai şüurun yeniləşməsinin bir təzahür formasıdır. Qadının siyasilik hissinin kütləviləşməsində, siyasi aktivlikdə hadisələrdə passivliyini şərtləndirən faktorlardandır.

Filologiyi üzrə fəlsəfə doktoru Z.Şabanov qeyd edir ki, dünyanın bütün qitələrinə səpələnmiş azərbaycanlı qadınlar öz ana Vətəninə daha möhkəm bağlamaq, onların gücünü millətimizin ümumi problemlərimizin həllinə istiqamətləndirmək yönündə iş aparır. Digər ölkələrdə yaşayan azərbaycanlı qadınların vasitəsilə həmin ölkələrin qadın təşkilatları və qabaqcıl qadınları ilə işgüzar dostluq, elmi və mədəni əlaqələr qurmaq və inkişaf etdirməyə çalışır. Azərbaycan qadınlarının sülh hərəkatında, beynəlxalq görüşlərdə, elmi, siyasi və yaradıcılıq konfranslarında iştirakına yardım göstərir.

Qarşıya qoyulan məqsəd, qadınların sabit inkişaf prosesində iştirakını və rolunu gücləndirmək, qadınların və uşaqların, o cümlədən qaçqın və məcburi köçkünlərin ehtiyaclarını öyrənməklə, vəziyyətlərini yaxşılaşdırmaq və sosial problemlərinin həll edilməsində onlara yardımçı olmaqdır. Bundan başqa, bu təşkilatlar qadınların və uşaqların, o cümlədən qaçqın və məcburi köçkünlərin insan hüquqlarını müdafiə edir, sosial problemlərin həllinə yönəldilmiş tədqiqatlar aparır, əməli fəaliyyətlər təşkil edir və həyata keçirir. Təhsil, sağlamlıq, insan hüquqları üzrə icma səviyyəsində maarifləndirmə işləri, xidmətlər təşkil edir. Yoxsulluğun aradan qaldırılması yollarının araşdırılması, sülh hərəkatının inkişaf etdirilməsinə, gənclərin və uşaqların mənəvi və mədəni inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün çalışır.

Qadın təşkilatları BMT-nin İnkişaf Proqramı (UNDP), Əhali Fondu (UNF-PA), Uşaq Fondu (UNİCEF). Qadınlar üçün İnkişaf Fondu (UNİFEM), İctimai Əlaqələr (UNDPİ), Qaçqınlar üzrə (UNHCR) bölmələrin proqramlarını həyata keçirir, digər QHT-lər ilə sıx əlaqə saxlayır, qadın, gənclər və uşaq təşkilatları ilə müntəzəm əlaqədə işləyirlər. Birliklər, həmçinin ölkə Konstitusiyası, “Qadınlara Qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğvi” və s. konvensiyaların, BMT-nin qərarlarının və qətnamələrinin öyrənilməsi, Pekin Fəaliyyət Platformasının və s. sənədlərin Azərbaycan dilinə tərcüməsi bu sənədlərin şəhər və kəndlərdə yaşayan qadınlarla öyrənilməsi istiqamətində fəaliyyət göstərir. Respublika sakinləri üçün qadın problemələri və uşaq haqları üzrə zona müşavirələri, BMT-nin QHT-lər üçün Resurs Mərkəzində müntəzəm toplantılar keçirir, onları ingilis dilindən tərcümə olunmuş BMT-nin cari sənədləri və tədbirləri ilə tanış edir, fəaliyyət planları işləyib QHT-lərə paylayır, sorğu kitabçaları, məlumat vərəqələri və s. çap etdirir, kütləvi informasiya vasitələri ilə sıx əlaqədə işləyir, din mövzuları üzrə televiziya və radio verilişləri təşkil edir, maariflənmə istiqamətində təhsil ocaqlarında, birliklərin rayon bölmə təşkilatlarında tematik mövzulara həsr olunmuş görüşlər, məruzələr və yubileylər keçirilir. Qadınların və yeniyetmə qızların hüquqlarını qoruyan müasir proqramlar haqqında informasiya verilir, qadınların iqtisadi müstəqilliyi haqqında məruzələr oxunur və konfranslar keçirilir. Azərbaycanın Avroatlantik məkana inteqrasiya etməsində, beynəlxalq standartların bərqərar olmasında, göründüyü kimi, qadın birlik və təşkilatlarının önəmli rol oynaması həm ölkənin elitası, həm də geniş ictimaiyyəti tərəfindən dəstəklənir. Qadın təşkilatlarının daha da güclənməsi və möhkəmlənməsi üçün respublikamızda məqsədyönlü iş aparılır, tədbirlər həyata keçirilir.

Tədqiqatçılardan birinin qeyd etdiyi kimi, qadın və kişi arasında tam bərabərliyə nail olmaq üçün cəmiyyətdə və ailədə kişinin və qadının ənənəvi rolunu dəyişdirmək lazımdır. Müasir cəmiyyətdə valideynlərin rolları aydın müəyyən edilib: uşaqlara qayğı və onların tərbiyəsi valideynlərin bərabər hüquqları və vəzifələridir. Qadının qarşısında yaranmış şəraitdə ailəni yaşatmaq və qoruyub saxlamaq problemi durur. Bazar iqtisadiyyatı şəraitində ailələrin əksəriyyətinin işgüzarlığının təzahür edəcəyini düşünmək səhvdir. Hərçənd ki, ailənin öz qüvvəsinə, özünü təminatına və qadının çıxış yolları axtarmasına əsaslanaraq öz suverenliyinə yönümü aydın müəyyənləşmişdir. İşləyən qadınların peşəkar fəaliyyəti ilə evdəki işinin uyğunlaşmasına kömək edən sosial infrastrukturların dağılması təəssüf doğurur. Qadınların cəmiyyətdəki roluna dair geniş yayılmış patriarxal baxışlar əlavə çətinliklər yaradır. Ər-arvad, valideynlər və uşaqlar arasında münasibətlər kifayət qədər mürəkkəbləşir. Cəmiyyət uşaqlarda anaya, valideynlərin peşə fəaliyyətinə, məişət problemlərini birgə həll etməyin zəruriliyinə hörmət hissini tərbiyə edə bilmir. Geniş yayılmış narkomaniya, alkoqolizm ailənin rasional istirahətini, böyüməkdə olan nəslin kollektiv tərbiyə formalarının ailə tərbiyəsilə birləşməsindən istifadə etməyə imkan vermir.

Müasir ailə qarşısında mənəvi tərbiyə problemi durur. Lakin təəssüf ki, kütləvi informasiya vasitələri bu məsələni həll etməyə, hörmət hissini formalşdırmağa qabil deyildir. Ailənin qorunması və orada qadının nüfuzunu təmin etmək üçün BMT bütün ailə üzvləri üçün, ilk növbədə qadınlar üçün bərabər start imkanların yaradılması prinsipinə əsaslanan yeni ailə münasibətləri modeli irəli sürmüşdür. Konvensiyanın 5-ci maddəsində bu modelin mahiyyəti müəyyən edilmişdir. İştirakçı dövlətlər müvafiq tədbirlər görməlidirlər ki, qadın və kişilərin davranışının sosial və mədəni modelləri dəyişsin, qadın və kişilərin rollarının streotipliyini və ya cinslərdən birinin üstünlüyü və qeyri-tamlığı ideyasına əsaslanan bütün praktika və adətlər ləğv edilsin və aradan qaldırılsın.

Yeni ailə modeli uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin ümumi iştirakı, uşağın tərbiyəsinə görə eyni məsuliyyəti, eyni huquq və vəzifələrin yerinə yetirilməsi, ailədə uşaq maraqlarının nəzərə alınmasını, qadınlara münasibətdə mövcud ənənələrin dəyişdirilməsini tələb edir. R.Mirzəzadə yazır: “Mətin siyasətçi qadın simvolu cəmiyyətin yeniləşməsi, tarazlaşması üçün də gərəklidir. Necə ola bilər ki, cəmiyyət üçün şəxsi yaradasan, tərbiyələndirəsən, lakin cəmiyyəti idarə etmədə iştirak edə bilməyəsən, yaxud da ancaq və yalnız əmrləri yerinə yetirəsən, o da analıq funksiyası daxilində. Bu, təmsil olunduğumuz cəmiyyətin sosial bəlalarından birinin, cinsi ayrıseçkiliyin özündə tam bərabərhüquqluluq qazanmamasıdır. Müasir elmdə cinslərin sosiumda qarşılıqlı münasibət, davranış və əlaqələr modeli ictimai, hüquqi, siyasi, sosial, psixoloji, etik, mədəni inteqrasiyası “Cender siyasəti” adı ilə tarazlaşdırılır.

Rəsmi statistikaya görə ölkə əhalisinin çoxu qadınlardır, təhsil almaq istəyənlərin çoxu qızlardır, sosial problemlərin kəskinləşdiyi bir məqamda bu ağırlıqların əsas çoxluğunu öz çiyninə alan analardır, maddi çətinliklərə boyun əyən, dözən bacı-həyat yoldaşı, ailəni-Vətəni də öncə yüksək tutan xaricə iş ardınca gedib-qayıtmayan kişilərin əksinə, doğma ocağında oturan qadındır. Belə olan surətdə cəmiyyətdə qadının siyasiləşməsi amili də, liderliyi də, siyasi rəhbərliyi – öncüllüyü də şüurlara adi hal kimi yerləşdirilməlidir. Qadına cinsi mənsubiyyətinə görə deyil, aparılacaq işin bacarıq tərzi, yerinə yetirə bilmə qabiliyyəti, savad, ağıl, dünyagörüşü çərçivəsindən yanaşılmalıdır. Burada bir mühüm cəhəti də qeyd edək ki, yeniləşən cəmiyyətdə məhz bəraburhüquqluluq, bərabər həmrəylik zəminində dəyişikliklərə nail olunur, fərdlər ənənəvi yaşayış tərzindən yeni məqsəd və mövqelərə, zəruri sayılan amallara doğru müəyyənləşmiş istiqamətli hərəkət edirlər”.

Müəllif göstərir ki, qeyd olunan bu ölçülərdən də yeni davranış modellərinin yaranması, yeni tələbatların formalaşması fərdlərin cinsə görə fərqsiz fəallığını yüksəldib, onun daxili dinamikliyini artırmaqla, maraq və mənafelərinin təmin olunması zəminində qadının da siyasi proseslərə fəal qoşulmasının siyasi aktivliyini yüksəltmiş olur. Qadınların siyasiləşməsinin, siyasi aktivliyinin yüksəlməsi cəmiyyətdəki proseslərin siyasi tarazlığı inkişafında vacib şərtdir. Burada maraqlı bir hal odur ki, baxmayaraq ki, Azərbaycan qadınları cəmiyyətin bütün sferalarına daxil olublar, bununla belə yenə siyasət kişinin yeri, ailə-mətbəx-tərbiyə işi isə qadınların yeri sayılır, bu da yuxarıda qeyd etdiyimiz şərqli mentalitetinin göstəricisidir.

Elə buradaca onu da göstərək ki, kişinin kişi yeri müəyyən səbəblər nəticəsində boşluğa gedəndə, qadın ötkəm cəsarətlə önə keçməyi bacarır. Bu aksiomadır, təkzibolunmazdır. Tarix də bunu sübut edib və həqiqətən də arzuolunmaz faktdır. Bir tədqiqatçı kimi feministliyin tərəfdarı olmasam da, qadının köləliyini, tabeçiliyinin qul formasını və daha çox məsuliyyət, cavabdehlik yükünü daşımasını qəbul etmir və yeganə konstituısion bərabərhüquqluğu düzgün hesab edirəm. Reallıq isə bunu əks etdirmir və bu haqda növbəti fəsildə bəhs edəcəyik.

Qadın öncül, Qadın Xatunluğu bu günün baxış prizmasından yanaşdıqda, “köhnə cəmiyyətin – köhnə şüarıdır” istehzası ilə qarşılaşır. Əski türklərlə isə Xaqan ilə Xatunun bütün sənədləşmələrdə adlarının qoşa olması ilə bahəm, mütləq Xatunun rəyi əsas götürülürdü. Türk tədqiqatçısı Necdət Sevinc yazdığı kimi “…türk xalqlarında… hökmdar əmrnamələri yalnız xaqan buyurur ki, ifadəsi ilə başlamışsa keçərli və qəbulediləndi. Yabançı dövlətlərin elçiləri yalnız Xaqanın hüzuruna çıxa bilməzdilər, elçilərin qəbulu sırasında Xatunun da Xaqanla bərabər olması gərəkdi.

A.İsgəndərov

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanmışdır

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin