Qeyri-neftə əsaslanan iqtisadi artım proqnozları…

0
73

ÜDM-in həcmi 2023-cü ildə 100 milyard manata yaxınlaşacaq

Məlum olduğu kimi İqtisadiyyat Nazirliyi 2020-ci il və qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf göstəricilərini açıqlayıb. Proqnozlara əsasən, 2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 2,4 faiz olmaqla 82,7 milyard manat təşkil edəcək. İqtisadi artımda əsas güc mənbəyi qeyri-neft sektoru olacaq və ÜDM-də həmin sektorun artım dinamikası 3,3 faiz gözlənilir. Bu, 54,2 milyard manatlıq milli məhsul deməkdir. 2020-ci ildə ümumi daxili məhsulun strukturunda 4,8 milyard manatı və ya 5,8 faizi kənd təsərrüfatının, 31,5 milyard manatı (38 faiz) sənayenin, 6,5 milyard manatı və ya 7,8 faizi tikintinin (32,7 milyard manatı və ya 39,5 faizi ticarət və xidmət sektorunun payına düşəcək. ÜDM-in 7,3 milyard manatı və ya 8,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək. Göründüyü kimi iqtisadi artımı təmin edən əsas katalizatorlar qeyri-neft bölmələrində formalaşacaq.
2020-ci ildən sonrakı dövrlərdə də iqtisadi artım hər il müsbət dinamika üzrə irəliləyəcək. 2021-də ÜDM-in artımı 3,8 faiz təşkil etməklə 88, 4 milyarda manata bərabər olacaq. 2022-ci ildə isə ÜDM-in artım dinamikası 3 faizi ötməklə 92,7 milyard manata çatacaq. 2023-cü ildə də iqtisadi artım təxminən 3 faiz təşkil etməklə 96,9 milyard manata qədər artacaqdır.
Azərbaycanın iqtisadi inkişafında əsas mühərrik rolunu oynayan qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi də növbəti illərdə əsas iqtisadi prioritetlərdən biri olacaqdır. Məlum olduğu kimi qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Dövlətin son illər bu sahəyə diqqətini xüsusi olaraq fokuslaşdırması, həm institisional-hüquqi, həm də maliyyə rıcaqları vasitəsilə həmin sahələri motivasiya etməsi qeyri-neft bölmələrində hərarəti artırıb. Bunun nəticəsidir ki, son illər bu sahədə görülən tədbirlər qeyri-neft sahələrinə həm dövlətin, həm də özəl bölmənin investisiya qoyuluşunun artmasına səbəb olubdur, investisiya təşviqi və digər amillər də stimulverici rol oynayıb, nəticdədə yeni müəssisələrin və iş yerlərinin açılması qeyri-neftdən yaranan əlavə dəyərin həcminin artmasını təmin etməkdədir.
Hazırda qeyri-neftin əsas təməl gücləri kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal və yeyinti sənayesi və digər sahələrdir. Proqnozlar həmin sahələrin hər birində əhəmiyyətli artımın əldə olunacağına dair nikbin proqnozlar verməyə əsas verir. Ortamüddətli dövrdə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payı hər il yaradılan əlavə dəyər nicbəti ilə 2 milyard manatdan çox artacaqdır. 2020-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 54,2 milyard manat təşkil etdiyi halda 2021-ci ildə bu rəqəm 3,5 milyard manata qədər yüksələrərk 57,7 milyarda manata bərabər olacaq. 2022-ci ildə qeyri-neft məhsullarının istehsalı daha 3,3 milyard manat artacaq və 61 milyard manata çatacaq. 2023-cü ildə isə qeyri-neft sektorunda yaradılan əlavə dəyərin həcmi 3,4 milyard manat çoxalmış olacaq və ÜDM-də 64,4 milyard manata yüksələcək.
Beləliklə, 2023-cü ildə Azərbaycan iqtisadiyyatının real mənzərəsi birbaşa qeyri-neft sektorunun inkişaf drayverləri üzərində möhkəmlənəcək. ÜDM-də qeyri-neftin payı 65,8 faizə, neft sektorunun payının isə 34,2 faizə bərabər olacaq. Bu isə o deməkdir ki, artıq yaxın 3-4 ildə qeyri-neft sektorunun iqtisadiyatda xüsusi çəkisi neft sektorunu 2 dəfəyə yaxın üstələmiş olacaqdır.

E.CƏFƏR

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin