ATƏT-in görüşündə Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən islahatlardan danışılıb

0
29

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Varşavada keçirilən ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə iştirak edib.
Aparatdan AZƏRTAC-a bildiriblər ki, tədbirin sessiyaları demokratik institutlar, informasiya və media azadlığı, demokratik seçkilər, vətəndaş cəmiyyətinin insan hüquqlarının müdafiəsində rolu, humanitar məsələlər, insan alverinə qarşı mübarizə, qadınlar və kişilər üçün bərabər imkanlar, dini etiqad azadlığı, qaçqın və məcburi köçkünlərin hüquqları və digər mövzulara həsr olunub.
A.Səfixanlı tədbirin işçi iclaslarında müvafiq mövzularla bağlı məruzə ilə çıxış edib. O, sessiyalar zamanı son dövrlər Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində islahatların daha da dərinləşdirildiyini, mühüm qanunların, milli fəaliyyət proqramlarının, strategiyaların qəbul olunduğunu, əhalinin sosial vəziyyətinin davamlı olaraq yüksəldiyini, Ombudsmanın insan hüquq və azadlıqlarının təmini sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Əhalinin müvafiq qruplarının hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə Ombudsmanın da daxil olduğu müvafiq işçi qrupu tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair 2019-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın, “Gender Bərabərliyi üzrə 2019-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın, “2019-2029-cu illər üçün Azərbaycan Respublikasının Milli Uşaq Strategiyası”nın layihələrinin hazırlandığı bildirilib.
Eyni zamanda, Azərbaycan dövlətinin son illərdə həyata keçirdiyi düşünülmüş siyasət, dövlət idarəetməsində institusional islahatlar nəticəsində hazırda ölkəmizin milli brendinə çevrilmiş “ASAN xidmət” və DOST agentliklərinin fəaliyyət göstərdiyi və vətəndaş məmnunluğuna səbəb olduğu vurğulanıb. O, çıxışında, həmçinin Azərbaycan Respublikası Konstitusiyasına əsasən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyini bildirib.
Tədbirin 9-cu işçi sessiyasında ATƏT-ə üzv dövlətlərdə qaçqın və məcburi köçkünlərlə bağlı problemlər müzakirə olunub. A.Səfixanlı həmin sessiyada mövzu ilə bağlı çıxış edərək qaçqın və məcburi köçkün problemi və onun Azərbaycana təsiri, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərinin işğal edildiyini, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalinin qovulduğu, bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin