Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

0
9

“Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir”.
                                                                                  Prezident İlham Əliyev


Hər bir ölkənin yüksək inkişafında onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, biri ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtğisadiyyatını əsas meyar seçən Azərbaycan hökumətinin liberal bazar iqtisadiyyatının dəstəklənməsi ilə bağlı həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət daşıyır.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasını müəyyən edərkən gələcək iqtisadi inkişafın məhz liberal güclü bazar iqtisadiyyatının təmin olunması və azad sahibkarlığıninkişafı ilə bağlı olduğunu vurğulayırdı: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. 

 Azərbaycanda güclü sahibkarlar ordusu yaranıb…

Heydər Əliyevin 2002-ci ilin aprel – may aylarında yerli və xarici iş adamları ilə keçirdiyi görüşlər sahibkarlığın inkişafı, iqtisadiyyatın liberallaşdırılması, dövlət sahibkar münasibətlərinin institusionallaşdırılması baxımından çox mühüm addım oldu. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə imzalanmış bir sıra mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında dönüş yaratdı. İnvestisiya fəaliyyətinin ümumi sosial, iqtisadi və hüquqi prinsiplərini özündə əks etdirən “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların və digər mühüm sənədlərin qəbul olunması yerli və xarici investorlara geniş meydan açdı. Nəticədə Azərbaycanda sahibkarlar ordusu yarandı, 2003-cü ildə özəl sektorun payı ÜDM-də 74 faizə çatdı.
Sahibkarlığın inkişafında yeni mərhələ 2003-cü ildən sonrakı dövrə təsadüf edir. Prezident İlham Əliyev sahibkarlığın dəstəklənməsi üçün qəbul etdiyi mühüm qərarlar, sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi azad biznesin həyatında yeni səhifə açdı. Azərbaycan Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” sərəncamı bu sahədə əsil dönüşə səbəb oldu Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin qeydiyyatının sadələşdirilməsi, Mülki Məcəllənin müddəalarına əsasən hüquqi şəxslərə dair dövlət reyestrinin açıq elan edilməsi lisenziyalaşdırmanın yaxşılaşıdırılması biznes mühitinin şəffaflaşdırılmasına əlverişli imkan yaratdı.

Regionların inkişafı dövlət proqramı…

Azərbaycanda sahibkarlığın inkişafında regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasını xüsusi olaraq qeyd etmək olar. 2004-cü ildən icrasına başlanılan proqramlar yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi bütövlükdə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxardı. Son 15 il ərzində ümumi daxili məhsul 3,3, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, ixrac 4,7 dəfə atıb. Ölkədə  2 milyon yeni iş yeri yaradılıb. Bu amillər, iqtisadi fəal əhalinin sayının 4,5 milyon nəfəri ötməsi, yoxsulluğun səviyyəsinin 5 faizdən aşağı düşməsi, on minlərlə yeni müəssisənin yaradılması birbaşa regional inkişaf proqramının icrasının məntiqi nətiəcsidir.
Bu gün sahibkarlara verilən kreditlərin 80 faizi regionların payına düşür ki, bu da bölgələrdə sahibkarlıq fəaliyyətinin daha da inkişafına geniş imkan yaradır. Son illərdə rayonlarda yüzlərlə yeni istehsal sahəsinin yaradılması və ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artması milli sahibkarlıq sektorunun yüksək inkişafının göstəricisidir.

Sahibkarlıq sahəsində inqilabi dəyişikliklər…

Dövlət başçısı həmişə sahibkarların bütün qayğılarına diqqətlə yanaşıb, onların problemlərini həll edib və onların ən yaxın dostu olduğunu bəyan edib. O, bunu öz qətiyətli addımları ilə təsdiqləyib. Sahibkarlığa mane olan dövlət orqanlarını cəzalandırıb, azad liberal biznesin fəaliyyətinə bürokratik maneələr yaratmaq istəyən icra strukturlarının fəaliyyətini məhdudlaşdırıb. Bunun ən yaxşı nümunəsi liseziyalaşdırma və yoxlamalar sahəsində aparılan dərin islahatlardır.
Məlum olduğu kimi sahibkarlığın inkişafı üçün dövlət tərəfindən yaradılmış əlverişli şəraitə baxmayaraq, bir sıra hallarda sənədləşmə prosedurlarının mürəkkəb olması azad biznesə mane olur. 2015-ci ilə qədər sahibkarlardan 90 növ fəaliyyət sahəsi üzrə lisenziya, 46 fəaliyyət üçün icazə, 27 fəaliyyət üçün xüsusi icazə, 39 fəaliyyət üçün şəhadətnamə, 19 fəaliyyət üçün rəy tələb olunurdu. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı müvafiq fərmandan sonra bu hallara son qoyuldu. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya, sertifikat, şəhadətnamə və digər sənədlərin sayı 3 dəfədən çox azaldıldı.  Ən mühüm hadisə bu sənədlərin verilməsinin elektronlaşdırılması oldu. İqtisadiyyat Nazirliyi ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi («ASAN Xidmət») birgə layihəsi olan “Elektron lisenziya” portalının 2016-cı ildən istifadəyə verilməsi sənədlərin alınmasına sərf edilən müddətin və xərclərin azalmasına səbəb oldu, məmur təmasını sıfıra endirdi.
Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Aydın Hüseynov hesab edir ki, sahibkarlığın inkişafının stimullaşdırılmasında biznesin qeydiyyatı, lisenziyaların verilməsi qaydalaırının asanlaşdırılmasını və yoxlamaların dayandırılmasını inqilabi addım kimi qiymətləndirir. “Prezident İlham Əliyevin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması və prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanı Azərbaycanda sahibkarlıq sahəsində inqilabi dəyişiklik hesan oluna bilər. Bu, dövlət başçısının sahibkarlara birbaşa açıq dəstəyinin, onların arxasında dayandığının bariz nümunəsi hesab edilə bilər. Fərmana əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmışdı. Dövlət başçısı 2017-ci ildə növbəti qərar qəbul etməklə bu müddəti daha 3 il uzatdı. Beləliklə, 2020-ci ilədək yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar istisna olmaqla bütün növ yoxlamalar dayandırılıb.
Sahibkarlığın və azad biznesin inkişafında ən mühüm amillərdən biri investisiya təşviqi siyasətinin həyata keçirilməsidir. 2016-cı ildən başlanılan təşviq siyasəti miılli istehsalı və ixracı stimullaşdırmağa xidmət edir. Son 3 ildə ixracın təşviqi məqsədilə sahibkarlara təşviq vəsaitlərinin ödənilməsi siyasəti biznesə yeni iqtisadi yanaşmanın nümunəsi kimi təsirli olub. İnvestisiyaların təşviqi məqsədilə 292 sahibkarlıq subtyektinə 332 investisiya təşviqi sənədi verilib, nəticədə yerli istehsala 2,8 milyard manat investisiya yatılıb.
İxracla məşğul olan sahibkarlar üçün liberal bazar qaydalarının daha da təkmilləşdirilməsi, beynəlxalq ticarət sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə idxal-ixrac prosedurlarının asanlaşdırılması da biznesin fəaliyyətinə mühüm stimul verdi. İdxal zamanı tələb olunan sənədlərin sayı 6 dəfə azaldılması, ixracın “bir pəncərə» sistemi üzrə həyata keçirilməsi, 2019-cu ildən “Yaşıl dəhliz” sisteminin istifadəyə verilməsi də liberal azad iqtisadiyyat quruculuğunun bariz ifadəsidir.

Vergi yükünün azalması biznesin gəlirlərini artırıb…

2019-cu ildən vergi qanunvericiliyinə edilmiş yeni dəyişikliklərin qüvvəyə minməsi, vergi yükünün aşağı salınması, sahibkarlığa münasibətin tamamilə yeni mütəvidə qurulması sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın fəaliyyətinin stimullaşdırılmasına, rəqabət mühitinin artmasına səbəb olubdur. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayev bildirib ki, vergi güzəştləri və vergi yükünün azaldılması sahibkarlara öz fəaliyyətlərini tam planlaşdırmağa, iş rejimində hər hansı inzibati fasilələrin baş verməməsinə, xərclərə qənaət etməyə və ən əsası, özəl sektorun genişlənməsinə şərait yaradıb. Sahibkar sadəcə dövlət qarşısında məcburi öhdəliklərini, o cümlədən dəqiq hesablanmış vergiləri vaxtında ödəməklə öz işini azad şəkildə qura bilər”. Yeri gəlmişkən, 2019-cu ildən başladılan bu siyasət biznes sektorunda şəffaflığı daha da gücləndirib. Dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunan nəticələr qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artımına gətirib. 2019-cu ilin yanvar-may aylarında qeyri-neft-qaz sektorunun dövriyyələrində, habelə əlavə dəyər vergisinə (ƏDV) cəlb olunan və elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrdə artım dinamikasının yüksəlməsi iqtisadiyyatda şəffaflaşma proseslərinin sürətlənməsini təsdiq edir.
2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyələr 8% artıb. ƏDV dövriyyəsində artım isə 9,6% təşkil edir. Ticarət və ictimai iaşə sektoru daha yüksək artım göstəriciləri nümayiş etdirir. Topdansatış ticarət sektorunda dövriyyə 18,4%, o cümlədən ƏDV dövriyyəsi 24,6% artıb. Pərakəndə ticarət sektorunda dövriyyə daha yüksək templə – 37,3%, o cümlədən ƏDV dövriyyəsi 38,2% artıb. İctimai iaşənin dövriyyəsində isə artım 20,6% təşkil edir.

Qarşılıqlı etimad və etibara söykənən əməkdaşlığın yeni hədəfləri…

Azərbaycanda biznesə dəstək islahataları konkret olaraq iqtisadi həyatda özünün nəticələrini göstərir. Bunu həm də, beynəlxalq qiymətləndirmələr də təsdiqülyir. “Doing Business 2019” hesabatında Azərbaycanın 25-ci yerə yüksəlməsi azad biznesə və liberal iqtisadiyyat quruculuğuna verilən beynəlxalq qiymətdir. Azərbaycanın hesabatda əksər indekslər üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırması, xüsusilə də, “Biznesə başlama” indeksi üzrə 9-cu yerdə qərarlaşması əlverişli biznes və sərmayə mühitinin olmasının təkanverici faktoru sayıla bilər.
İqtisadçı Ədalət Əsədov deyir ki, sahibkarlar dövlətin təmin etdiyi bu əlverişli imkanlardan faydalanaraq indi daha geniş meydanda fəaliyyətlərini artırmalıdırlar: “Dövlət sahibkarların rahat və həvəslə işləməsini təmin edən bütün addımları atır, onlara hərtərəfli diqqət və qayğı göstərilir. Ona görə də sahibkarlar bunu qiymətləndirməli, yaranmış vəziyyətdən sui-istifadə etməməlidirlər. Hər kəs üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməli və qanunla müəyyən edilmiş öhdəlikləri vaxtlı-vaxtında icra etməlidir”.
Azərbaycan Prezidentinin sahibkarlara olan yüksək münasibəti qarşılıqlı etimad və etibara söykənir. Sahibkarların ana şüarı isə bundan ibarətdir ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın tərəqqisinin və sosial intibahının təminatçısı olan Prezident İlham Əliyevin davam etdirdiyi irimiqyaslı islahatların və proqramların həyata keçirilməsində birbaşa Onunla birlikdədirlər. Sahibkarlar dövlət başçısı ilə bu uğurları birgə addımlamaq istəyir, qarşıdakı zəngin və güclü Azərbaycanın Yeni hədəflərə doğru irəliləməsinə öz töhfələrini vermək istəyirlər.

Nəzirə Nurullayeva

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin