2020-ci ilin büdcə layihəsi: Büdcə zərfində nə, necə dəyişir?

0
72

Maliyyə Nazirliyi (MN) 2020-ci ilin dövlət büdcəsi layihəsi üzərində işləri yekunlaşdıraraq sənədi Nazirlər Kabinetinə təqdim edib. 2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyinin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən İqtisadiyyat Nazirliyinin orta müddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzun müddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb.
2020-ci ilin dövlət büdcəsi layihəsi həm də yeni qəbul edilmiş büdcə qaydalarının tələblərinə əsasən, yəni yeni yanaşma tətbiq edilməklə hazırlanıb. Belə ki, büdcə layihəsi bütün ssenarilər, makro-fiskal çərçivə, o cümlədən orta müddətli dövrə icmal büdcə xərclərinin yuxarı həddləri müəyyən edilməklə tərtib edilib. Layihə hazırlanarkən dövlət büdcəsinin gəlir və xərclərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiyməti və bu qiymətin orta müddətli dövrə şamil edilməsi, orta müddətli dövrdə icmal büdcənin xərclərinin yuxarı həddinin təsdiq olunması və qeyri-neft baza kəsirinin ardıcıl sürətdə azaldılması ilə bağlı məsələlər nəzərə alınıb. Eyni zamanda, 2020-ci ilin icmal və dövlət büdcəsinin əsas parametrləri Maliyyə Sabitliyi Şurasında da baxılaraq razılaşdırılıb.
2020-ci ilin dövlət büdcəsi layihəsində hansı mühüm dəyişikliklərin olması gözlənilir?
Gələn ilin dövlət büdcəsində sosial xərclərin artırılması qaçılmazdır. Çünki dövlət başçısının sosial paketlərlə bağlı imzaladığı müvafiq sərəncam və fərmanların icrasına təkcə 2019-cu ilin büdcəsindən deyil, 2020-ci ilin büdcəsindən də böyükhəcmdə maliyyənin ayrılması nəzərdə tutulur. Nəzərə alsaq ki, sentyabr ayından sosial paketin əhatəsi və maliyyə tutumu yenidən 2 dəfəyə yaxın artırılıb və həmin maliyyənin əsas yükü gələn ili nəzərdə tutur, onda qarşıdakı büdcə ilində sosial xərclərin büdcədə payı ən azı 5-10 faiz artmalıdır. Bundan başqa, sentyabr ayından 1 milyon 350 min insanın əmək haqqı artırılıb. Onların 1 milyon nəfəri dövlət sektorunda, 350 mini isə özəl sektorda çalışır. Həmin 1 milyonun maaşı dövlət büdcəsi hesabına təmin ediləcək və bu sahə ilə bağlı da əhəmiyyətli həcmdə maliyyə tələb olunur. Yəni, növbəti ilin dövlət büdcəsində dövlət təşkilatlarının saxlanması xərclərində artımın olması zəruridir. Həmin tədbirlərin icrası üçün dövlət büdcəsindən 1 milyard manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Bunun üçün büdcədən həmin sahəyə əlavə 5-7 faiz vəsait ayrılması labüddür. Bundan başqa, məlum olduğu kimi 750 min pensiyaçıya verilən vəsait oktyabrın 1-dən artırılıb və pensiyanın minimum məbləği 160 manatdan 200 manata çatdırılıb. Bu artım 660 min nəfər pensiyaçını əhatə edir. Həmin istiqamət üzrə də büdcədən gələn il əlavə 100 milyon manatdan artıq vəsait nəzərdə tutulur.
2020-ci ildə minimum əməkhaqqının, yaşayış minimunun, pensiyaların və digər sosial istiqamət üzrə yenidən bəzi artımların olacağı istisna deyil. Beləliklə, 2019-cu ildəki artımlarla birgə bütün bu sosial tədbirlərin maliyyələşdirilməsinə gələn il əlavə olaraq 3 milyard manatdan artıq vəsaitin yönəldilməsi gözlənilir. Həmin vəsaitin bir hissəsi 2019-cu ilin büdcə profisiti və digər mənbələr hesabına təmin edilsə də, 2020-ci ildə bu məqsədlər üçün büdcənin xərclərinin ən azə 1,5-2 milyard manat artırılması labüddür. Bu isə gələn ilin dövlət büdcəsinin xərclərinin (2019-cu ildə 25 milyard 190 milyon manat) 26,5, yaxud 27 milyard manata çatdırılması deməkdir.
2020-ci ilin dövlət büdcəsinin xərclərini təmin edən maliyyə mənbələrini formalaşdırmaq mümkün olacaqmı?
2019-cu ilin ötən 8 ayının iqtisadi göstəriciləri və iqtisadi artım tempi, ixracın dinamikası, vergi və gömrük orqanlarının xətti ilə daxilolmaların artımındakı dayanıqlılıq gələn ilin büdcəsinin gəlirlərini maliyyələşdirməkdə hökumətin çətinlik çəkməyəcəyini deməyə əsas verir. Büdcənin əsas maliyyə qaynaqlarından biri olan neftin qiymət indeksi sabitdir, Azərbaycan üçün 60 dollar qiymət əmsalı sabit gəlirliliyi təmin edir. Ötən 8 ayda neftin orta aylıq satış qiyməti 63-68 dollar olub ki, bu da ölkəmizin maraqlarına tam uyğundur. Gələn il bu rəqəmin 60-65 dollar olacağı proqnozlaşdırılır ki, bu da Azərbaycanın büdcə və valyuta yığımı üçün dayanıqlı göstərici hesab edilir. Büdcədə digər əsas maliyyə mənbəyi olan, büdcənin 10 milyarddan artıq hissəsini təmin edən vergi və gömrük orqanlarının yığımları da ürəkaçan səviyyədədir və 2020-ci ildə bu qurumların daha artıq ödənişlər edəcəyi proqnozlaşdırılır. Bunu 2019-cu ilin ötən 7 ayının iqtisadi-maliyyə göstəriciləri də təsdiqləyir. Bu müddətdə vergi orqanlarının xətti ilə büdcəyə təxminən 5,8 milyard manatdan artıq vəsait daxil olub ki, bunun da 4,2 milyard manatdan artığı dövlət büdcəsinə ödənilmiş vergilər, 1 milyard 500 milyon manatdan artığı isə DSMF-ə ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır. Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar da xeyli artıb. Gömrük orqanları bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 2 mlrd 873 mln 657 min manat həcmində vergi və rüsumlar ödəyib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,5% çoxdur. Yəni, faktiki olaraq büdcəyə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 693 milyon manat artıb. Beləliklə, 2018-ci ilin ötən ayları ərzində dövlət büdcəsinə vergi və gömrük daxilolmalarının həcmi birlikdə 900 milyon manatdan çox yüksəlib. İlin sonuna kimi büdcəyə vergi və gömrük orqanları xətti ilə əlavə vəsaitlərin də daxil olacağı proqnozlaşdırılır. Bu iki qurumun dövlət büdcəsinə əlavə daxilolmalarının 2020-ci ildə də artacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, gələn il büdcənin xərclərinin artımı tam mümkün olacaq və həmin xərcləri maliyyələşdirmək çətin olmayacaq.

E.CƏFƏR

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin