Bakıda İndoneziyanın müstəqilliyinin 74-cü ildönümü qeyd olunub

0
39

Sentyabrın 9-da İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 74-cü ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Qəbulda çıxış edən səfir Hüsnan Bəy Fənani İndoneziyanın keçdiyi inkişaf yolundan danışıb.
Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən səfir münasibətlərimizin son illərdə daha da inkişaf etdiyini deyib. Əlavə edib ki, İndoneziya Azərbaycanı özünə dost və tərəfdaş hesab edir. Siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. İndoneziya və Azərbaycan arasında yüksək səviyyəli səfərlər təşkil olunur.
Səfir vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpasından ötən 28 ildə ölkələrimiz arasında əməkdaşlıq genişlənib və bu gün də sürətlə inkişaf edir. O, İndoneziya iş adamlarının Azərbaycana mütəmadi səfərlərini xatırladaraq bildirib ki, indoneziyalı investorlar ölkəmizdə iş qurmaqda maraqlıdırlar.
Hüsnan Bəy Fənani ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin əvəzsiz xidmətlərini də diqqətə çatdırıb.
Diplomat qeyd edib ki, İndoneziya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. O əlavə edib ki, hər iki ölkə terrorçuluğa qarşı əməkdaşlığı daha da inkişaf etdirməlidir.
Kənd Təsərrüfatı naziri İnam Kərimov rəsmi qəbulda çıxış edərək Azərbaycan Hökuməti adından İndoneziya xalqını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, son 28 ildə ölkələrimiz arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.
İndoneziya ilə Azərbaycan arasında mövcud iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan nazir əlavə edib ki, Azərbaycanın reallaşdırdığı BTQ dəmir yolu beynəlxalq platformada önəmli layihədir. İ.Kərimov İndoneziyanın da bu mühüm layihəyə qoşulacağına əmin olduğunu bildirib.
Nazir vurğulayıb ki, İndoneziya səfirliyi son iki ildə ölkəmizdə müxtəlif mədəniyyət festivalları keçirir. Bu isə xalqlarımız arasında əlaqələrin güclənməsinə təkan verir.
İnam Kərimov ölkələrimiz arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin