”Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar”

0
136


2003-cü ildən sonra inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycan ötən müddətdə sürətli iqtisadi tərəqqiyə çatıb, dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilib, ölkəmizin hər bir vətəndaşı layiqli və ləyaqətli sosial həyat, şəraitlə təmin olunub.

Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq Azərbaycan Respublikası Prezidentinin həyat fəlsəfəsidir. Dövlət başçısının qeyd etdiyi kimi: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır”.
Ötən 15 ildə sosial sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını təmin edib. Əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə sistemli tədbirlər bu gün də davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə, sığortaolunanların fərdi uçotunun təşkili və pensiya təminatının vahid pensiya qurumunda cəmləşdirilməsi və bu sahələrin mütərəqqi texnologiyalar əsasında təkmilləşdirilməsi və yenidən qurulması mühüm və köklü dəyişikliklərə səbəb olub. Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2017-ci ildə 528,2 manatadək yüksəlib, əhalinin nominal gəlirləri 8,6 dəfə artıb, yoxsulluq səviyyəsi 5,4 faizədək, işsizlik səviyyəsi 5 faizədək azalıb.
Məhz bu sosial hədəf davamlı olaraq ölkə vətəndaşlarının həyatının yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərə yönəldilibdir. Sosial sahədə aparılan köklü islahatlar 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə növbəti dəfə parlaq qələbə qazanan Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilibdir. Dövlət başçısının yürütdüyü siaysətdə sosial amillər prioritet olub. Son bir il ərzində “Məşğulluq haqqında” yeni Qanun, 2019-2030-cu illər üçün məşğulluq strategiyasının qəbul edilməsi, digər mühüm fərman və sərəncamların imzalanması sosial sahədə komleks, vahid paket üzrə islahatların başlandığını təsdiqlədi.
Azərbaycan Prezidenti respublikamızın artan maliyyə imkanlarını ilk növbədə, sosial sahələrə yönəltməklə insan amilini, vətəndaşın layiqli sosial həyatını hər şeydən uca tutduğunu göstərmiş oldu. 2018-ci ildə və 2019-cu ilin birinci rübündə ölkəmizin yüksək iqtisadi inkişafı, büdcə gəlirlərinin artması dövlətin sosial siyasətin əhatəsini daha da gücləndirməsinə əlverişli imkanlar yaradıb. Bunu cari ilin birinci rübündə dövlət başçısı tərəfindən əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun indeksləşdirilməsi və artırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin gücləndirilməsi, digər sosial və iqtisadi sahələrdə müavinət və əməkhaqlarının artırılması ilə bağlı imzalanmış fərman və sərəncamlarda görə bilərik. Ötən 3 ay ərzində hökumətin hazırlayaraq həyata keçirdiyi güclü sosial paket ümumilikdə 3 milyon vətəndaşın sosial həyatına öz mühüm təsirlərini göstərməkdədir. Prezident İlham Əliyev tərəfindən aparılan sosial siyasətin ən mühüm prioritetlərindən biri ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanların, müharibə əlillərinin və bu döyüşlərdə şəhid olanların ailələrinin sosial müdafiəsinin gücləndirilməsidir. Dövlət başçısı tərəfindən imzalanmış fərman və sərəncamlar bu istiqamətdə mühüm addımların atılmasına, həmin kateqoriyalardan olan vətəndaşların etibarlı sosial müdafiəsi sisteminin formalaşmasına imkan verir.
Ötən illər ərzində bu istiqamətdə aparılan məqsədyönlü siyasətə əsasən, 7 minə qədər şəhid ailəsi mənzillə təmin olunub. Şəhid övladlarının  təhsil haqları dövlət tərəfindən ödənilib, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi  daim yad edilir.
Prezidenti İlham Əliyevin ötən il Prezident seçildikdən sonra ilk qərarı da məhz şəhid ailələri ilə bağlı oldu. Dövlət başçısının imzaladığı sərəncama əsasən, şəhid olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində kompensasiyaların verilməsinə başlanıldı. Bu addım şəhid ailələrinə olan böyük qayğı, hörmət və ehtiramın nümunəsi kimi cəmiyyətdə rəğbət doğurdu. Prezident İlham Əliyev son bir ildə şəhid ailələrinə mənzillərin verilməsi ilə bağlı mərasimlərdə də iştirak edib, onlara dövlət qayğısının daha da artırılması üçün müvafiq qurumlara tapşırıq verib.
2019-cu il yanvarın 28-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin üzvləri ilə görüşü sosial-siyasi əhəmiyyəti ilə yanaşı, milli-mənəvi, vətənpərvərlik baxımından da çox böyük önəm kəsb etdi. Cənab Prezident həmin görüşdə xüsusilə vurğuladı ki, şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır. Həmin görüşdən sonra dövlət başçısının imzaladığı müvafiq fərmanla şəhid olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik yardımın əhatəsi genişləndirildi. Fərmanla birdəfəlik ödəmələrin verilməsi 2725 nəfər çox olmaqla 12 min 268 şəhidin vərəsələrini əhatə etdi, bu məqsəd üçün ümumilikdə 135 milyon manat vəsait ayrılıb.
Dövlət başçısının imzaladığı digər fərmana əsasən, şəhid ailələri üçün verilən aylıq müavinətlərin məbləğinin artırılması, digər sosial tədbirlərin görülməsi də nəzərdə tutlub.  “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 2019-cu il 30 yanvar tarixli fərmana əsasən, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.
Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Təkcə 2018-ci ildə 5800 məcburi köçkünə mənzillər, fərdi evlər verilib. Bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülübdür. Azərbaycan Prezidentinin fevral ayında imzaladığı mübafiq sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətləri 50 faiz artırılıbdır. Qeyd edək ki, 2017-ci ilin əvvəlində bu rəqəm 36 manat, 2018-ci ildə 40 manat idi. Sərəncamdan sonra bu rəqəm 50 faiz artırılaraq 60 manata çatdırılıb. Bununla da, məcburi köçkün ailələrinin hər bir üzvünə kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən 60 manat vəsait ödəniləcək. Birdəfəlik aylıq müavinətin artırılması məcburi köçkünlərə sosial dəstəyin növbəti nümunəsi hesab edilə bilər.
Məlum olduğu kimi, sosial paketə daxil olan ən mühüm tədbirlərdən biri minimum əməkhaqqının 2019-cu il martın 1-dən 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılmasıdır. Bu qərar 600 min işçinin əməkhaqqının artmasına imkan veribdir. Dövlət başçısının imzaladığı sərəncam təkcə muzdla çalışan insanların 40 %-nin əməkhaqlarının artmasına imkan veribdir. Qeyd edək ki, minimum əməkhaqqının artırılması dövlət büdcəsindən il ərzində 400 milyon manat vəsaitin ayrılmasına səbəb olacaq. 2019-cu ilin büdcəsindən həmin məqsədlər üçün (10 ay üzrə, mart-dekabr) 335 milyon manatadək əlavə vəsait ayrılması nəzərdə tutulubdur.
Prezident İlham Əliyevin digər sərəncamı tələblərə dövlət dəstəyinin gücləndirilməsi ilə bağlıdır.  Sərəncama əsasən tələbələrin təqaüdləri də artırılıbdır. Bu addım tələbələrin təkcə sosial rifah halının yaxşılaşdırılmasına deyil, eləcə də təhsilin keyfiyyətinin yüksəlməsinə də xidmət edəcək. Eyni zamanda, tələbələr arasında sağlam rəqabətin yaranmasına gətirib çıxaracaq.
Sosial paketin ən mühüm istiqamətlərindən biri də dövlət başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamıdır. Bu sənəd əhali qruplarının, qayğıya ehtiyacı olan şəxslərin maraq və mənafelərinin təminatına kompleks yanaşma baxımından son dərəcə dolğun və əhatəli dövlət sənəd kimi mühüm əhəmiyyət kəsb edir. Sərəncama uyğun olaraq, sosial müavinətin məbləği müxtəlif sosial kateqoriyalar üzrə 50-100 faiz, bəzi kateqoriyalar üzrə isə 120 faiz artırılıbdır. Bu, sosial tədbirlər 600 minə yaxın vətəndaşa yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndrilməsi məqsədinə xidmət edir.
Prezidenti İlham Əliyevin fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman isə sosial sahədə ən inqilabi addım kimi yadda qaldı. Bu qərarı kredit amnistiyası kimi də dəyərləndirmək mümkündür. Yüzminlərlə insanın sosial həyatına birbaşa təsir edən bu sənədin imzalanması Azərbaycan xalqına, vətəndaşına olan yüksək qayğısının növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Problemli kreditlərin həlli nəticəsində təxminən 950 min insanın sosial vəziyyəti yaxşılaşacaq. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat, 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,6 manat nəzərdə tutulmaqla dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulub. Qeyd edək ki, aprelin 22-dən etibarən problemli kreditlərlə bağlı ödənişlərin vətəndaşlara qaytarılmasına başlanılıb və proses uğurla davam etdirilir.
Azərbaycanda sosial islahatlar davamlı, uzunmüddətli və ünvalıdır. Dövlətin həyata keçirdiyi siyasətinin sosialyönümlülüyü birbaşa xalqın sosial intibahına xidmət edir.

Pərvanə HÜSEYNOVA

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin