Əsas səhifə İqtisadiyyat Üzən məzənnə rejiminə keçid…

Üzən məzənnə rejiminə keçid…

admin
41 Oxunub


Valyuta Fondu təkid edir, Mərkəzi Bank hazırlığı davam etdirir

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökumətinə valyuta bazarının tənzimlənməsində inzibati resursları tamamilə azaltmağı və bazarın tam sərbəst rejimdə fəaliyyət göstərməsini tövsiyə edib. Fondun ekspertlərinin qənaətinə görə, hazırda valyuta bazarında tənzimləmə alətləri Mərkəzi Bankın (MB) əlində olduğundan müəyyən inzibati metodlar tətbiq olunur, MB bazarı sabit məzənnə (1 dollar =1 ,7 manat) kursuna uyğun nizamlayır, bu isə banklararası bazarın inkişafını məhdudlaşdırır. Kiçik bazar adətən bank sektorunda likvidliyin idarə edilməsində müəyyən narahatlıqlar yaradır, bankların həssaslığı və dollarlaşması Mərkəzi Bankın faiz dərəcələrinə və inflyasiyaya təsir etmə imkanlarını çətinləşdirir.
Valyuta Fondunun bu tövsiyəsi açıq şəkildə Mərkəzi Banka banka sektorunu müstəqil buraxmağa çağırışdır və bu, həm də, üzən məzənnə rejiminə keçidin anonsudur. Yəni, BVF faktiki olaraq Azərbaycan hökumətinə üzən məzənnə rejiminə keçməkdə təkidini çatdırır. Fondun bu bəyanatı Azərbaycanda valyuta bazarında bir sıra qayğıların aradan qalxmadığı şəraitdə həddindən artıq açıq mesajdır və hökumətin bunu qəbul etməsi həddindən artıq güclü iradə tələb edir.
Sual oluna bilər ki, 2015-ci ildə 2 devalvasiyadan çıxmış və bunun çətinliklərini dəf etməyi bacarmış Azərbaycan hökuməti tamamilə üzən açıq məzənnə siyasətini aparmağa qadirdirmi.Valyuta bazarının və monetar sektorun bir sıra xüsusiyyətlərini nəzərə aldıqda Azərbaycanda tam üzən məzənnə rejiminin tətbiqi mümkündür, ancaq bəzi daxili bazar amillərini nəzərə aldıqda bu rejimin bir qədər ertələnməsini də düşünmək olar. Məlumdur ki, valyutanın idarə edilməsi sistemləri əsasən üzən və idarə olunan məzənnə rejimi vasitəsilə tənzimlənir. Azərbaycan 2016-cı ilə qədər faktiki olaraq valyuta sistemini inzibati metodlarla idarə edib, 2016-cı ildən sonra isə idarə olunan qismən üzən məzənnə rejiminə keçib, bazara az da olsa sərbəstlik veribdir. Makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəlmiş kompleks tədbirlər, bu istiqamətdə qəbul edilmiş qərarlar 2017-ci ildə məzənnə rejiminin çevikliyinin artırılmasına əlverişli zəmin yaradıb. Xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limitin (+4%) 2017-ci ilin yanvar ayından aradan qaldırılması da sərbəstliyə doğru addımlardandır. Ancaq bununla yanaşı, idarə olunan rejim məqbul sayılır və dövlət, yəni Mərkəzi Bank müəyyən dərəcədə bazara müdaxilə edir, valyuta satışlarında özü iştirak edir. Tam sərbəst üzən məzənnə rejimində isə bazarı birbaşa iştirakçılar, yəni bank və kredit-maliyyə təşkilatları və valyuta alıcıları müəyyənləşdirir. Bu şəraitə uyğun olaraq milli və xarici valyutanın məzənnəsinin həftədə bir neçə dəfə dəyişməsi, ucuzlaşması, yaxud bahalaşması mümkündür. Sərbəst üzən məzənnə şəraitində hökumət əsasən inflyasiyanı hədəfə götürür, yəni ölkədə inflyasuyanın səviyyəsi hədəf göstəricini keçdiyi halda dövlət valyuta bazarına müdaxilə edir. Belə təhlükə olmadıqca, valyuta alışı-satışı və məzənnənin təyin olunması tələb-təklif əsasında formalaşır. Üzən məzənnə rejimində valyuta bazarını proqnozlaşdırmaq mümkün olmasada ( məsələn, Türkiyədə son bir ildə dollar-lirə mübadiləsində yüksək qalxmalar və s) bu çərçivənin də öz üstünlükləri vardır. Məsələn, biznes sektoru və ev təsərrüfatları öz planlarını, ixrac proqnozlarını daha rahat tənzimləyir, perspektiv gəlir əldə etmə imkanlarını yaxşılaşdırır. Üzən məzənnə rejimi ölkənin valyuta ehtiyatların tükənməsinin qarşısını alır, çevik pul-kredit siyasəti həyata keçirməyə təminat verir. Ancaq bu rejimin dövlətin ümumi maraqları baxımından mənfi cəhətləri də çoxdur, xüsusilə də, Mərkəzi bankların üstəqil və çevik pul-kredit siyasəti həyata keçirmək imkanını məhdudlaşır, ölkənin valyuta ehtiyatlarını daima risk altında saxlayır, ixrac potensialına mənfi təsir edir.
Qeyd etdiyimiz xüsusiyyətləin fonunda Azərbaycan iqtisadiyyatının və valyuta bazarının hazırkı strukturu və problemlərini nəzərə alsaq, tam üzən məzənnə rejiminin tətbiqinə hazır olmadığımızı demək mümkündür. Doğrudur bu rejimə keçid üçün əsaslar var, ancaq hazırda azad bazar mexanizmlərinin və iqtisadiyyatın rəqabətliliyinin daha da artırılmasına ehtiyac olduğu halda bu rejimin tətbiqini bir müddət gözləməyə ehtiyac vardır. Üzən məzənnə rejiminə keçmək üçün iqtisadiyyatın ixrac, (qeyri-neft ixracı) potensialını gücləndirmək, idxaldan asılılığın kəskin şəkildə azaltmaq lazımdır. Şaxələnmiş valyuta bazarı yaradılmalıdır. Üzən məzənnə rejiminə tam keçid pul siyasətinin alternativ lövbərinin formalaşdırılmasını da tələb edir, hazırda pul bazası belə alternativ  rol oynasa da, beynəlxalq təcrübəyə əsasən banklararası bazarda qısamüddətli faiz dərəcələri optimal alternativ deyil, bunun üçün banklararsı bazarın inkişafı tələb olunur. Nəhayət, üzən valyuta rejimində əsas faktor möhkəm daxili istehlak bazarının mövcudluğudur, əks təqdirdə yüksək idxal artan xarici valyuta məzənnəsi şəraitində ölkəyə gətirilən malların bahalaşmasına səbəb ola bilər. Bu isə sosial siaysət baxımından da hökumətə faydalı deyil. Ona görə də, üzən məzənnə rejiminə keçməyə tələsməyə dəyməz.
Əslində BVF də anlayır ki, Azərbaycanın tam sərbəst valyuta rejiminə keçməsi indiki şəraitdə çox çətindir. Çünki bu təşkilata üzv ölkələrin cəmi 35-40 %-i üzən məzənnə rejimi tətbiq edir – onlardan isə 20 %-i tamamilə sərbəst üzən valyuta məzənnə rejimindədir. Azərbaycan və digər Avropa ölkələrinin 30 %-i idarə edilən üzən valyuta rejimini müəyyənləşdirib.
Onu da nəzərə almaq lazımdır ki, Mərkəzi Bank da üzən məzənnə rejiminə keçidin sürətlənməsində maraqlıdır. Bu, MB-nın özünün bazarda inzibati yükünün azalması, strateji valyiuta rezervlərinin artması baxımından əhəmiyyət kəsb edir.Bu rejimə keçid 2020-ci ildə nəzərdə tutulsa da, sonrakı ildə tətbiqi məqsədəuyğun hesab edilir. Gələn ilin dövlət büdcəsində manatın məzənnəsinin dollar ekvivalenti ilə 1,7 manat müəyyən edilməsi MB-nın inzibati təsirinin qalacağını deməyə əsas verir. İstənilən halda, hökumət tam üzən məzənnə rejimini tətbiq etməkdə qərarlıdır. “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də tam üzən məzənnəyə keçid nəzərdə tutulubdur. Hazırda həmin hədəfə uyğun olaraq istehlak səbətində idxalın əvəzlənməsi üçün tədbirlərin icrasına başlanılıb.

E.CƏFƏR

Rəy bildir

3 × three =