Müsavat-AXCP ziddiyyətləri…

0
35

Qarşıdurma və ziddiyyətlər bir-birini əvəzləyir

Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında ardıcıl qarşıdurma bu gün də müşahidə edilir. Belə ki, uzun illər ərzində gah rəqib, gah da müttəfiq olan bu partiyalar son vaxtlar fürsət tapan kimi bir-birinə ən ağır zərbələr endirməkdən qalmırlar. Xüsusilə Feysbukda bu qarşıdurmalar açıq-aşkar özünü büruzə verir.

Müsavat başqanını müavini Səxavət Soltanlı cəbhəçiləri savadsız adlandırıb

Hələ bir müddət əvvəl bəlli olmuşdu ki, AXCP-nin ətrafında olan hüquq müdafiəçiləri, vəkillər və QHT təmsilçiləri yeni məhbus siyahısı hazırlayıb. Bu siyahıda 94 nəfərin adı qeyd edilib. Lakin bu siyahı ortaya çıxdıqdan dərhal sonra Əli Kərimlinin tapşırığı ilə daha bir siyahı hazırlanıb. Lakin əvvəlki siyahını hazırlayanlar bundan ciddi narahat olublar. Hazırda AXCP ətrafında toparlanan bu şəxslər arasında ciddi problem müşahidə edilir. Buna səbəb isə tərəflərin hər birinin öz siyahısını müdafiə etməsidir.

Bu arada, Müsavat Partiyası AXCP ətrafında yaranan bu fürsətdən öz maraqları üçün istifadə etməyə çalışır. Bu məqsədlə də, Müsavat rəsmiləri AXCP sədrinin tapşırığı əsasında deyil, nisbətən Əli Kərimlidən asılı olmayan şəxslərin hazırladığı siyahını müdafiə edirlər.

Müsavatın bu məqamdan istifadə etmək cəhdləri isə AXCP-dən kəskin reaksiya ilə qarşılanıb

Məsələn, Müsavat başqanının müavini Səxavət Soltanlı xüsusi bir məqalə yazaraq həbs edilən dindarların bu siyahıya salınmasına etiraz edib, bunun strateji səhv olduğunu bildirib. O, hətta dindarların adının siyahıya salınmasını “savadsızlıq” adlandırıb.

Qeyd edək ki, ötən illərdəki kimi, siyahı hazırlayan şəxslər dindarların adını bura daxil etməyib. Ancaq AXCP sədrinin təşəbbüsü ilə hazırlanan siyahıya dindarların və digər şəxslərin adı da salınıb. Müsavatın bu məqamdan istifadə etmək cəhdləri isə AXCP-dən kəskin reaksiya ilə qarşılanıb.

AXCP-nin Fransada yaşayan nümayəndəsi Natiq Ədilov müsavatçı Səxavət Soltanlını və başqan Arif Hacılını kəskin tənqid edib, hətta daha əvvəllər yaşanan xəyanətlərini xatırlayıb.

Müsavatçılar cəbhəçilərə qarşı psixoloji hücuma keçiblər

Lakin bu arada, mitinq məsələsi və Fuad Qəhrəmanlının ailədaxili şiddət faktı gündəmə gəldiyi üçün, hələlik partiyalar arasındakı savaşa ara verilsə də, müsavatçılar qeyd edilən son hadisələrdən də öz xeyirlərinə işləməyə başlayıblar. Daha dəqiq desək, Əli Kərimlinin, əsasən də AXCP-nin nüfuzunun bu qədər aşağı düşməsi fürsətini əldən vermək istəməyən Müsavatın sosial şəbəkədəki adamları daha aqressiv fikirlər yayaraq, cəbhəçiləri öz sıralarına dəvət edir, həmin vasitə ilə psixoloji hücumlarını artırırlar. Görünür, onların bu planı baş tutub. Belə ki, sosial şəbəkədə müsavatçılar cəbhəçiləri sadist, faşist, sadomazoxist, manyak kimi adlarla çağırır, onların hakimiyyətə gələcəkləri halda xalqın da başına olmazın oyunlar gətirəcəklərini iddia edirlər. Bu baxımdan, vəziyyət daha da gərginləşib və bir-birini əvəzləyən hadisələr isə, bütövlükdə ənənəvi müxalifətin iflasını, parçalanaraq siyasi məhvə doğru yuvarlanması prosesini sürətləndirir.

Rövşən RƏSULOV

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin