Qeyri-neft ixracının etibarlı brendi – “Made in Azerbaijan”

0
90


Azərbaycan dünya bazarlarına ekoloji təmiz kənd təsərrüfatı məhsullarının ixracı məqsədilə yeni ixrac brendi hazırlayır

Son illərdə qeyri-neft ixracını artıran Azərbaycan dünyanın müxtəlif ölkələrində yeni bazarlar axtarışlarını davam etdirməkdədir. İxrac missiyalarının sayının artırılması və qeyri-neft məhsulları ixracatçılarına dövlət dəstəyinin gücləndirilməsi 2019-cu ilin ötən 4 ayı ərzində ixracın səviyyəsinə öz təsirini göstərib. 2019-cu ilin yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı 15%-dən çox artıb, ixracın həcmi təxminən 500 milyon dollardan artıq olub. Nəticədə dünyanın 50-dən çox ölkəsində Azərbaycanın kənd təsərrüfatı, ərzaq və içki məhsullarının satışı genişlənib. Artıq dünyada “Made in Azerbaijan” brendi öz markası ilə yüz minlərlə alıcının doğma ünvanına çevrilib.
Azərbaycan hökumətinin iqtisadi siyasətində ən mühüm yerlərdən biri məhz “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqidir. Bu istiqamətdə müxtəlif stimullaşdırıcı tədbirlər görülməkdədir. 2019-cu ilin ötən dövründə qeyri-neft ixracatçılarının xarici ölkələrə ixracının stimullaşdırılması və tərəfdaş şirkətlərlə əlaqələrinin qurulması istiqamətində mühüm addımlar atılıb. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər sırasında təşkil olunan ixrac missiyaları çox mühüm fayda verməkdədir. İxrac missiyası çərçivəsində keçirilən görüşlərdə xarici investorlara və ticarət tərəfdaşlarımıza ölkəmizin qeyri-neft istehsalını potensial vəziyyəti, ixrac olunan məhsullar barədə ətraflı məlumatlar verilib.
Hazırda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin, Almaniya və digər ölkələrdə təşkil edilmiş ixrac missiyaları ənənə halını alıb və yerli məhsullarımız bu ölkələrdə xüsusi adla tanınır. Bu gün Şərq və Qərb regionunda Azərbaycanın istehsal etdiyi meyvə və tərəvəzlər, konservləşdirilmiş məhsullar, nar şirəsi, çay, ət məhsullar, bal və arıcılıq məhsulları, süd, mineral və spirtli içkilər “Made in Azerbaijan” brendi ilə müştərilərin diqqətini cəlb edir.
İxrac məhsulların çeşidi və coğrafiyasının şaxələndirilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi ilə yanaşı, ixracyönümlü istehsala əlavə güzəştlərin verilməsi də təmin edilməkdədir. Yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə əldə etdiyi sertifikat və patentin almasına, ixrac layihələrinin hazırlanmasına çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilir. Beynəlxalq sərgi və ya yarmarkalarda “Made in Azerbaijan” brendini təşviq edən ixracatçıların xərclərinin 30%-i dövlət tərəfindən qarşılanır. Dəstək məbləği manatla ödənilir. Xarici valyuta ilə çəkilmiş xərclər isə Mərkəzi Bank tərəfindən müəyyən olunmuş valyuta məzənnəsinə uyğun hesablanır. Stimullaşdırma ilə əlaqədar digər işlərə əlverişli maliyyə şərtləri, logistika, infrastrukturun yaxşılaşdırılması, xarici bazarlara çıxış üçün yardım daxildir. Bununla yanaşı, milli ixracın stimullaşdırılması məqsədilə sahibkarlıq subyektlərinin idxal və ixrac əməliyyatında tələb olunan sənəd və prosedurların sayının azaldılması, ixracdakı hesablamaların daha da sadələşdirilməsi, ixracatçılar üçün daha da münasib şəraitin yaradılması nəzərdə tutulur. 
Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsində və “Made in Azerbaijan” brendinin təşviqində xarici ölkələrdə yaradılan Azərbaycan Ticarət Evlərinin fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Hazırda 3 ölkədə – Belarus, Latviya və Ukrayna və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 33 Azərbaycan şirkətinin istehsal etdiyi 600-dən çox məhsul, o cümlədən meyvə və tərəvəzlər, quru meyvələr, fındıq, çay, mürəbbə, meyvə şirələri, mineral sular, limonadlar, konserv məhsulları, bitki yağları, süd və süd məhsulları, qənnadı məmulatları, kosmetik məhsullar və sair nümayiş etdirilir. Ticarət Evində Azərbaycanın zəngin mətbəxini təqdim edən restoran da fəaliyyət göstərir. Yaxın günlərdə Polşa, Çin, Qazaxıstan və Rusiyada  Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.
Hazırda Azərbaycanın xarici ölkələrin bazrlarına ən keyfiyyətli, ekoloji təmiz kənd təsərrüfatı məhsullarını ixrac etməyi hədəfləyib. Bu məqsədlə Azərbaycanın yeni brend hazırlanır. Yeni marka beynəlxalq ixrac statusu adını daşıyacaq və xüsusi ixrac missiyalarında təmsil olunacaq.

E.CƏFƏR

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin