Prezident İlham Əliyev növbəti möhtəşəm uğura imza atdı

0
36

Azərbaycanda kosmik sənayenin yaranma tarixi yenidir, çox gəncdir, 2008-ci ildən başlayır. Prezident İlham Əliyev 2008-ci ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması” haqqında sərəncam imzalayıb. 2009-cu ildə isə “Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” dövlət başçısının sərəncamı olub. Prezidentin növbəti sərəncamı 2010-cu ildə olub: “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” sərəncam.
Sərəncamlardan irəli gələn tapşırıqlar sürətlə icra edilib, uğurlu nəticələr verib. 2013-cü ildə ilk peykimiz olan “Azərspace 1” telekommunikasiya peyki, 2014-cü ildə isə “Azərsky” müşahidə peyki orbitə çıxarılıb. Və nəhayət, üçüncü peykin orbitə çıxarılması ölkəmizdə kosmik sənayenin inkişafında növbəti addım olub. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.
Vaşinqtonda keçirilən Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında Bakı şəhərinə 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnun verilməsi möhtəşəm hadisədir. Nəzərə alsaq ki, bu məsələdə Bakının üç ciddi rəqibi olub (Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri), onda qərarın əldə edilməsi üçün nə qədər gərgin səy göstərildiyini təsəvvür edə bilərik. Həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə qazanan Azərbaycan oldu. Prezident İlham Əliyevin dediyi kimi, “bu qərar Azərbaycanın nüfuzundan xəbər verir. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var”.
Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu cür gözlənilməz, təsəvvüredilməz nailiyyətləri bir neçə dəfə qazanıb: “Elə bu ayın ərzində BMT-dən sonra ən böyük təşkilatına – Qoşulmama Hərəkatına sədrliyimiz bunun əyani sübutudur. Azərbaycanla birlikdə 120 ölkə yekdil qərarla Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçibdir və bu, doğrudan da böyük tarixi nailiyyətdir”. Məlumat üçün qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub, qısa müddət ərzində onun sədrliyi postunu əldə edib.
Müşahidələr göstərir ki, bu cür nailiyyətlərin əldə edilməsi təsadüflərin nəticəsi deyil, Prezident İlham Əliyevin düşünülmüş proqramlarının göstəricisidir. Nəzərə alaq ki, 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdi. 155 ölkə Azərbaycana səs vermişdi. Üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirmişdi. Həmin vaxt cəmi 20 yaşı olan ölkə üçün bu, böyük nailiyyət idi.
Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi növbəti böyük qələbəmizdir.

Müşfiq Ələsgərli

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin