Laçının minillik yadigarları

0
177


Bu ulu yurddakı tarixi, dini, mədəniyyət abidələri erməni vandalları tərəfindən məhv edilir

Ulu babalarımızın çox dəyərli  yadigarları hesab edilən maddi mədəniyyət nümunələri respublikamızın əksər ərazilərində yetərincədir. Ona görə də ölkəmizə səfər edən səyyahlar Azərbaycanın tarixini özündə əks etdirən qədim dini və mədəni abidələrə heyranlıqlarını gizlədə bilməmiş və bu barədə dəfələrlə öz xatirələrində qeyd etmişlər. 

Dağların “quşqonmaz” zirvəsində  əsrlərin “dizini qatlayan”, minilliklərdən soraq verən  qalalar məskəni Laçının vəsfi şeirin, musiqinin ritminə köklənib. Amma, son illər bəstələnən bir mahnı da var ki, Laçının təkcə təbiətini deyil, taleyini də ifadə edir. Laçından uzaq düşüb xiffət çəkərək, sevilən mahnıları ilə xatirələrdə yaşayan Məhəbbət Kazımovun haraylı səsində “Laçınım… Laçınım… Laçınım mənim” təkcə Laçında doğulanları deyil, o yerlərin həsrətini çəkənləri də yandırıb-yaxır, qartalları  iyirmi yeddi ildir ki, qıy vurmayan qayalı-daşlı dağlara səsləyir.

Laçın düşmən məkrinin, çirkin siyasətin qurbanı olub. Dağlarımızın zirvəsi sayılan Laçının işğalının növbəti ildönümündə o yurdlarda doğulmuşların qəlbindən qara qanların necə axmasını təsəvvür etmək o qədər də çətin deyil. Yazın gəlişi ilə dağlar yaşıl donuna bürünüb aran ellərini yaylağa haraylayardı… Şuşanın arxa-dayağı, söykənəcəyi olan Laçının bir tərəfi də Kəlbəcər idi…

Vaxtilə Soltan bəyin qarşısında baş əyən erməni qaçaq-quldurlarının törəmələri indi o yerlərdə “at oynadır!..” Xalqımızın ümumi sərvəti olan dağlarımızın yağmalanması ilə dəyəri milyardlarla ölçülən təbii sərvətlərimiz daşnakların əlinə keçdi, talandı. Təkcə maddi sərvətlər beşiyi deyildi Laçın. Burada min illərin, əsrlərin yadigarı olan mənəvi sərvətlərimiz də ad  deyildi. Təəssüflər olsun ki, bu gün sözdə humanizmin təbliği ilə məşğul olan beynəlxalq təşkilatlar da belə talanların qarşısını almaqda aciz görünür.

Laçından ayrıldığımız ötən illərdə burada ermənilərin məskunlaşdırılması beynəlxalq səviyyədə dəfələrlə müzakirə mövzusu olsa da, hələ buna beynəlxalq birlik göz yumur.

Dağlıq Qarabağ üçün “Laçın koridoru”?!

Laçının ərazisindəki maddi mədəniyyət nümunələrimizin hansı səviyyədə olması isə işğal altında qalan torpaqlarımıza vaxtaşırı səfər edən beynəlxalq faktaraşdırıcı missiyanın üzvlərinə də məlumdur: daşı daş üstə qalmayıb. Tarixin yaddaşı olan abidələr bu yerlərdə çoxdan saxtalaşdırılıb – erməniləşdirilib. Bir sözlə, Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər işğal altında qalan maddi mədəniyyət abidələrimizi tamamilə və qəddarlıqla məhv etmişlər.

1992-ci il may ayının 18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıtdı. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin salındı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və  ya itkin düşdü. Rayonda 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qaldı. Şuşanın Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən geostrateji mövqeyə malik olan Laçını işğal etməsi ilə Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Təbii sərvətlərlə zəngin Laçında Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar var idi. Ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), 4457 min ton əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü  yataqları var idi.

“…Yaxşını qibləsinə,  aşığı tərsinə qoy”

Rayondakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü vardı. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri olub. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda  digər vəhşi heyvanlar və quş növləri qeydə alınmışdı.

 İşğalçılar beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq Laçında qanunsuz məskunlaşmanı bu gün də davam etdirir.

Laçın dağlarında qədim mədəniyyət abidələri ilə təbiət bir-birini sanki tamamlayırdı. Cicimli, Güləbird, Soltanlar, Zeyvə, Malıbəy, Bülövlük, Araflı, Əliqululu, Malxələf, Hüsülü, Kosalar, Seyidlər, Pircahan və digər kəndlərdəki tarixi abidələr (12 qoç, 28 at fiquru, 36 müxtəlif süjetli yazılar və rəsmlər, sal daş, müxtəlif dövrlərdə ərəb əlifbası ilə yazılmış, bir-birinə bənzəməyən sənət rəmzləri həkk edilmiş qəbirüstü daşlar, məşhur Sarı Aşığın sevgilisi Yaxşının məzarı) bu torpaqlarda min illər boyu yaşayan əcdadlarımızın bizə yadigar qoyduğu nişanələr idi.

Ay Allahı” da bu yerlərdəydi…

Rayonun Cicimli kəndindəki məbəd, qədim anbar, Güləbirddə Sarı Aşığın qəbirüstü ziyarətgahı, rayon tarix-diyarşünaslıq muzeyi əsrlərin canlı salnaməsi idi. Muzeydə toplanmış nadir eksponatlar Laçının zəngin tarixi keçmişi haqqında dolğun təsəvvür yaradırdı. Təəssüf ki, Laçının işğalı nəticəsində bu tarixi incilər də təcavüzün qurbanına çevrildi. Belə təcavüzə məruz qalanlardan biri də Laçının işğalından sonra orada tikilmiş qondarma, saxta erməni kilsəsi kimi təqdim olunan Ağoğlan abidəsidir. Böyük Vətən müharibəsi iştirakçılarınin xatirə kompleksinin erməniləşdirilməsi, şəhərin qərb istiqamətdən çıxışında tikilmiş abidə – “Qala qapısı” (üzərində erməni xaçı) və s. dediklərimizə əyani sübutdur.

Laçının ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Memarlıq elmləri doktoru D.A. Axundov və fəlsəfə doktoru M.D. Axundov “Qafqaz Albaniyasının stellalarında dini simvolika” və “Dünyanın mənzərəsi” adlı məqalələrində göstərirdilər ki, düzbucaqlı çərçivə içərisində cızma texnikası ilə işlənilən qadın, güman ki, Ay Allahı kimi təsvir olunmuşdur. Göstərilən bu abidə-stella bizim eranın xristianlıqdan əvvəlki dövrünə, bəlkə də daha qədimlərə aiddir. Buna bənzər, daha doğrusu, tamamilə onun eyni olan bir stella da Kosalar kəndində, Ağoğlan qəsrinin həyətində idi.

Alı Xəlifə ocağı Laçının Böyük Seyidlər kəndində idi. Qarabağın ən ağır seyidlərindən sayılan Alı Xəlifə həmin kənddə dünyasını dəyişmişdi və məzarı üstündə sərdabə tikilmişdi. Ən ulu səcdəgahlardan biri də məhz Alı Xəlifənin ocağı sayılırdı.

Laçının müqəddəs yerlərindən biri də Böyük Seyidlər kəndindəki Seyid Hüseyn ziyarətgahı idi. Bu kənddəki “Güllü qəbir” piri də müqəddəs məkanlardan hesab edilirdi. Orada dəfn edilmiş Hacı İbrahim ağa, məlumatlara əsasən, Qarabağ ellərinin ağır övliyalarından sayılan Xudavəndə Xəlifənin nəvəsi idi.

Uca dağlar al şəfəqə bürünmür…

Ağoğlan qəsri Laçının Minkənd çayının kənarında, hündür bir yerdədir. Cicimlidə məbəd, qədim anbar, Güləbirddəki Sarı Aşığın qəbirüstü ziyarətgahı, Zeyvədə Şeyx Əhməd, Soltanbaba, Minkənddə XV əsr məbədi, Qarıqışlaqda Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin şimalındakı qədim Kişpəyədə və Piçənisdəki alban məbədləri, Xan qəbiristanlığındakı Zəngəzurun sultanları – Qara Murtuza bəyin, 1-ci Alməmmədin, 2-ci Alməmmədin hasardakı türbələri, Şeyx Şamillə dostluq etmiş, ona kömək göstərmiş Cəbrayıl bəyin türbəsi, Araflıda Murtuza Sultanın anasının türbəsi, Pircahan çayı üzərindəki Məşədi Mehralının arxitekturalı və Minkənd körpüləri kimi tarixin nadir inciləri erməni vandalları tərəfindən darmadağın edildi.

Təbii ki, Laçın rayonu ərazisində bir vaxtlar mövcud olmuş tarixi abidə və məbədlər adları yuxarıda çəkilənlər deyil. Qalalar, məbədlər diyarında təbii sərvətlər bu gün də ermənilər tərəfindən vəhşicəsinə talan edilməkdədir. Son vaxtlar oradan tapılmış xəzinə də bunu təsdiqləyir.

…Uca dağlar al şəfəqə bürünürmü? Yal-yamacda ağ sürülər görünürmü? Duman yenə dağlar, ayağına sürünürmü?! Görəsən bu yanıqlı səs yalçın qayalarda duyulurmu: nə yaman ağrılı imiş Laçın həsrəti. Kim çəkə bilər ki, belə möhnəti, Laçınım mənim?!

Məhəmməd NƏRİMANOĞLU

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin