“Jurnalistikadan incəsənətə”

0
193

Bir ailənin yaratdığı LATİS brendi zərgərliklə tətbiqi-sənəti sintezləşdirib

Ailədən başlayan sənət yolu

Ailə dövlətdir! Ailə Vətəndir! Ailə sevgidir-səadətdir! Ailə mərhəmət, ailə hikmətdir!

Körpə nəvazişindən müdriklik əlçatmazlığınadək yoldur ailə!

Tarix, etnoqrafiya, məişət, milli adət-ənənələr həm də xalq tərəfindən yaradılan sənətkarlıq nümunələrində nəsildən-nəsilə yaşadılır. Bunların da yolu ailədən başlayır. Xalqımıza məxsus tətbiqi-sənətin mühüm və ən geniş yayılmış növlərindən olan, yaşı yüz illərlə ölçülən zərgərlik də ailədən başlayıb ilkinliyini.

Zərgərlik məmulatları, zinyət əşyaları, soyuq silahlar, çini, şüşə, ağac və daş üzərində oyma ilə işlənmiş əşyalar, bədii tikmə, parça, kişi, qadın, uşaq milli geyimləri, zərif naxışlı bədii metal nümunələri və s. kimi tətbiqi-sənət nümunələri bu gün də özünəməxsusluğu və unikallığı ilə seçilir, qorunub saxlanılır.

Bu günlərdə keçirilən satış-sərgidə ziyarətçilərə təqdim olunan, zərifliyi ilə daha çox diqqəti cəlb edən sənət nümunələrinə, atalar demiş, “baxamağa iki göz də az idi”: “Jurnalistikadan incəsənətə” adlı satış-sərgidə nümayiş etdirlən, bir ailənin yaratdığı LATİS brendli tətbiqi-sənət nümunələri haqqında ayrıca söz açmağa dəyər. LATİS-in açması da göstərir ki, o, bir ailənin yaratdığı brendidir.

Sənətdən sənətkarlığadək…

Bir-birindən maraqlı, incə zövqlə işlənmiş sandıq və sandıqçalar, eləcə də müxtəlif zərgərlik məmulatları ilə bəzədilən digər məişət əşyaları nəinki Şərq aləmini, hətta, avropalıları da heyran qoyan sənətkarlıq nümunələri sayılırdı. Sənət incisi olan bu əl işləri, sözün əsl mənasında, dünyanın ən aparıcı, tanınmış muzeylərinin ekspozisiyasının bəzəyinə çevrilə bilər. Təəssüf ki, onlar indiyə kimi sənət əsərləri sərgilərində nümayiş etdirilməyib.

“Azərkitab” və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı və dəstəyi ilə ərsəyə gələn Lalə və İsgəndər Sərdarlıların, tətbiqi sənət nümunələrindən ibarət fərdi sərgisi əslində üç nəfərlik bir ailənin (Lalə+Toğrul+İsgəndər) – həyat yoldaşı, oğul və ata) təqdim etdikləri müəllif işləridir. 1966-cı ildə Goranboy rayonunda dünyaya göz açan İsgəndər Sərdarlının uşaqlıq illərindən arzusu yazıb-yaratmaq olsa da, tale onu bu sənətə sonradan yol açıb. Goranboy şəhərindəki 2 nömrəli orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra o zamankı Neft-Kimya İnstitutuna (indiki Neft Akademiyasında) qəbul olub və ilk baxışdan qeyri-adi görünən ixtisas seçib: “mühəndis-texnik, analitik-jurnalist”. Tələbəlik illərində sevib-seçdiyi Lalə xanımla institutun sahə qəzetində bir-birindən maraqlı analitik yazılarla çıxış ediblər. Tale ona qismət etdiyi ömür-gün yoldaşı Lalə xanım da Baki şəhəri 175 saylı orta məktəbi əla qiymətlərlə bitirmiş, o da sonradan məhz bu ixtisas sahibi olub.

“Əbədiyyata qovuşma”sa da…

Sonralar Sərdarlı İsgəndər Azərbaycan SSR Dovhət Təhcizad Komitəsində aparıcı mütəxəssis kimi çalışmış, Lalə xanım isə ali təhsilini başa vurduqdan sonra Neft-Kimya İnsitutunun Fizika kafedrasinın elmi işci kimi çalışmışdır. Həmin dövrdə Lalə xanım dissertasiya üzərində işləyir, lakin 90-cı illərin əvvəllərində ölkədə yaranmış vəziyyət, onların hər ikisinin bu sahələrdəki fəaliyyətlərini yarımçıq qoyur. Müstəqil Azərbaycanda, mətbuat sahəsində fəaliyyətlərini davam etdirirlər. Bir-birindən maraqlı mövzularla respublika mətbuatında imzalarını təsdiqləyən cütlük çoxsaylı analitik, araşdırma, portret-oçerklər müəllifləri kimi tanınıblar. Hər ikisi həm də bu ərəfədə parlament müxbiri kimi çalışırlar. Sonralar Azərbaycanda mətbuatın inkişafına öz tövhəsini verən bir çox layihələrə müəlliflik edirlər. Lalə xanımım rəhbərlik etdiyi “Birlik” adlı sahə qəzeti dəfələrlə ölkənin ayrı-ayrı jurnalist təşkilatlarının mükafatlarına layiq görülür. Oğlu Sərdarlı Toğrul o illərdə Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat fakultəsini bitirir. Lakin hələ 1-ci kursda oxuyarkən “Əbədiyyata Qovuşma” adli ilk romanını yazır. Əsərin Latviyanın paytaxti Riqa şəhərində təqdimatı keçirilir. 2010-cu ilə təsadüf edən ailənin bu sevincli günləri həm də ona görə əlamətdar idi ki, Toğrul o zaman respublikanın xalq artisti Samir Cəfərovdan (hazırda Gəncə Filarmoniyasının direktoru) və keçmiş SSR-in məşhur bəstəkarı, Latviyanın canlı əfsanəsi Raymond Paulsdan vokal dərsləri və  bu sənətdə öz xeyr-duasını alır. Təbii ki, gənc Toğrul üçün böyük perspektivlər açılır. Lakin qəfildən bu xoşbəxtliyin üzərinə qara bir kölgə çökür: İsgəndər Sərdarlı şəkərli diabetin fəsadlarından komaya düşür. Komadan sonraki həyat isə öz gərginlik dolu diktələrini edir. Bununla da ailənin jurnalistika aləmi ilə əlaqəsi birdəfəlik kəsilir. Həkimlər ona yazı-pozu ilə məğul olmağa izacə vermir. Lakin İsgəndəri yenidən həyata qaytarmağa çalışan Lalə xanım eyni zamanda onun ev həkiminə çevrilir.

Heç zaman onu tək qoymayan Lalə xanım hələ uşaqlıqdan maraq göstərdiyi tətbiqi-sənət nümumələrini elə onun yanındaca hazırlamağa başlayır. İlk əl işləri “Peyp art” üsuslu ilə hazırlanan müxtəlif çeşidli vazılar, pannolar olur. “Papye maşe” üsulu ilə ərsəyə gətirdiyi qablar, nimçələr,venesiya maskaları va s. diqqət çəkir.  Təbii ki, bu yaradıcılıq atmosferini seyr edən İsgəndər Sərdarlıda ümidverici işartılar yaranir. Növbəti mərhələdə Lalə xanım hazırladığı bir boyunbağı üçün həyat yoldaşından xüsusi qab hazırlamasını xahiş edir. O zamanlar karton məmulatından hazırlanan bu qab İsgəndər Sərdarlını yeni həyata qaytarır. Bu minvalla o, canı- dildən bütün çalışmalarıni bu sahəyə yönəldir: karton qutular mücrülərə, onlar da sandıqlara çevrilir. Az keçmir ki, bütün karyerasından, perpektivlərindən atasını tək qoymamaq naminə əl qötürən Toğrul da ona dəstək olaraq bu yaradıcılıq işlərinə qoşulur. Bu ərəfədə Lalə xanımın hazırladığı işlər, sosial şəbkələr vasitəsi ilə özünə böyük şan şöhrət qazana bilir. ABŞ, Kanada, Yaponiya, İtaliya, İspaniya, Fransa, Macarıstan, Türkiyə, Ukrayna, Rusiya kimi ölkələrdən  alıcılar tapır.

Bu həm də yaşamağı öyrənməkdir…

Əlbəttə, elmi-texnikadan incəsənətə keçid o qədər də asan olmur. Toğrul Sərdarlı bildirdi ki, əslində, art terapiyanın faydaları danılmazdır: “Zaman-zaman bu zərurətdən geniş tətbiq edilməkdədir. Atam bu işləri hazırlayarkən yaradıcılıq baxımından qarşısına bir hədəf, məqsəd qoymurdu. Və yaradıcılığında heç bir mövcud məktəbə də üz tutmayıb. Üzərində işlədiyi əsərlər də çox gözəl alınırdı. İşi başa çatdıranda uşaq kimi sevinirdi. Bildirirdi ki, gözlədiyindn də yaxşı alınıb. Hesab edirəm ki, heç bir məktəb keçmədən, bu yönumdə xüsusi araşdırmalar aparmadan belə nəticələr əldə etmək kainatın bizə bəxş etdiyi əsl harmoniyanı həzm etməkdir”.

 İsgəndər Sərdarlının da ürəyi doludur: “Mən bu işin əlifbasını ömür-gün yoldaşından öyrəndim. Bu, sadəcə, nəyisə hazırlamağı, yaratmağı öyrənmək deyil. Bu həm də yaşamağı öyrənməkdir. İndi içində yaşadığın yeni bir dünyanın sakini olmaq mənim üçün ən böyük xoşbəxtlikdir. “Parallel aləmlər” deyimi hamıya tanışdır. Buna fantastik əsərlərdə, filmlərdə rast gəlmək olur. Mən isə reallıqda bu aləmə düşmüşəm, tam əminəm ki, hər kəs üçün bu mümkündür. İndi biz üçümüz birlikdə bir ailə olaraq vahid orqanizmtək bu aləmdəyik. Birgə yaşayıb yaradırıq”.

Sənət nümunələrinin unikallığını təsdiqləyən səbəblər çoxdur. Məsələn, sandıqlar müxtəlif xalqların və dövrlərin yadigarlarıdır sanki. Bunları düzəldib təqdim etməklə sənətkarlar tarixlə incəsənətin sintezini yaradıblar.

Geniş xalq auditoriyasına yenicə təqdim edilən sənət nümunələrinin özəlliklərindən biri onların adlarındadır: “Mənim ailəm”, “Bahar təranələri”, “Novruz ovqatı”, “Atlantida”, Sevgi atəşi”, “Lakşmi bəxşişi”, “Gözəllik ilahəsi” və s. Şərqin təbabət alimi İbn-Sinaya həsr edilən sandığın özəlliyi müəllifin bu əl işi vasitəsilə gələcəyə ünvanlandığı mesajdadır. Ümumiyyətlə, məllif bildirir ki, əsərlərinin bir çoxlarında gələcəyə mesajları var. Onlar bir növ saf sevgi mesajlarıdır: gözəlliyə, əsl harmoniyaya, aydınlığa, işığa, sədaqətə olan sevgi mesajları.

İsgəndər Sərdarlının iki əsəri Macarıstanın milli muzeyində (Avstro-Macarıstan krallığının kraliçasi Yelizaveta Bavarskayaya həsr edilmiış “Koroleva Sisi” adlı mücrü) və Kipr muzeyində (“Qızıl gül ovqatı”) saxlanır. Bu əntiq əşyaların ilk vaxtlar satışı nəzərdə tutulmayıb. Müəllif olub-keçənləri acılı-şirinli xatirə kimi  söyləyir: “Bu əsərləri heç vaxt satmaq fikrimiz olmayıb. Onları nəslimizə, muzeylərimizə ərmağan etmək üçün yaratmışdıq”.

50 min avroya dəyən əsər yaratmaq məharəti və…

Lakin hazırda ailənin başqa yerdən gəliri olmadığı və İsgəndər Sərdarlının müalicəsinin davam etdirilməsi üçün hər biri yeganə nüsxə olsalar da, satışı nəzərdə tutulub. Burada 50 manatdan 5000 manatadək dəyişən qiymətli müəllifin əl işləri var. Əslində, ekspertlər bu işlərə qat-qat yüksək dəyər və qiymət veriblər. LATİS-in üçüncü üzvü Toğrul Sərdarlı atasının fikirlərini davam etdirir: “ Bu sandıqların birinə (“Mənim ailəm”) Avropada, İspaniyanın Malaqa şəhərindəki qalereyalardan birində ekspertlər 50 000 avro civarında qiymət müəyyənləşdirdilər və bildirdilər ki, bu işləri Fransada daha baha satmaq olar. Lakin o zamanlar bu işləri satmaq heç ağlımıza da gəlməzdi”.

Lalə Sərdarlının ərsəyə gətirdiyi əfsanəvi “Səməndər quşlarındakı (barelyef işi) sirlər də az deyil. Bu işə Türkiyənin tanınmış rəssamı İsmət Çabuk çox yüksək dəyər verib. Bildirib ki, böyük məmnuniyyətlə Lalə xanımla birgə bu səpkidə daha bir layihə reallaşdırmağa hazırdır.

Sərgi zamanı digər ölkələrdən gəlmiş insanlar da “LATİS”-in işlərinə böyük maraq göstərdilər. Amerika və Macarıstandan olan turistlər aldıqları sandıqlar vasitəsilə xalqımız və onun sənətkarlıq nümunələri barədə məlumatlar da əldə ediblər. Bu isə Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği deməkdir. Əşyaların arasında sənətkarların ilk əl işləri də diqqət çəkir ki, adı “İlkim”dir. “Mənim Turanım”, “İsgəndərriyyə bəxşişi”, “Şərq gözəli”, “Niyyət”, “Dərya”, “ Yaşıl sirdaş”  adlı əsərlər milli koloritləri və orijinallıqları ilə də seçilir. Böyüklü-kiçikli həmin sandıqların əksəriyyəti bər-bəzək və zinət əşyalarının saxlanması, xüsusən də yeni ailə quran qız-gəlinlərin cehizi üçündür.

“Sultanın bəxşişi”nin qazandırdığı böyük uğur

Lalə Sərdarlı bu işlərlə bağlı bir qədər tarixə ekskurs etdi: “XVI-XIX əsrlərdə hazırlanmış bədii metal nümunələri 6 texniki üsulda bəzədilirdi: döymə, basma, qara savad, şəbəkə, xətəmkarlıq, minaçılıq: “Orta əsr mənbələrində zərgərlik sənətinin inkişafı haqqında məlumatlara rast gəlinir. Həmin mənbələrdə zərgərliyin daha çox inkişaf etdiyi Gəncə, Şamaxı, Bakı, Beyləqan şəhərlərinin adları göstərilir. On yeddi-on səkkizinci yüzilliklərdə isə Şamaxı ustalarının bəzək əşyaları böyük şöhrət qazanıb. Mən isə həm də qədim yapon məktəbindən bəhrələnərək yeni bir sintez qurub öz xəttimi təstiqləməyə çalışıram. Bizdə yuxarıda sadaladığım zərgərlik məktəbi, yaponlarda isə qədim Şibori var. Hələ üç il əvvəl Sankt-Peterburqda keçirilən Şibori məhsulları ilə hazırlanan bəzək əşyalari beynəlxalq müsabiqədə üç nominasiya üzrə birincilik qazandım. Beş nominasiyadan üç nominasiya üzrə iştirakçı idim. Hesab edirəm ki, mənə qələbə qazandıran elə yaratdığım bu yeni sintez oldu “Sultanın bəxşişi” adlı işim mənə böyük uğur qazandırdı. Şibori üzrə Fransadan və İtaliyadan olan məşhur sənətkarlar müəllif işlərimə yüksək dəyər verdilər. Bu, mənim ilk böyük qələbəm idi. Təbii ki, bu sahədə böyük planlarım var. İspaniyadan maraqlı takliflər almışıq. İndiyədək zərgərlik məktəbindən bəhrələnsəm də, istifadə etdiyim məmulatlar qızıl və briliyantlardan ibarət deyil, adi metal və daşlardandır. Lakin şibori ilə təbii daşların, eləcə də qızıl və briliyantın sintezi daha məqsədəuyğun olardı. Bu işdə bizə kimlərsə yardımçı olsa, dünyada yeni bir nümünəyə imza ata bilərik. Burada söhbət yalniz bahalı məmulatlardan getmir, hər bir təbii daşın öz energetikası, daşıdığı missiya və təsir imkanları var. Bunu artıq elm də sübut edib. Uyğun məhsullardan həm məzmunca, həm də estetik baxımdan bənzərsiz gözəl vəhtət yaratmaq mümkündür. Bu baxımdan xeyli eskizlər işləyib hazırlamışam. Qismət olsa, həyata keçirərik…”

Bəli, tətbiqi-sənət və zərgərlik  nümunələri də nəsildən-nəsilə ötürülür. Çünki onlar hər bir kökə aid xüsusiyyətləri qoruyub saxlayır. Məhz bu faktor da şərti olaraq zərgərlik məktəblərinin yaranmasına səbəb olan amillərdəndir. Ona görə də xüsusi olaraq Bakı, Şamaxı, Lahıc, Naxçıvan, İrəvan, Ordubad, Şəki, Gəncə zərgərlik məktəblərinin adlarını çəkmək olar.

Azərbaycan xalqı özünün milli-mənəvi sərvətlərindən sayılan sənətkarlıq nümunələrini daim qoruyub saxlayıb. Dövlətimizin bu sahəyə diqqət və qayğısı danılmazdır. Xalqımızın minillik tarixində zərgərlik kimi unudulmayan, sonrakı dövrlərdə də öz əhəmiyyətini saxlayan sənətlər az deyil. Xalq özünün tarixini, mədəniyyətini məhz yaratdığı və yaşatdığı sənətkarlıq nümunələrində qoruyub sonrakı nəsillərə bağışlayır. Ona görə də onları qorumaq geniş ictimaiyyətin də vətəndaşlıq borcudur.

Məhəmməd NƏRİMANOĞLU

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin