SOCAR Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunu davam etdirəcək

0
110

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda yerləşən “Petkim” neft-kimya kompleksinin ərazisində 6,3 mlrd. ABŞ dolları dəyərində inşa etdiyi “Star Rafineri” neft emalı zavodu (NEZ) tam gücü ilə işlədikdən sonra Türkiyənin dövlət büdcəsinin mövcud kəsiri ildə 1,5 mlrd. dollar azalacağı gözlənilir. ONA-nın Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Star Rafineri”nin baş direktoru Mesut İlter deyib.

“İlin sonuna kimi neft emalı zavodunda 8 mln. ton neft emal etməyi planlaşdırırıq. Yaxın vaxtlarda NEZ layihə gücünə çıxacaq”, – deyə M. İlter qeyd edib.

Onun sözlərinə görə, SOCAR Türkiyənin ən böyük investorlarından biridir. Bu günə qədər şirkət Türkiyə iqtisadiyyatına 15 mlrd. dollar sərmayə yatırıb və bu rəqəmi 19,5 mlrd. dollara çatdırmağı planlaşdırır. Şirkət Türkiyə iqtisadiyyatına tamamilə etibar edir və sərmayə yatırmağa davam edəcək.

Qeyd edək ki, sözügedən NEZ-in emal gücünün 10 mln. ton olmasına baxmayaraq, bu il NEZ 8 mln. ton neft emal edəcək, bu da onun hələ layihə gücünə çıxmamağı ilə əlaqəlidir.

Əlavə edək ki, SOCAR-ın “Star” neft emalı zavodunun illik emal gücü 10 mln. tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında “Star” NEZ ilə yanaşı, SOCAR-ın “Petkim” neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin