Əsas səhifə Sosium “Amnesty İnternational”ın xəstə mədəsi, yaxud erməni barmağının izi ilə…

“Amnesty İnternational”ın xəstə mədəsi, yaxud erməni barmağının izi ilə…

admin
129 Oxunub

Vahid MƏHƏRRƏMOV

Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməkdə zəngin təcrübəsi var. Birinci Avropa Oyunları, İslam Həmrəylik Oyunları, “Formula -1” Qran-Prisində və başqa idman yarışları dediklərimizə əyani sübutdur. Budur, ölkəmiz növbəti dəfə möhtəşəm bir fotbol yarışına – Avropa Liqasının final mərhələsinə ev sahibliyi etməyə hazırlaşır. Yarış Bakı Olimpiya stadionunda keçiriləcək. Bu məqsədlə ciddi hazırlıq işləri aparılır. Futbol azarkeşləri sevinc içindədir. Birincilikdə iki ingilis klubu – “Çelsi” ilə “Arsenal” üz-üzə gələcək. Bu günlər bütün dünyanın diqqəti Bakıya – ölkəmizin paytaxtına yönəlib.  Belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada artan nüfuzundan, beynəlxalq aləmdə qazandığı imicdən xəbər verir. Bir daha Azərbaycanı dünyaya tanıtdırır. Təbiidir ki, xalqımız buna sevinir və qürur hisləri keçirir. Artıq futbolu canlı izləmək istəyən azarkeşlər Bakıdadırlar. Onlar şəhərimizi gəzir, gözəlliklərdən zövq alırlar.

         Amma təəssüflər olsun ki, bu möhtəşəm yarışın ölkəmizdə keçirilməsinə əngəl törətmək, pəl vurmaq istəyən bəzi qüvvələr də var. O qüvvələr ki, Azərbaycanın beynəlxalq aləmdə davamlı olaraq artan nüfuzunu xəstə mədələrində həzm edə bilmirlər. Yaxud da həzm etmək istəmirlər. Onlar müxtəlif bəhanələr uyduraraq bu möhtəşəm tədbiri başqa ölkədə keçirilməsinə çalışırlar. Amma bəri başdan deyək ki, “qara piar”la məşğul olanlar məğlubiyyətə məhkumdurlar. Çünki gətirdikləri bəhanələr heç bir həqiqəti əks etdirmir. Reallığa söykənməyən uydurmalar isə həqiqət günəşinin qarşısında tez bir zamanda buxarlanıb yox olur.

         Belə qara fikirli, əyri-üyrü düşüncəli adamların diqqətinə çatdırmaq istərdim ki, final oyununun Bakıda keçirilməsi qərarını ölkəmiz deyil, UEFA verib. Əlbəttə, UEFA bu qərara ya təsadüfən, ya da tələm-tələsik gəlməyib. Azərbaycan final mərhələnin Bakıda keçirilməsi ilə bağlı bu nüfuzlu təşkilata müraciət edib. Daha sərfəli təkliflər irəli sürdüyünə, digər namizədlərlə müqayisədə yarışın keçirilməsi üçün daha gözəl şərait yaradacağına təminatlar verdiyinə görə seçilib. Yəqin ki, bu şərtlər UEFA-nı təmin etməsəydi, heç bu qərara gəlməzdi. Həm də bu qərar dünən, srağagün verilməyib.  Hamımızın sevincinə səbəb olan bu qərar 2017-ci ildə qəbul edilib.

         Qara niyyətli qüvvələr final mərhələsinin Bakıda keçirilməməsi üçün uydurduqları bəhanələrdən biri də guya şəhərimizdəki hava limanının ötürücülük imkanlarının aşağı olmasıdır. Bu iddianın heç bir əsası yoxdur. Çünki Heydər Əliyev adına Hava Limanı bütün beynəlxalq standartlara cavab verir. Gün ərzində minlərlə sərnişin qəbul edilir və yola salınır. Və ortaya da heç bir problem çıxmır. Deməli, bu, həqiqəti əks etdirməyən və heç bir əsası olmayan bir iddiadır. Təbiidir ki, belə kişik və yalan iddialarla elə möhtəşəm bir tədbirin üstünə kölgə salmaq mümkün olmayacaq.

         Ölkəmizə qarşı çirikin kampaniya aparan qurumlardan biri də “Amnesty İnternational” təşkilatıdır. Bu qurumun məqsədi Azərbaycanın müsbət reallıqlarını təhrif etməkdir. “Amnesty İnternational” təşkilatı ölkəmizə qarşı olan köhnə fikrlərinin üstündən əl götürüb onları təzələmək istəmir. Hiyləgər Sorosun çaldıqları havalara oynamaqda davam edən bu qurum Azərbaycanda Avropa Liqasının keçirilməsini pisləyib. Özü də yalan və uydurmalara bürünmüş yalanlardan ibarət olan bəhanələrlə. Bunu ölkəmizdə insan hüquqlarının durumu ilə əlaqələndirib. Bu təşkilat daim ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir. Ermənistandakı acınacaqlı vəziyyətə isə göz yumaraq, susmağa üstünlük verir, özünü görməməzliyə vurur.  Təbiidir ki, bu qarayaxmalarda “erməni barmağı” da öz işini görür. Belə təşkilatlar ermənilərin pulları və drijorluğu ilə oturub-dururlar. Bu, yəqindir ki, başqasının diktəsi ilə oturub-duranlar, yalan danışanlar, qərəzli mövqe nümayiş etdirənlər çox irəli gedə bilməyəcəklər. Gec-tez büdrəyib yıxılacaq və məhvə sürüklənəcək və məqsədlərinə çatmayacaqlar. Yazdıqlarımıza onu da əlavə edək ki, bu təşkilat beynəlxalq aləmdə korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurum imici qazanıb. İşi-gücü ayrı-ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirməkdir. Təbiidir ki, beynəlxalq aləmdə belə mənfi imic qazanan, özünün azadlığı olmayan bir təşkilatın insan azadlığından, demokratiyadan geninə-boluna dəm vurmağa mənəvi haqqı yoxdur.   

         “Amnesty İnternational” təşkilatının və ona züy tutanların məqsədləri nəyin bahasına olursa olsun, oyunun Azərbaycanda keçirilməməsinə nail olmaqdır. İnanırıq ki, onların niyyətləri gözlərində qalacaq. Əyri xətt düz xətti kəsə bilmədiyi kimi, yalan da heç vaxt həqiqətin üstünü ört-basdır edib üstünə kölgə sala bilməz. Bütün bu cəhdlər isə ürək bulandırmaqdan başqa bir şey deyil. Bu möhtəşəm futbol yarışı ölkəmizdə yüksək səviyyədə keçiriləcək. Buna nə xarici, nə də daxili qüvvələr mane ola bilməyəcək. Çünki qeyd etdiyimiz kimi, Azərbaycanın bu sahədə çox böyük təcrübəsi var.

         Bu günlərdə UEFA nümayəndəliyi oyunların keçiriləcəyi Bakı Olimpiya stadionunu yoxlayıb və stadiona 5 ballıq cədvəl üzrə 4.5 bal verib. Deməli, yarışların Azərbaycanda keçirilməsinə artıq yaşıl işıq yandırılıb. Artıq oyunu idarə edəcək hakimlər də təyin edilib. Ölkəmizə qarşı yalanlar uydurub qərəzli mövqe tutanların bütün cəhdləri boşa çıxdı. Təbiidir ki, bu, belə də olmalıydı, necə deyərlər, yalan ayaq tutar, amma yeriməz.

         İdman dünyada sülhə, əmin-amanlığa, birliyə, xalqlar arasında dostluq və mehribanlıq yaratmağa xidmət edir. Onu siyasi alətə çevirmək yolverilməz və qəbuledilməzdir. Bu danılmaz həqiqəti adını çəkdiyimiz və çəkmədiyimiz təşkilatlar heç vaxt unutmamalıdır.

  

Rəy bildir

3 × 4 =