2019-cu ilin ilk rübü: Qazancımız və gözləntilərimiz

0
112


Qlobal mürəkkəb proseslərin hələ də səngimədiyi 2019-cu ilin birinci rübü geridə qaldı. Müxtəlif dünya ölkələri ilk rübü müsbət göstəricilərlər başa vurdu, iqtisadi geriləmə və zərərlə üzləşən ölkələr də az olmadı. Bu dövrdə Azərbaycan iqtisadiyyatı hansı mühüm iqtisadi-sosial hadisələri yaşadı, ölkəmizin iqtisadiyyatında hansı dəyişikliklər baş verdi?
Rəsmi statistika Azərbaycan iqtisadiyyatının 2019-cu ilin yanvar-mart ayında pozitiv inkişaf meyilləri nümayiş etdirdiyini göstərir. Belə ki, ilk 3 ayda ümumi daxili məhsul 3%-dən çox artıb və bu, ən yaxşı ümumdünya göstəricilərindən biridir. Azərbaycan 2013-cü ildən sonra ən yüksək iqtisadi artım əldə edib. Dünya iqtisadiyyatında yaranmış mürəkəb tendensiyalar ölkəmizin iqtisadi və maliyyə sektorlarına öz təsirlərini göstərdiyindən Azərbaycan iqtisadiyyatı 2013-cü ilədək olan 3-5 %-lik iqtisadi artımdan sonra aşağı göstəricilərlə üzləşmişdi. Belə ki, 2013-cü ildə iqtisadiyyatımız 5,8% artıdığı halda 2014-cü ildə artım 2,8%, 2015-ci ildə isə 1,1%-ə düşdü. Dünyada iqtisadi böhranın dərinləşməsi və neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanda 2016-cı ildə ÜDM-in 3,1% azalmasına gətirib çıxardı, 2017-ci ildə artım cəmi 0,1% təşkil etdi. Hökumətin yol xəritələri hazırlayaraq neftdənkənar iqtisadiyyata təkan verməsi 2017-ci ilin ikinci yarısından müsbət meyillərin yaranmasına və 2018-ci ildə ÜDM-in 1,5%-lik artımına imkan verdi. Beləliklə, 2018-ci ildə iqtisadiyyata yeni nəfəsin gəlməsi bütün sahələrdə hərarəti təmin etməyə başladı. Bu dinamika 2019-cu ilin birinci rübündə özünü daha aydın şəkildə göstərməkdədir. 


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov da hesab edir ki, artıq Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir və neft sütunu üzərində deyil, qeyri-neft, sənaye sahələrinin dayanıqlı artımı üzərində inkişaf etməkdədir: “ Hazırda iqtisadiyyatda yeni motivasiya və yanaşmalar tətbiq olunmaqdadır. Bu siyasət ölkəmizin maliyyə və makroiqtisadi sabitliyini möhkəmləndirir, qeyri-neft sektorunun inkişafını sürətləndirir, regionların əlavə dəyərin yaranmasına səbəb olur, investisiya fəallığını təşviq edir, biznesin rolunun artmasına və ixracda xüsusi payının yüksəlməsinə xidmət etməkdədir. Məhz bu kimi amillərin nəticəsində 2019-cu ilin birinci rübündə Azərbaycan iqtisadiyatı neftdən asılı olmadan dayanıqlı inkişaf edib. 3 ay ərzində ÜDM-n 3% artımına nail olunub. Qeyrni-neft sektoru 5 %-ə yaxın, sənaye istehsalı 4,4 faiz artıb. Qeyri-neft sektorunda sənaye istehsalı 15,6 % artm əldə olunub. Kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir – 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb».
Aydın Hüseynovun qeyd etdiyinə görə, iqtisadi artıma aparılan islahatlar da öz təsirini göstərməkdədir. “İqtisadi idarəetmədə yeniliklərin tətbiq olunması və biznes islahatları bütün sahələrdə hesabatlılığın, maliyyə intizamının və şəffaflığın təmin edilməsini möhkəmləndirir. Məhz şəffaflıq və yeni yanaşma nəticəsində birinci rübdə 200 milyon manatdan çox vəsait toplanılıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə edilib. Müsbət məqam ondadır ki, vergi orqanları qeyri-neft sektorundan daha çox yəni 136 milyon manat vergi toplayıblar».
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü hesab edir ki, 2019-cu ilin birinci rübündə gəlirlərimizin artması sosial siyasətin əhatəsinin daha da güclənməsinə əlverişli imkanlar yaradıb. “Ötən 3 ayda dövlət başçısı tərəfindən əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun indeksləşdirilməsi və artırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin gücləndirilməsi, digər sosial və iqtisadi sahələrdə müavinət və əməkhaqlarının artırılması, problemli kreditlərin həll və digər mühüm tədbirlər bunu təsdiqləyir”.
2019-cu ilin qarşıdakı aylarında iqtisadi gözləntilər necə olacaq?
Aydın Hüseynov bildirir ki, iqtisadi idarəetmənin və şəffaf iqtisadiyyatın qurulması istiqamətində işlər daha da genişlənəcək. “Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası dərinləşir. Ölkəmiz enerji resurslarının ixracı ilə yanaşı, qeyri-neft məhsullarının da ixracını və coğrafiyasını genişləndirir. Mühüm iqtisadi və maliyyə proqrmalarında yaxındam iştirak edən Azərbaycan beynəlxalq təşkilkatlarla, inkişaf etmiş qabaqcıl dövlətlərlə iqtisadiyyatın müxtəlif sahələrində yeni innovasiyaların tətbiqi sahəsində əməkdaşlığı dərinləşdirir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumlarının mütəxəssisləri ilə birgə müasir iqtisadi inkişaf proqramları sahəsində fayadalı əməkdaşlıq güclənir. Bu baxımdan ölkəmizin yeni inkişaf strategiyasının hazırlanması vacibdir. Hesab edirəm ki, 2021-2025-ci illəri əhatə edən yeni strategiya Azərbaycanın inkişafını daha da sürətləndirəcək, sosial tərəqqini gücləndirəcəkdir».

E.Cəfər

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin