4 günlük iş həftəsi… Tətbiqi mümkündürmü?

0
98


Beynəlxalq Əmək Təşkilatı (BƏT) quruma üzv olan ölkələrin müvafiq qurumlarına dördgünlük iş həftəsinə keçməyi təklif edib. Qurum hesab edir ki, 4 günlük iş işçinin daha məhsuldar çalışmasına səbəb ola bilər. BƏT təmsilçisi Con Messencer bildirib ki, dördgünlük iş həftəsinə keçməyə bir neçə əsas var. Əsaslar sırasında həddindən artıq işləyən insanların səhhət problemlərinin çox, əmək məhsuldarlığının isə aşağı olması birinci yerdə gəlir. Dördgünlük iş həftəsinə keçid bu problemləri aradan qaldırar. C. Messencer digər arqument kimi dördgünlük iş həftəsinə keçidin ətraf mühitə daha yaxşı təsiri və enerjiyə qənaət imkanı ilə əlaqələndirib.
Bəzi Avropa ölkələrinin biznes və özəl qurumları həftəlik iş rejimini aidiyyatı orqanların razılığı əsasında dəyişiblər. Belə ki, 40 saatlıq iş rejimi həftənin 4 günü üzrə müəyyənləşib. Gündəlik 9 – 9,5 saat tətbiq olunmaqla həftəlik iş rejimi yükü norması tətnzimlənib və bununla da işçilər 3 gün istirahət edirlər. Amma dövlət və digər şirkətlərdə əvvəlki iş rejimi qüvvədədir. Yəni, bu standartlar 10-15 özəl qurum tərəfindən yerinə yetirilir. Təbii ki, onlarda maaşlar isə əvvəlki kimi saxlanılıb. Yeri gəlmişkən, MDB ölkələrindən Qazaxıstanın bəzi kommersiya şirkətləri də bu rejimə keçib. Qazaxıstanın “Bank RBK”sı pərakəndə kreditləşdirmə, kassa xidməti və filialların əməliyyat bölmələri kimi sahələrdə işçilər üçün dörd günlük iş həftəsi tətbiq edib. Rusiya da BƏT-in təklifini dəstəkləyənlər çoxdur. Dövlət Dumasının bir neçə deputatı ölkədə 4 günlük iş həftəsinə keçid üçün qanunvericiliyə dəyişiklik təklifi hazırlayırlar.

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov yeni standartların indiki şəraitdə ölkəmizdə tətbiqini real saymır. Ekspertin sözlərinə görə, hazırda ölkədə 4 milyon yarım əmək qabiliyyətli adamdan yalnız 1 milyon yarımı əmək müqaviləsi var. Qalanları qeyri-formal əmək bazarının iştirakçılarıdır, yəni fermerlərdir, özünü məşğul insanlardı və s. Burda da fasiləsiz iş rejimidir. Azərbaycanda bu gün 4 günlük iş həftəsinin tətbiqindən çox, qeyri-formal əmək bazarının səviyyəsinin aşağı salınması, iş yerlərində əməyin mühafizəsi və bu tipli məsələlərlə bağlı problemlərin aradan qaldırılmasına ehtiyac var.

E.CƏFƏR

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin