Azərbaycan Beynəlxalq Muzeylər Şurasının baş konfransında təmsil olunur

0
49

Yaponiyanın Kioto şəhərində Beynəlxalq Muzeylər Şurasının 25-ci baş konfransı keçirilir.

Trend-in məlumatına görə, tədbirin açılış mərasimində Yaponiyanın vəliəhd-şahzadəsi və onun xanımı, nazirlər, parlamentin üzvləri, Kioto şəhərinin meri iştirak ediblər.

Konfransın işinə Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb.

Konfransı salamlama nitqi ilə açan ICOM-un sədri Suay Aksoy bildirib ki, tədbirdə rekord miqdarda – 5 minədək nümayəndə iştirak edir.

İştirakçıları salamlayan vəliəhd-şahzadə konfransın işinə uğurlar arzulayıb.

Yaponiyanın Mədəniyyət, təhsil, idman, elm və yüksək texnologiyalar naziri Yaponiya mədəniyyətinin və muzeylərinin də təmsil olunacağı EXPO-2020 sərgisinə hazırlığın gedişi barədə məlumat verib.

Sentyabrın 2-də ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova konfransın “Dekorativ sənətdə mədəniyyətlərarası təsir” adlı sessiyasında “Doğan günəş diyarı və Odlar yurdu: kəsişmə nöqtələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzə sessiya iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

İştirakçıların “Əjdahalı” xalçalar, onların istifadəsi və ornamentlərinin semantikası haqqında sualları ətraflı cavablandırılıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin