“Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər”

0
91


Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu iqtisadi inkişaf strategiyası bir çox sahələr kimi ölkəmizin energetika sisteminin inkişafında da mühüm rol oynayıbdır. Ötən əsrin 90-cı illərinin əvvəllərinə qədər tənəzzül dövrünü yaşayan elektroenergetika sektoru məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf proqramlarının həyata keçirilməsi sayəsində əsaslı şəkildə yenidən qurulmağa, inkişaf etməyə, öz dayanıqlılığını təmin etməyə başladı. Onun müdrik qərarları nəticəsində mövcud elektrik stansiyalarının yenidən qurulması və modernləşdirilməsi layihələri icra edildi, müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər müəyyənləşdirildi. İlk növbədə, köhnə elektrik stansiyalarının yenidən qurulması və yenilərinin inşa edilməsi ilə enerjisistemin generasiya imkanları artırıldı. Hələ sovet hakimiyyəti dövründə inşasına başlanmış 150 MVt gücündə Yenikənd SES-in tikintisinin yekunlaşdırılması və istismara verilməsi, Bakı İEM-də 2 müasir qaz turbininin quraşdırılması və 107 MVt həcmində yeni generasiya gücünün yaradılması, 400 MVt gücündə “Şimal” ES-in inşa edilib işə salınması məhz ulu öndər Heydər Əliyevin apardığı xarici siyasət sayəsində dünyanın qabaqcıl dövlətlərinin və beynəlxalq maliyyə qurumlarının Azərbaycana göstərdiyi dəstəyin nəticəsində mümkün oldu.
1993-2003-cü illərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində enerjisistemin qarşısında duran bir çox məsələlər öz həllini tapdı. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə enerjisistemin dirçəldilməsi istiqamətində görülən işlər nəticəsində 700 MVt-dan artıq yeni generasiya gücü yaradılıb istifadəyə verildi.
Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyalarını davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında son 16 ildə ölkəmizin energetika sektorunda mühüm layihələr həyata keçirilib, enerji təminatı əsaslı şəkildə yaxşılaşdırılıb. Ötən illərdə 30-dan çox elektrik stansiyası tikilib, onların generasiya gücü 3900 meqavata çatdırılıb. 2003-2018-ci illərdə hər birinin gücü 87 MVt olan “Astara”, “Şəki”, “Xaçmaz”, “Naxçıvan”, 105 MVt gücündə “Bakı”, “Şahdağ”, gücü 300 MVt olan “Səngəçal”, 525 MVt gücündə “Sumqayıt”, 780 MVt gücündə “Cənub” elektrik stansiyaları, 5 MVt gücündə “Vayxır”, 22 MVt gücündə “Biləv”, hər biri 25 MVt gücündə “Füzuli”, “Taxtakörpü” və “Şəmkirçay”, 20,5 MVt gücündə “Arpaçay-1”, 3,1 MVt gücündə “Göyçay”, 1,4 MVt gücündə “Arpaçay-2”, 3,2 MVt gücündə “İsmayıllı”, “Balakən” və 3 MVt gücündə “Çiçəkli” stansiyaları istismara verilib. “Azərbaycan” İES-də, Mingəçevir SES Silsiləsində modernləşdirmə istiqamətli əsaslı yenidənqurma işləri həyata keçirilibdir.
Hazırda Azərbaycanın ümumi generasiya gücü 6,5 min meqavat təşkil edir ki, onun da 3,9 min meqavatı son 16 il ərzində yaradılıb. Bu gün Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Hazırda Azərbaycan Türkiyənin elektrik enerjisi bazarında etibarlı tərəfdaş kimi cox əhəmiyyətli bir mövqeyə malikdir. Artıq respubllikamız Türkiyə vasitəsilə Yunanıstana elektrik enerjisi ixrac edir. Türkiyə vasitəsilə Bolqarıstana elektrik enerjisinin ixracı istiqamətində də artıq danışıqlara başlanılıb. Enerji sistemin generasiya imkanlarının artması nəticəsində yaranmış ixrac potensialından səmərəli istifadə edilməsi istiqamətində işlər davam etdirilir. “Şimal-Cənub” enerji dəhlizinin yaradılması məqsədilə Azərbaycan-İran-Rusiya, “Şərq-Qərb” enerji dəhlizinin yaradılması məqsədilə Rusiya-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Gürcüstan enerji sistemlərinin birləşdirilməsi üzrə məsələlərin həlli istiqamətində də lazımi işlər aparılır.
Energetika sektorunda aparılan islahatlar dünyanın nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilib. Dünya Bankının hazırladığı “Global Tracking Framework 2018” hesabatında qeyd olunur ki, Azərbaycan əhalisinin elektrik enerjisi ilə təminatı 100%-dir və bu, dünyada ən yaxşı göstəricilərdən biridir. Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycan elektrik təchizatı şəbəkələrinə qoşulmaya görə 102-ci pillədən 74-cü yerə yüksəlib. Bütün bunlar ölkəmizdə energetika sektorunda əldə edilmiş uğurların nəticəsidir.
Hazırda energetika sektorunda idaretmənin təkmilləşdirilməsi və enerji sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində müasir islahatlar başlanılıb.

Alternativ enerji sərvətləri – günəş və külək enerjisi…

Ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, həmçinin, onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyan hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ enerji növlərindən istifadə zərurəti yaradıb. Bu gün dünyanın əksər inkişaf etmiş ölkələrində günəş və külək enerjisi, kiçik SES-lər, termal sular və biokütlə enerjisi kimi bərpa olunan mənbələrdən geniş istifadə edilir.
Azərbaycan alternativ enerji potensialına görə, əlverişli coğrafi mövqeyə malikdir. Abşeron yarımadası, Xəzər dənizinin sahilyanı zolağı və dəniz akvatoriyasının şimal-qərb hissəsi, həmçinin Azərbaycanın Gəncə-Daşkəsən bölgəsi və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisi külək enerjisi istehsal edən qurğuların quraşdırılması üçün son dərəcə əlverişlidir. Bütövlükdə isə Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu isə ildə təxminən 2,4 milyard kilovat-saat elektrik enerjisi hasilatı deməkdir. Buna görə də, dövlət son illərdə alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqi ilə bağlı bir sıra proqramlar hazırlayaraq həyata keçirib. Bu sahədə ən qabaqcıl texnologiyaların tətbiqi mühüm faydasını verməkdədir. Ölkəmizdə günəş panelləri və külək texnologiyalarının istehsalı sahəsində ixtisaslaşmış “Azgüntex” zavodunun fəaliyyətini də xüsusi qeyd etmək lazımdır.
Alternativ enerji resurslarının yaradılması sahəsində ən uğurlu layihələrdən biri kimi Samux Aqroenerji Yaşayış Kompleksini qeyd etmək olar. Hibrid tipli günəş, külək, geotermal, enerji və bioenerji istehsalı stansiyasından, enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən ibarət olan bu kompleksi özündə yüksək texnologiyaları, müasir idarəetmə sistemlərini birləşdirir. 2017-ci ildə “Pirallahı” günəş elektrik stansiyasının istifadəyə verilməsi də alternativ enerji mənbələrinin artırılması istiqamətində daha bir uğurlu addım olmuşdur. Həmin stansiya Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ enerji mənbələri ilə təminatında mühüm rola malikdir. Ümumi layihə gücü 12/8 MVt olan layihənin icra müddəti 2014-2020-ci illəri əhatə edir.
Hazırda ölkəmizdə hazırda elektrik enerjisinin təxminən 8 %i alternativ enerji mənbələri tərəfindən ödənilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycandakı günəş elektrik stansiyalarında 35 milyon kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib, külək elektrik stansiyalarında isə 12 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Günəş və külək enerjisi sayəsində bu rəqəmin 2020-ci ilə qədər 20% artırılması nəzərdə tutulur. 

Yeni inkişaf hədəfləri..

“Azərenerji” ASC tərəfindən hazırlanmış yeni sənəd – “Reabilitasiya Proqramı” enerji sektorunda əhatəli və dərin tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ötən ilin sonlarından icrasına başlanılmış proqram çərçivəsində Bakı şəhərində, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ” və “Səngəçal” modul tipli elektrik stansiyalarında da itirilmiş gücün bərpası istiqamətində işlər aparılıb. Bir çox elektrik stansiyaları və yarımstansiyaların 500, 330, 320, 110 kV-luq hava xətləri, o cümlədən yarımstansiyaların yenidən qurulması işləri davam etdirilir. “Cənub”, “Şimal” və “Bakı” elektrik stansiyalarında bir sıra işlər görülüb, 230 MVt güc bərpa edilib. Proqrama uyğun olaraq, qəza rejimində yükü bir yarımstansiyadan digər yarımstansiyanın üstünə köçürülməsi, itkilərin aradan qaldırılması, ən əsası isə paylayıcı şəbəkə istehlakçılarının daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün yarımstansiyaların yenidən qurulması və gücünün artırılması da əsas hədəflərdəndir.
Reabilitasiya Proqramı çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES tamamilə yenidən qurulması da nəzərdə tutulub. Ötən müddətdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə təmirdən sonra 6 sayli enerji blokunda 60 MVt yük məhdudiyyəti aradan qaldırılıb. Bu stansiyada turbinlər, generatorlar, rele mühafizə sistemi, sexlər, yarımstansiyalar, 500 və 330 kV-luq hava xətləri, əks qəza avtomatikası yenidən qurularaq bərpa edilir. Hədəf stansiyanın gücünün 320 MVt artırılaraq 2000 MVt-a çatdırılmasıdır. “Reabilitasiya Proqramı” çərçivəsində energetika sistemində çalışan 5600-dək əməkdaşın sosial vəziyyətinin yaxşılaşdırılması, onların əməkhaqlarının yüksəldilməsi, habelə peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə imkan verəcək.

İslahatlar rəqabətə əsaslanan liberal modelini təmin edəcək…

Hazırda qlobal çağırışlara uyğun olaraq Azərbaycanda həyata keçirilən müasir islahatlar enerji sektoruna yeni yanaşmanının tətbiqinə, idaretmənin təkmilləşdirilməsinə, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidə dərin ehtiyac yaranıbdır. Bu məqsədlə elektrik enerjisi sektorunda islahatların aparılması olduqca vacibdir. Azərbaycanda energetika sisteminin səmərəliliyinin artırılması məqsədi ilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ölkəmizin yeni iqtisadi siyasətinin mühüm tərkib hissəsi kimi xüsusi yer tutmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin 2019-cu il mayın 29-da imzaladığı “Azərbaycanın energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncam energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edir. Dövlət başçısının tapşırığına uyğun olaraq “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyasının hazırlanması nəzərdə tutulubdur. Sənəd enerji sisteminin dayanıqlılığının daha da güclənməsinə, alternativ enerji mənbələrindən istifadənin artmasına, Azərbaycanın ixrac potensialının artmasına, idarəetmənin təkmilləşməsinə, özəl mənbələrin payının yüksəlməsinə səbəb olacaq.

Pərvanə Hüseynova

Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin