7 aylıq üçəmlər, yaxud kasıb atanın dərdli sevinci…

0
187

Şəkildə gördüyünüz bu gəncin ailəsində qeyri-adi hadisə baş verib. 7 il övlad həsrəti ilə yaşayan və ümidlərini bir an belə üzməyən Tural Əliyevin ailəsinə Tanrı 3 oğlan övladı bəxş edib.  Amma üçəmlər valideynlərini çox gözlətməyiblər, 9 aylıq yolu 7 aya qət ediblər. Elə bu tələskənlik də valideynlərini çox xərcə salıb… İndi bilmirlər sevinsinlər yoxsa…

Doğuşun ağır olması ilə əlaqədar Bakıya üz tutan T.Əliyev Leyla Şıxlinskayanın Klinikasına müraciət edib və keysəriyyə yolu ilə üçəmləri dünyaya gəlib. Oktyabrın 23-də klinikaya 3600 manat depozit yatırıb (təkcə əməliyyatın məbləği 1580 manatdır). Uşaqların müstəqil nəfəs alması mümkün olana kimi onun yerinə nəfəs alan aparat – Küvezə yerləşdirməsi üçün hər gün üçün 140 – 160 – 180 manat ödəyib. Təbii ki, lazım olan dərmanların qiyməti buraya daxil deyil.  4 gün ərzində 3600 manat xərclənən körpələrin vəziyyəti zəif, kafi, aktiv olaraq qiymətləndirilir. Amma məsələ bununla bitmir. Uşaqların normal vəziyyətə gəlməsi üçün hələ çox vaxt tələb olunur. Vaxt isə hər gün üçün ödəniləcək küvez və dərman preparatlarının pulu deməkdir. O pul ki, Turalın hazırki maddi durumu üçün imkansızdır. Aylıq maaşı vur-tut 279 manat olan Tural Goranboy rayonunun Yuxarı Ağcakənd deyilən ərazisindəki Gips Karxanasında tərəzi-operator işləyir, daha doğrusu, işləyirdi. Üçəmlərinə görə Bakıda olduğu üçün əvvəl icazə alıb, sonra da işindən də azad edilməsi üçün ərizəsini yazıb. İndi üç oğul atası kimi sevinmək əvəzinə Tural sabahın qayğıları ilə yaşayır – olmayan böyük pullar müqabilində körpələrinə qovuşmaq… Absurd  görünsə də, atalar demiş, ölümdən başqa hər şeyə çarə var.  

Turalın dediyinə görə, Leyla Şıxlinskayanın Klinikası isə problemin həlli yolunu üçəmləri K.Fərəcova adına Elmi- Tədqiqat Pediatriya İnstitututuna –  OMD – yə köçürməkdə görür.

Maddi sıxıntı problemi ilə üz-üzə qalan Tural körpələrinin hazırda olduqları Leyla Şıxlinskayanın Klinikasından gileylənmir, deyir “özəl müəssisələrin özəl qanun-qaydası var, bizə çox endirimlər eləyiblər”.   Üçəmlərin dünyaya gəlməsində cərrah Natiq Məhərrəmlinin, pediatr Əkbər həkimin də əməyini xüsusi qeyd edir. İstirahət günü olduğu üçün pediatrla əlaqə saxlamaq mümkün olmadı. Doktor N.Məhərrəmovla əlaqə saxlayıb, üçəmlərin vəziyyəti ilə maraqlandıq. O, bildirdi ki, körpələrin vəziyyəti stabildir, onların OMD-yə köçürülməsi məsələsinə gəlincə isə dedi ki klinika öz hesabına bu körpələri bir müddət nəzarət altında saxlaya bilər: “Əgər böyük endirimlər edilibsə, bundan sonra da onlara köməklik göstərilə bilər”.

Bu körpələrin hazırki durumu həssas yanama tələb edir. Bəs istər özəl olsun, istərsə də dövlət klinikalarımız körpələrə lazımi dəstək və qayğı göstərəcəklərmi?  Bunu da zamanın, həkimlərin və klinikaların ixtiyarına verək. Amma bir anlıq düşünək – kimliyimizdən asılı olmayaraq, hamımız Azərbaycanlıyıq və gəlin, Azərbaycanımızı qoruyacaq gələcəyin üç əskərinə həyat vermək üçün çalışaq.

Biz isə öz növbəmizdə üçəmlərin vəziyyətinin yaxşılaşacağına, klinikaların bu körpələrin taleyinə biganə qalmayacağına ümid edirik. Və bu körpələrin taleyi ilə bağlı məlumatları oxucularımıza çatdıracağıq.

P.HÜSEYNOVA

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin