Ədliyyə Nazirliyində Avropa Şurası rəsmiləri ilə görüş keçirilib

0
62

Ölkəmizdə səfərdə olan Avropa Şurası Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti Ədliyyə Nazirliyində olub.

Ədliyyə nazirinin müavini Azər Cəfərov ilə keçirilmiş görüşdə Avropa Şurasının Ədliyyə Nazirliyi ilə əməkdaşlığının səviyyəsindən məmnunluq ifadə olunub, ölkə Prezidenti İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş işlər, o cümlədən cinayət qanunvericiliyinə edilmiş əhatəli və konseptual dəyişikliklər barədə ətraflı məlumat verilib. A.Qessel Azərbaycan Prezidentinin Sərəncamının Avropa Şurasında çox yüksək qiymətləndirildiyini vurğulayaraq, həyata keçirilən tədbirlərin, o cümlədən bu sahədə qanunvericilikdəki mühüm yeniliklərin hüquq sisteminin təkmilləşməsinə yönəldiyini, vətəndaşlara birbaşa müsbət təsirini xüsusilə qeyd edib.

Eyni zamanda məhkəmə-hüquq sistemindəki islahatlar,  o cümlədən vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər, “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin tətbiqi barədə məlumat maraqla qarşılanıb. Ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanını alqışlayan qonaq bu mühüm sənədin qısa müddətdə icrasını, həmçinin bu sahədə Ədliyyə Nazirliyinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını yüksək qiymətləndirib və Avropa Şurasının bu əlaqələri dəstəkləməyə hazır olduğunu bildirib.

Sonra ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlandığını və dövlət başçısının proqram xarakterli yeni Fərmanının müstəsna əhəmiyyətini vurğulayıb, bu sahədə qarşılıqlı fəaliyyət üçün yaxşı imkanların olduğunu bildirib.

Səfər zamanı açıq və konstruktiv müzakirələrin aparıldığını söyləyən Qessel Prezident Fərmanının icrasının məhkəmə-hüquq sistemində çox böyük dəyişikliklərə gətirib çıxaracağını qeyd edib, onun icrası üzrə görülən tədbirləri təqdir edərək Avropa Şurasının Fərmanın icrasına dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə Avropa Şurasının Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes iştirak edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin