Radikalizm və dağıdıcılıq sindromunun sonu

0
54

AXCP və Müsavatın bütün cəhdləri iflasa uğrayır – səbəbləri var

Bu gün ölkədə fəaliyyət göstərən radikal müxalifət partiyalarının dərin tənəzzülə uğradığı heç kimə sirr deyil. Hətta müxtəlif vaxtlarda partiyalarının hakimiyyətə gələcəyi ilə bağlı çoxsaylı vədlər versələr belə, ənənəvi düşərgə siyasi təşkilatları necə deyərlər, çullarını sudan quru çıxarmağı bacarmırlar. Buna səbəb isə şəxsi mənfəət və dividentlərin güdülməsi ilə yanaşı, həm də partiyalardaxili və partiyalararası münaqişələrin düşmənçilik həddinə çatmalarıdır. Məhz bu reallıq onların onsuz da olmayan siyasi keyfiyyətlərini aşağı salır, olan-qalan tərəfdarlarının da getmələrinə, istefa vermələrinə səbəblər yaradır.

Radikalların siyasi mühacir biznesləri də ölür

Yeri gəlmişkən, özlərini ayaqda saxlamaq üçün indi də saxta mühacirət biznesinə girişən AXCP və Müsavat kimi ənənəvi radikal müxalifət partiyalarının bu oyunbazlıqları da ifşa olunur. Artıq belə faktlar kifayət qədər çoxdur və onlar üzə çıxdıqca, digər məsələlər də ictimai rəyin diqqətindən yayınmır.

Ümumiyyətlə, bu partiyaların mərkəzi qərargahlarında qalmış beş-üç nəfər saxta sənəd düzəltməyi həm özləri üçün gəlir mənbəyinə çevirir, həm guya Azərbaycanda onların təqiblərə məruz qalması görüntüsünü yaradır, həm də müəyyən beynəlxalq dairələrin diqqətini Azərbaycan hakimiyyətinin üzərinə çəkmək istəyirlər. Misal üçün, bir müddət əvvəl hətta Almaniyada saxta mühacirət sənədləri ilə gəlmiş bir neçə şəxsə qarşı cinayət işi açılması, bəzilərinin ölkədən deportasiya edilməsi xəbərlərinin yayılması təsadüf deyil. Bənzər amillər digər Avropa ölkələrində də qeydə alınmağa başlayıb. Özlərini “siyasi mühacir”, “dissident” kimi təqdim edən adamlar ölkələrində təzyiqlərə məruz qaldıqlarını sübut etmək üçün hələ Bakıda keçirilən mitinqlərdə şəkillər çəkdirir, sonra da partiya sədrlərinə müəyyən məbləğlər ayıraraq, “partbilet” alır, bundan sonra isə xarici ölkələrə oturum izni almaq üçün qapılar döyürlər. Əlbəttə ki, həm də yerləşdikləri ölkələrdə bir-iki “youtube” çıxışları da etdikdən sonra yaşamaq hüququ alacaqlarını sanırlar. Amma heç də belə deyilmiş. Çünki artıq Avropanın da ədliyyə və xarici vətəndaşlarla iş üzrə fəaliyyət göstərən müvafiq qurumları belə oyunbazlıqları ifşa edirlər.

Beləliklə, sözügedən məsələnin təhlilini apararkən həm də belə qənaətə gəlmək olar ki,   saxta mühacirət sənədlərinin satılması onların iflasının son görüntüsüdür.

AXCP və Müsavat özlərini radikal düşərgənin ən güclü və perspektivli siyasi partiyaları hesab etsələr də, reallıq tam əksinədir

Ümumiyyətlə, 1992-1993-cü illərdə hakimiyyətdə olmuş və iflasa uğramış Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birbaşa bağlı olan və özünü onun varisləri sayan siyasi partiyalar indi tənəzzülün son mərhələsini böyük sürətlə keçirməkdədirlər. Hətta bu gün AXCP və Müsavat özlərini radikal düşərgənin ən güclü və perspektivli siyasi partiyaları hesab etsələr də, reallıq tam əksinədir. 1992-1993-cü illərdə hakimiyyətdə olanda da, bütün sonrakı dövrlərdə də öz aralarında antaqonist ziddiyyət və intriqalar yaşayan bu iki partiya illər boyu ayrı-ayrılıqda hakimiyyətə doğru yürüdüklərini zənn etsələr də, əslində bir-birinə paralel iki ayrı yolla öz tarixi iflas sonluqlarına doğru gediblər.

Həmçinin onu da qeyd etmək yerinə düşərdi ki, bu gün Müsavat Partiyasında baş verənlər eynilə AXCP-dəki iflas proseslərinin başqa bir formada təzahürü olmaqla buna sübutdur. Bir neçə il öncə hər iki partiyadan müəyyən qruplar ayrılaraq özlərini yeni siyasi partiyalar kimi elan etdilər və bu proses onların dağılmasının ilk böyük mərhələsi idi. Əbəs deyil ki, hazırda parçalanmış AXCP indi ayrı-ayrılıqda bir neçə başqa adda siyasi partiyalar şəklində fəaliyyət göstərirlər və onların əksəriyyəti radikallığı, dağıdıcılığı, populizmi rədd edirlər. O cümlədən, Müsavat partiyasından da bir neçə qollar parçalanıb ki, həmin siyasi partiya və hərəkatlar radikal baxışlardan imtina ediblər.

Beləliklə, AXCP və Müsavat indi elə bir həddə çatıb ki, özlərindən yeni siyasi partiya ifraz etmək gücünü də tam itirdikləri üçün fərdlər arasında, iki-ikiyə intriqalar burulğanına düşüblər. Konkret adlar çəkmədən də bu gün Müsavatdakı ikitərəfli çəkişmələrin necə kəskinləşdiyini hər kəs görür. Xüsusilə Müsavat Partiyasının daha çoxsaylı ikitərəfli çəkişmələrə meydan olmasının çox unikal səbəbləri var. Heç bir hakimiyyət perspektivinin olmadığını, hər gün zəiflədiyini, özünü lider sayan şəxslərlə sıravi üzvlər arasında xüsusi qabiliyyət fərqlərinin qalmadığını bütün müsavatçılar görür. Bu amillər partiya üzvlərinin bir-biri ilə toqquşmasının əsas səbəbidir. Əgər nəzərə alarsaq ki, partiyanın növbəti qurultayı olacaq və bu qurultaya tərəflər barışmaz rəqabətə girişəcəklər, ondan həmin partiyada növbəti qarşısıalınmaz istefaları görmək mümkün olacaq.

Sıravi partiya üzvləri bu həqiqəti artıq anlayıblar və başa düşüblər ki…

Hətta AXCP və Müsavat rəhbərlikləri daxillərində mövcud olan uğursuzluqları, parçalanma və istefaları guya hakimiyyətin oyunları kimi təqdim etsə də, əslində Müsavatın da, AXCP-nin də dağılması onların öz siyasətləri və daxillərindəki inamsızlıqlarla bağlıdır.

Son olaraq isə, bir sıra siyasi ekspertlərin müştərək fikirlərini xatırlamaq olar. Belə ki, onlara görə, AXCP və Müsavat rəhbərlərinin böyük səhvlərindən biri də odur ki, onlar SSRİ dağılandan sonrakı müvəqqəti xaosdan istifadə edərək respublikalarda hakimiyyəti zəbt etmiş qrupların heç birinin sonradan hakimiyyətə qayıda bilmədiyini başa düşmək istəmədilər. Bu baxımdan, müşahidələr göstərir ki, toqquşan sıravi partiya üzvləri bu həqiqəti artıq anlayıblar və başa düşüblər ki, xalq Azərbaycanda təsadüfi qüvvələrin hakimiyyətə gəlməsinə bir daha imkan verməyəcək. Müsavat və AXCP-nin dağılması real prosesdir və həmin proses sürəkli, həm də sürətli tərzdə davam etməklə, siyasi mühitdə radikalizmin, eləcə də dağıdıcılıq sindromunun sonunu gətirəcək.

Rövşən RƏSULOV

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin