Arzu Nəzərova: “Çalışıram ki, 162 nömrəli məktəbin əvvəlki adını qaytarım”

0
80

Ötən il 162 nömrəli orta məktəbin şagirdi Elina Hacıyevanın başına gələn faciə hamımızı narahat etdi. Məktəbdə bir yeniyetmə qızın intihar etməsi cəmiyyətimizdə qəzəb dalğasına səbəb oldu. Olmalıydı da… Bu narahatlıq həmçinin Elinanın qısa ömrü boyu qarşılaşdığı laqeydliyə, zorakılığa qarşı da yönəldilmişdi. Müvafiq qurumlar araşdırma apardı, cinayət işi açıldı, məktəbin direktoru işindən uzaqlaşdırıldı və sonra ittiham edildiyi maddələr əsas götürülərək vəzifəsindən azad edildi.

Əlbəttə ki, Elinanın intiharı hələ də gündəmdədir, amma yeniyetmə qızın həyatını geri qaytarmaq mümkün olmadığı üçün belə dəhşətli faciələrin bir daha baş verməməsi üçün nəticə çıxarmaq, qabaqlayıcı tədbirlər görmək lazımdır.

Əvvəlki direktorun işindən azad edilməsindən sonra 162 nömrəli tam orta məktəbə yeni direktor təyinatı da baş tutdu. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən iyul ayında bu vəzifəyə Nəzərova Arzu Aslan qızı təyin edildi.

Qeyd edək ki, Arzu Nəzərova 2003-cü ildən Nərimanov rayonundakı Lisey- Məktəb Kompleksində direktor müavini işləyib, habelə ibtidai təhsil müəllimi və təhsil sistemində geniş təcrübəyə malikdir.

Vəziyyət elə tələb etdi ki, bu ildən övladlarım 162 nömrəli məktəbdə təhsil almalı oldular, buna görə də adı qalmaqallarda hallanan bu məktəbə (çoxları bura “Elinanın Məktəbi” deyir – N.N) yeni direktor təyin edilməsi məndə maraq oyatdı. Təbii olaraq bütün valideynlərdə narahatlıq  vardı. Ancaq yeni direktorla görüşdükdən və onun öz vəzifə borcunu yerinə yetirdiyini görəndən sonra bu təhsil ocağının valideynləri rahat nəfəs aldılar.

Fakt budur ki, yeni direktor 162 nömrəli məktəbdə oxuyan hər bir uşağın bu məktəbdə işləyən bütün pedaqoqların diqqət və qayğısı ilə əhatə olunması üçün mümkün olan və hətta mümkün olmayan hər şeyi edir. Hələ məktəbə zavuç (baş müəllim) və psixoloq təyin olunmadığı üçün Arzu xanım öz vəzifələrindən əlavə bu sahələri də idarə etməlidir. Yeri gəlmişkən, təyin edildikdən dərhal sonra yeni direktor öz hesabına məktəb siniflərində yüngül təmir işləri də həyata keçirdi.

Valideynlər deyirlər ki, dəfələrlə direktorun hətta təsərrüfat müdirinin vəzifələrini belə icra etdiyinin şahidi olublar.  Arzu xanım məktəbi hamıdan sonra tərk edir, bəzən saat 10-dək iş başında olur.  Arzu Nəzərova 162 nömrəli məktəbin direktoru vəzifəsində çalışmağa razılıq verməklə çiyninə necə böyük bir  məsuliyyət aldığının fərqində olduğunu deyir.  Qeyd edir ki, onun yeganə məqsədi  162 nömrəli məktəbə əvvəlki yaxşı adının qaytarılması üçün mümkün olan hər şeyi etməkdir.

Fİkrimizcə başqa cür ola bilməzdi, çünki  Arzu Nəzərovanın məsuliyyətli və dəyərli kadr olduğu çoxuna məlumdur, belə ki, bir müddət əvvəl Təhsil Nazirliyi Arzu Nəzərovnı “İlin ən yaxşı müəllimi” adına layiq görüb, üstəlik onun ibtidai siniflərdə tədris metodikası Təhsil Nazirliyi tərəfindən ibtidai məktəbdə tədris prosesinin aparılmasının ən yaxşı nümunələrindən biri kimi tövsiyə edilib.

Arzu Nəzərova bir neçə kitabın – ibtidai sinif müəllimləri üçün dərs vəsaitlərinin müəllifidir. Arzu xanımın məktəblərdə işləmə təcrübəsi 1981-ci ilə təsadüf edir, yəni ümumilikdə 40 ilə yaxındır ölkəmizin təhsil sistemində çalışır. Yeri gəlmişkən, müəllim təhsili ilə yanaşı, Arzu Nəzərovanın  ikinci ali təhsili də var – hüquq.

Əlbətdə ki, Arzu Nəzərovanın direktor təyin olunduğu məktəbdə də digər şəhər məktəbləri kimi bəzi problemlər var. Belə ki, ümumi tutumu 650 şagird olmasına rəğmən hazırda burada 1600 şagird təhsil alır. Təbii ki, bu qədər şagirdin eyni növbədə təhsil alması mümkün olmadığı üçün ikinci növbə yaradıldı, bu da əksər valideynlərin sevmədiyi vəziyyətdir. Məktəb iki dildə təhsil verir, burada həm Azərbaycan, həm də rus təhsil sektoru var. İki dildə tədris ətrafdakı əhali üçün çox vacibdir, amma valideynlərin söylədiklərinə görə, məktəbin əvvəlki rəhbərliyi onları rus təhsil sektorunu tamamilə ləğv edəcəyi ilə hədələmişdi, baxmayaraq ki, məktəb ölkəmizdə yaşayan bir çox millətin nümayəndələrinin övladları üçün də təhsil verməlidir.

Yeri gəlmişkən, 162 nömrəli məktəbin yerləşdiyi bina haqqında da məlumat verək. Sözügedən məktəb binasının böyük tarixi əhəmiyyətə malik olduğunu çox az adam bilir, məktəb  məşhur azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən 20-ci əsrin əvvəllərində, daha dəqiqi 1917-ci ildə inşa edilib. Məktəbin yaxınlığında neft yataqları aşkarlandıqdan sonra neftçilər məktəbin yaxınlığında inşa edilmiş birmərtəbəli binalarda məskunlaşmışdılar. Murtuza Muxtarovun həyat yoldaşı Liza Muxtarova (Tuqanova) bu binalarda yaşayan neftçilərin  qız övladları  üçün dörd illik məktəb açdı. Qızlar burada təhsil almqaqla yanaşı, toxuculuq, tikiş, hörgü işləri də öyrənirdilər.

Azərbaycan SSRİ-nin bir hissəsinə çevrildikdən sonra da məktəb işini davam etdirdi. 1936-cı ildə məktəbdə dərslər rus dilində tədris olunmağa başladı. Böyük Vətən Müharibəsi illərində məktəb binası hərbi xəstəxana kimi istifadə olunurdu. SSRİ dağılandan sonra isə məktəbdə Azərbaycan dilində də dərs tədrisi başladı.

Hazırda məktəb rus və Azərbaycan bölmələri olmaqla  ikidilli  təhsil verir,  məktəbin müəllim heyətində 108 pedaqoq  var. Əminliklə demək olar ki onların hər biri öz işinin peşəkarıdır.  Ülviyyə Rzayeva, Aida Əlmuradqızı, Jalə Xanlarzadə, Valentina Mirzoyeva, Rəna Səfərova, Leyla Mehdiyeva, Vəsilə müəllimə, Zahirə Allahmanova və bu məktəbin digər bir çox müəllimi ölkənin müxtəlif sahələrində çalışan gənc nəsli yetişdirib. Öz təcrübəmdən, öz övladlarımın nümunəsindən istifadə edərək deyə bilərəm ki, burada uşaqların aldığı nizam-intizam və bilik səviyyəsi paytaxtdakı bir çox məktəbdən daha yüksəkdir.

Bildiyiniz kimi, hər il 5 oktyabrda Azərbaycanda və bütün dünyada mühüm bir bayram – Müəllimlər Günü qeyd olunur. 1966-cı ildə bu gün YUNESKO müəllimlərin statusunun yüksəldilməsi üçün tövsiyələr imzaladı, bundan sonra 5 oktyabr Dünya Müəllimlər Günü dünyanın yüzdən çox ölkəsində qeyd olunur.

Təcrübə göstərir ki, hər hansı bir tarixi mərhələdə cəmiyyətin inkişafı təhsilin inkişafı və səviyyəsindən, onun əhali və ölkə üçün əhəmiyyətinin düzgün qiymətləndirilməsindən birbaşa asılıdır. Müasir dünyada təhsil insan resurslarının, elm və texnikanın inkişafında həlledici amilə çevrilir. Buna görə hər ölkədə təhsilə çox diqqət yetirilir və bu sahədə çalışan mütəxəssislər hörmətlə qarşılanır. Azərbaycan da bu mənada istisna deyil.

N.NURULLAYEVA, L.MEHRALI

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin