Azərbaycanın yeni 5 illik iqtisadi strategiyası hazırlanır

0
170

Azərbaycanın Birinci Vitse-prezidentin köməkçisi Emin Hüseynov bildirib ki, strategiyanın hazırlanmasında əsas tərəfdaşlardan biri Dünya Bankı olacaq. Yeni strategiya hazırda həyata keçirilən islahatların dərinləşdirilməsini nəzərdə tutur. Bu model iqtisadi modernləşmə, infrastrukturun yeniləşməsi, məskunlaşma və həyatın təşkili sahəsində modernləşmə kimi pripsipləri əhatə edir.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə bildirib ki, Azərbaycanın yeni iqtisadi modeli hazırlanır. Yeni model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və sahibkarlara daha yaxşı şəraitin yaradılmasını nəzərdə tutur. Prezidentin köməkçisi onu da bildirib ki, yeni iqtisadi model həyata keçirilən islahatların davamıdır. Əli Həsənovun sözlərinə görə, iqtisadi sahədə həyata keçirilən islahatlar artıq başlanğıc mərhələsində öz effektini verib. Bunun ən bariz nümunəsi vergi və gömrük daxilolmalarındakı artımdır.
Azərbaycanın müasir inkişafının əsas hədəfləri strateji çağırışlara adekvat olaraq genişmiqyaslı institusional və iqtisadi islahatların davam etdirilməsidir. Həmin islahatların əsas istiqamətlərindən biri biznes mühitinin yaxşılaşdırılması, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyinin artırılması, vergi–gömrük idarəetməsinin keyfiyyətinin daha da yüksəldilməsi, bazara daxilolma məhdudiyyətlərinin minimuma endirilməsi, eyni zamanda, azad rəqabət mühitinin təmin edilməsidir. 
Azərbaycan Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Prezidentin müəyyənləşdirdiyi yeni iqtisadi modelə uyğun olaraq institusional altyapı mütəmadi şəkildə yenilənir. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Bu islahatlar iqtisadiyyatın əsas prinsipi olan səmərəliliyin daha da artırılmasına xidmət edir.
Dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların isə yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir. Əslində dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir. Bu  islahatlar çərçivəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətləri daha əlçatar və keyfiyyətli olacaq. “Bir pəncərə” və rəqəmsallaşma kimi prinsiplər struktur islahatları boyunca keçən əsas xətdir.
Yeni iqtisadi model Azərbaycanın milli dövlətçiliyinin daha da möhkəmlənməsinə, siyasi və iqtisadi sabitliyin güclənməsinə, sosial rifahın yüksəlməsinə dərin əsaslar yaradır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin