Masallıda “İnformasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib

0
69

Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə  oktyabrın 28-də Masallı  şəhərində “İnformasiya təhlükəsizliyi” mövzusunda seminar  keçirilib. JuHİ-nin mətbuat xidmətindən thebusinesstimes.az-a daxil olan məlumata görə,  “Cənub xəbərləri” qəzetinin konfrans  zalında keçirilən seminara Cənub bölgəsində fəaliyyət göstərən  yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə üzrə təmsilçiləri, həmçinin, yerli QHTvə internet fəalları  qatılıblar.  Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  maliyyə yardımı ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar” layihəsi çərçivəsində baş tutub.

JuHİ sədri  Müşfiq Ələsgərli bildirib ki,  seminarın  keçirilməsində məqsəd jurnalistləri və internet üzərindən xəbər yayan informasiya istehsalçılarını beynəlxalq səviyyəli  təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə  biliklərini artırmaq olub: “ Bu, Azərbaycan jurnalistləri və ümumilikdə xəbər istehsalçıları üçün son dərəcə vacibdir. Seminar iştirakçılarına  həm jurnalistlərin fərdi təhlükəsizliklərini təmin etmək mexanizmləri, həm də  xəbərin məzmun  təhlükəsizliyi barədə bilgilər verildi. Bunlar, jurnalistlərin fərqli mövzularda araşdırmalar apararkən və ya münaqişə zonasından reportaj hazırlayarkən daha etibarlı hərəkət etmələrinə kömək etmək üçün vacib bilgilər idi”.

Müşfiq Ələsgərli qeyd edib ki, seminarda, həmçinin, yayılan informasiyaların məzmununa  görə yaranan hüquqi məsuliyyət və təhlükəsizlik məsələləri  barədə  bilgi verilmişdir: “İnternet üzərindən informasiya yayan vətəndaşlarda və media qurumlarında yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib məsələləri  sırasındadır. Masallıda keçirdiyimiz tədbirdə sosial media istifadəçilərinin və ümumilikdə internet üzərindən    informasiya yayan vətəndaşların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik”. 

JuHİ üzvü, beynəlxalq TOT təlimlərində  iştirak etmiş  Nəzirə Nurullayeva təhlükəsizlik mövzusunda beynəlxalq təlimlərdə əldə etdiyi bilgiləri yerli seminar iştirakçıları ilə bölüşüb. İştirakçılara təhlükəsizlik məsələləri və tədqiqat hesabatı sahəsində ən yaxşı beynəlxalq təcrübələr barədə bilgi verilib.

Təlimlər zamanı praktik məşğələlər aparılıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin