Kompensasiyaların ödənilməsinə başlanıldı…

0
99


10 min dollardan yuxarı olan kredit borclarının da ödənilməsi gözlənilir

Prezident İlham Əliyevin 28 fevral 2019-cu ildə imzaladığı  “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq aprelin 22-dən etibarən problemli kreditlərə görə kompensasiyalar verilməsinə başlanıb. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyi ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, bank olmayan kredit təşkilatlarının, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarının isə poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülməsinə start verib. Nazirlik artıq  kompensasiyaların ödənişi üçün 351 milyon manat həcmində ilk tranşın ayrəlmasını təmin edib. Kreditlər dövlət komissiyasının müəyyən etdiyi banklar və «Azərpoçt» tərəfindən həyata keçirilməkdədir. Prosesdə şəffaflığın təmin olunması məqsədilə Maliyyə Bazarlarına Nəzarət  Palatasının nümayəndələri iştirak etməkdədir. Kompensasiyaların 500 -10.000 manat məbləğində olan hissəsi banklar tərəfindən vətəndaşlara verilən ödəniş kartlarına köçürülür.
Kompensasiyaların 500 manatdan aşağı olan hissəsinin ödənilməsinə mayın 1-dən başlanılacaq. Qaydalara görə, vətəndaşlar kompensasiyaları «Azərpoçt»un şöbələrindən ala biləcəklər. Həmin pullar «Azərpoçt»un 77 şöbəsi tərəfindən veriləcək. Həmin vəsaitlərin «Azərpoçt» tərəfindən pul köçürməsi yolu ilə həyata keçiriləcək, fiziki şəxslərdən heç bir komissiya tutulmayacaq.«Azərpoçt» problemli kreditlərə görə, ümumilikdə 121 min nəfərə kompensasiya verəcək.
Kompensasiya alacaq 602 min 347 nəfərin vəsaitləri may ayında yekunlaşacaq.
Məsələ ondadır ki, bəzi kredit alacaq vətəndaşların adları siyahıda olmadığından onların kredit alıb-almayacağına dair narahatlıqlar qalır. Belə bir vəziyyətlə üzləşən vətəndaşların problemləri Maliyyə Bazarlarına Nəzarət Palatası yanında yaradılmış Apellyasiya komissiyası tərəfindən mayın 1-dək həll ediləcək.
Prosesin növbəti mərhələsi şəhid ailələrinin kredit borclarının silinməsi ilə bağlı olacaq. Dövlət başçısının tapşırığına əsasən, həmin kateqoriyaya aid şəxslərin kredit borclarının silinməsi üçün müvafiq qurumlar tərəfindən işçi qrupu yaradılıb. Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Hüquqi Məsələlər üzrə Ekspert Qrupu bu məsələ ilə bağlı təklifləri yekunlaşdırmaq üzrədir.
Hökumət qarşıdakı mərhələdə məbləği 10 min dollardan yuxarı olan, yəni hazırda verilməsi nəzərdə tutulmayan yuxarı məbləğə malik  problemli kreditlərin qaytarılmasını da təmin edə bilər. Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, hökumətdə sahibkarların hüquqlarının müəyyən qədər bərpası üçün də müzakirələr aparılır. Dövlət devalvasiya nəticəsində sahibkarların  da ziyana düşməsini nəzərə alaraq onlara dəstək vermək niyyətindədir. Artıq həmin məsələ ilə hüquqi şəxslərin və sahibkarların, müvafiq qurumların təklifləri Azərbaycan Banklar Assosiasiyasına təqdim olunub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin