Sözdən qala yapan ustad

0
63

Eldən-obadan, yurddan-yuvadan

Şahmurad Qaraqoyunlunun sinəsindən qaynayan söz bulağından bir ovuc su ilə könlümü sərinlətmək istədim

Könüldən gələn sözün özünəməxsus cazibəsi var. Elə ovqat yaradır ki, ovsunu səni əməlli-başlı tərk-silah edir, imkan vermir ki, ondan ayrılasan. Söz həmişə sahibinin kimliyini bəyan edir.

Klassiklərimiz etiraf ediblər ki, Söz adamı barədə yazmaq həm çətindir, həm də asan. Onların adi həyatdan kənarda bir özgə dünyaları olur ki, qapılarını ancaq fitrətdən gələn ilahi təb aça bilir. Bu mənada hər kəs Söz adamı barədə nə isə deməyə bir çox hallarda cəsarət etmir…

Əslində, hər bir kitab söz yaddaşıdır. Amma kitabdakı baş söz olsun, ha, boş sözlər yaddaşa yazılmaz. Bəzən ədəbiyyat, incəsənət və tənqiddə yeni bir şeylə rastlaşanlar, bələdlik məqsədilə oxuduqlarının analoqunu axtarırlar. Yazılanları dərk etmək, müqayisə aparmaq, mənalandırmaq və dəyərləndirmək məqsədilə sanki hökmən nümunə lazımdır. Əsl sənət əsərləri isə qışqırıqla, gözə soxulmaqla və buna uyğun formalarda meydana çıxmır. Çox vaxt səssiz-küysüz, sezilmədən dünyaya gəlirlər. Bu fikir kiməsə mübahisəli, kiməsə mübaliğəli görünə bilər.

Söz də, əsil və kamil ifadə də beləcə doğulur…

Söz adamlarının qəlbini çağlayan-qaynayan bulağa – çeşməyə bənzədənlər səhv etməyiblər. Bulaq suyu yerin dərin qatlarından necə süzülüb saflaşıb çıxırsa, Söz də, əsil və kamil ifadə də beləcə doğulur: müəllifin ürəyinin cövhərindən, qəlbinin nurundan, duyğularının süzgəcindən  qaynayıb-daşır.

Hər bir yaradıcı kəsin söz dünyasında xüsusi, onu riqqətə gətirən, düşündürən, incidən, əzən və sonda rahatlıq verən bir mövzu olur ki, onu oxucularına  daha tez tanıdır və oxudur.

Bununla yanaşı, təəssüf ki, bəzən ədəbi aləmdə hiss olunan pərakəndəlikdən girəvəbazlar “məharətlə” istifadə edir, söz yığınından ibarət  mədhiyyələr yazır, hətta, qalın-qalın kitablar da buraxırlar. Bu, ilk baxışdan o qədər də qəbahət sayılmır. Çünki illərlə xalqımızın istedadlıları senzuraların paslı qıfılı altında saxlanıb və sıxılıblar. Amma o da var ki, həmin “bolluğun” içərisində baş Sözün yanında boş sözlər də az olmayıb. Əlbəttə, belə “külliyyat”lar Azərbaycan ədəbi aləminə daxil ola bilməz, çünki həmin “əsər”lərin “müəllif”ləri xalqımızın Söz salnaməsini yaratmaq və qorumaq məsuliyyətində və qabiliyyətində deyillər. Bunlar öz yerində. Gələk mətləb üstünə. Bu qeydləri edərkən düşünürəm: şəksiz ki, qəlbinin pışıltılarını, könlünün hayqırtılarını  sinəsindən kitab səhifəsinə köçürərkən  qələm və söz adamı görəsən, sözün pərvanəsinə dönüb, fikrinin başına neçə dəfə dolanıb?! Sualıma cavabı özündən yox, şeirlərindən almaq çətin deyil.

Bir haşiyə çıxım. Kəlbəcərdən didərgin salındığımızın beşinci ili idi. Bəhmən Vətənoğludan ayrılıq dərdinin şəklini sözlə çəkməsi üçün rəmzi olaraq hər il üçün bir sual yazıb göndərmişdi. Təbii ki, şair dili poetik olar. Bəhmən müəllim də şərti olaraq hər suala bir şeiri ilə cavab yazıb redaksiyaya – “Ozan” qəzetinə göndərmişdi.

Bu yaddaşımdan silinməyən xatirəni niyə yadıma saldım? Əvvəla, Bəhmən Vətənoğlunun ruhundan icazə istəyib, bir  qələm və söz adamının da ürəyindən, könlündən süzülüb gələn poetik nəfəsində qızınan isti sözlərindən toxuduğu poeziya xalısının ilmələrinə baxmaq, naxışlanmış  söz xalçasını sərrafların qənşərinə sərmək istəyirəm. Şairlikdə iddialı olmasa da, indiyə kimi 3 kitabı ilə oxucu qarşısına çıxmağa cəsarət edibsə, demək, ilahidən vergisi var.

“Dünyanın Türkə baş əyəcəyini yazıram”

Böyük Türk dünyasının (bu fikri yazanda Türkün düşmənlərini vahimə basır. Mən də qəsdən, bilərəkdən hələ də bir ola bilməyən Tür-müsəlman dünyasının mövcudluğunu, nə zamansa yenidən dünyanın Türkə baş əyəcəyini yazıram. Deyir ki, “dedi-dedi də bir məleykədi-Tanrının göndərdiyi”) Azərbaycan bütöv olduğu dövrlərdə onun Qərb bölgəsində bir dərə vardı. Adına Qaraqoyunlu dərəsi deyərdilər. Doğrusu, bunu son illər, daha doğrusu, Qaçqınkomun qəzeti olan “Vətən səsi”ndə çalışanda bir qələm dostum, şair Nəsib Qaramanlıdan öyrənmişdim. Hətta, onu da eşitmişdim ki, o dərə Şah İsmayıl Xətainin qılıncına belə sinə gərib: dinindən-donundan dönməyib. Hə, Nəsib Qaramanlı Krasnoselonun Yanıqpəyə kəndindəndir. Azərbaycan dili və Ədəbiyyatı müəllimi olub. Daşnakların Qərbi Azərbaycanı türksüzləşdirmə siyasətinin qürbanlarından biri də Nəsib müəllimdir. Bir redaksiyada tanışlıqdan sonra onun necə qələm adamı olduğunu öyrəndim. Açığı, mənim bir neçə ədəbi-bədii, publisistik kitabım nəşr edilmişdi, onun yox. Ona görə də mənim təkidli dəstəyimlə Nəsib Qaramanlı   da 2-3 kitab müəllifi kimi tanındı.

Məqsəddən uzaq düşməyək. Göyçə ədəbi məktəbi  çoxlu aşıq, şair, publisisit yetirib. Onların, əksəriyyətinin olmasa da, xeylisinin bədii yaradıcılığı ilə yaxından tanışam. Oxuduğum, qəlbimə yatan poetik duyğulara arst gələndə  fikrimi,Ş duyğularımı qələmə almaqda xəsislik eləməmişəm. Hətta, bəzən buna görə  nadanların qınağına da tuş olmuşam.

Krasnoselonun daha bir qələm adamı ilə yaxın zamanlarda tanış oldum. Qaynım Arifin Kəmalə balası Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində çalışır. Özü də bu kollecin məzunudur. Təsadüfən bir neçə dəfə kollecdə olub Kəmalə xanımın işləri və iş yoldaşları ilə yaxından tanışlıqda Şahmurad müəllimi tapdım. Doğrusu, söz adamlarına qeyri-adi kimi baxıram: tanrının lütvü onlarda daha çoxdur, normal-qeyri-normçal olduqlarını demirəm. Adilərdən seçilirlər: həmsöhbət və öz dünyaları olmaqla… tanış olduq. Öyrəndim ki, Məmmədov Şahmurad  Zöhtün oğlu 1965-ci ildə indiki Ermənistanın (köhnə Qərbi Azərbaycanın) Krasnoselo rayonunun Gölkənd kəndində anadan olub. 1972-1982-ci illərdə Gölkənd orta məktəbində oxuyub.  1983-1985-ci illərdə ordu sıralarında hərbi xidmət keçib. 1986-1991-ci illərdə Baki Dövlət Universitetinin Kimya fakultəsində oxuyub.  1991-1996-cı illərdə Azərbaycan Elmlər Akademiyasının PMİ-da gənc mütəxəssis kimi işləyib. 1993-1997-ci illərdə aspiranturanın qiyabi şöbəsini bitirib. 1996-1997 –ci illərdə Təfəkkür Universitetində, 1997-2001-ci illərdə BDU-da  çalışıb. 

El həsrəti”  ilə “Sirli dünya”sı-

 “Cənnət dünyasıdı Qaraqoyunlu”

2001-ci ildən Azərbaycan Texniki Universitetinin nəzdindəki Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tərbiyə işləri üzrə direktor müavinidir.

3 şeir kitabının müəllifidir: “El həsrəti” (1998), “Sirli dünya” (2006) və “Cənnət dünyasıdı Qaraqoyunlu” (2014).

Bir qız və bir oğul atasının dostları minlərcədir, çünki qələm və söz adamıdır.

İlk tanışlıq günü mənim 30-dək kitab müəllifi, yüzlərlə nəşrin ön söz müəllifi və redaktoru olduğumu bildiyini xatırlatdı. Məni “məndən yaxşı tanıyan” müəllimlə söhbətimiz poeziyadan, lirik duyğulardan düşəndə Kəmalə balam bir şeirimi söylədi və əlavə etdi ki, müəllim, Məhəmməd əminin  cəmi bircə şeirlər kitabı çıxıb, lakin hamı onu  jurnalist olmaqla yanaşı şair və bədii qiraətçi kimi tanıyır. Axı, o,  Jurnalistika ilə yanaşı, həm də rejissorluğu da bitirib. Kəmalə balam  mənim“Xəyalım yol aldı – köçdü, nə köşdü?” şerimi söylədi:

Ruhum qan ağladı, gözüm yaş tökdü,

O dağlar  yadıma düşdü, nə düşdü.

Dərd elə sıxdı ki, qəddimi bükdü,

Ürəyim həsrətdən bişdi, nə bişdi.

Leysan olub eynim yaşı süzüldü,                        

Muncuq kimi yanağımda düzüldü.                        

Bulaq üçün dodaqlarım büzüldü,         

Xəyalım dağlara uşdu, nə uşdu.

Sinəm atəşlidi, gözlərim yaşdı,                           

 İki əlim yumulub, başıma daşdı.                    

Ah-naləm görəsən dağları aşdı?                    

Bu həsrət sinəmi deşdi, nə deşdi…

Qaçqınlıq-köçkünlük yamandı, yaman,

Çəkirik bu dərdi, aman, əl-aman!

Yamanca olmuşam yenə bəd-güman,

Dedilər ürəkdə şişdi, ayə, nə şişdi?

Yayılarmı, fikir-xəyal azıbdı,                               

Bu taleni fələk belə yazıbdı?!  

Zalım düşmən  növrağımı pozubdu,                           

Qanım başa vurdu, coşdu, nə coşdu.

Novruz tonqalını qalayım necə,

Əldən gedib yurdum bahar gəlincə.

Çəkirik bu dərdi bütün ellikcə,

Çəkmirsə bu dərdi, başdı, nə başdı?

Durna qatarında,  xəyalım çaşdı,

Kiprikdən nəm çəkdi, gözüm bulaşdı.

Bayram süfrəsinin  bəzəyi aşdı,

Anam dəmləyib ki, aşdı, nə aşdı?

Yaz gəlibdi, çəmən-çiçək gül açıb,                            

Bülbül nəğməsiylə bağda dil açıb?                           

 Məhəmməd Tanrıya yenə əl açıb, 

Xəyalım yol aldı – köçdü, nə köşdü?

Şahmurad müəllim xeyli düşündü. Xəyalında doğma yurd yerlərinə qayıtdığı hiss olunurdu. Durna qatarına dönmçüşdü fikri.  “Azərbaycan” şeirini çox astadan söylədi. Yaddaşıma yazılan  şeir bir vətənpərvər qələm adamının  könül sovqatı idi:

Odlar yurdu, od püskürür nəfəsindən,

Şöhrətinə baş əyirəm, Azərbaycan!

Artıq dünya hesablaşır haqq səsindən,

Qüdrətinə baş əyirəm, Azərbaycan!

Sən azadsan, öz mövqeyin, öz yerin var,

Sən ulusan – Qorqud boyda əsərin var.

Bəxtiyarsan – Heydər kimi Öndərin var,

Dövlətinə baş əyirəm, Azərbaycan!

Müqəddəsdir bu torpağın hər qarışı,

Bir tarixdir Qobustanda Qaval daşı!

Hər tərəfin qara qızıl, addımbaşı

Sərvətinə baş əyirəm, Azərbaycan!

Vətən üçün döyünən qəlbimdən bir ah qopdu, elə bildim ki, şeirdi:

Kəlbəcər həsrəti dilimdə sözə,  qəlbimdə közə çevrildi, gözlərimdə selə döndü-nə döndü.  Məhəmmədhüseyn Şəhriyara üz tutdum:

Heydər baba!

Xəyalıyla qovrulduğum yurdumun

Açılmır səhəri gör neçə ildi.

Yəhərsiz-yüyənsiz, bir də ki, nalsız

Minilir kəhəri gör neçə ildi.

Heydər baba!

İzim düşmür cığırına, yoluna,

Meşəsinə, talasına, koluna.

Tamarzıyıq pətəyində balına,

Dadırıq zəhəri gör neçə ildi.

Heydər baba!

Köklənməyən, zillənməyən bir neyəm,

Kəlbəcərsiz yetim qalan körpəyəm.

Yurdu talan, bir yuvasız leyləyəm,

Düşmüşəm sərsəri gör neçə ildi.

Heydər baba!

Zəngilan, Qubadlı, xan Şuşam hanı?!

Batdımı Ağdamın, Laçının qanı?

Cəbrayıl, Füzuli… neçədi sanı,

Dağılıb məhvəri gör neçə ildi.

Heydər baba!

Məhəmmədə hücum çəkir dərd, qada,

Həsrətdi bir isti  ocağa, oda.

Qalıbdı yağıya, quldura, yada,

Neçə ləl-gövhəri gör neçə ildi.

Şahmurad müəllimi od götürdü:

-Bilirsiz,  kəlbəcərlilərin kimini (uşaqdan-böyüyə, oxumuşdan-oxumamışına, qadınından-qızına) dindirirsənsə, şeirlə cavab  verir. Bu yaxınlarda Naşı Talıb adlı bir müəllifin şeirini oxudum.Məni yandırdı. Əslində, başa düşürrəm, o, yandığından, qovrulduğundan elə deyir: “bundan sonra Kəlbəcəri neynirəm?”-yazmışdı. Sosial şəbəkədə oxudum. Ona  bu il sentyabrın 21-də belə bir cavab yazdım:

Naşı Talıb, pərən düşmüş elə bax,

Çadırların düzüldüyü çölə bax,

Yurdum üçün o uzanan ələ bax,

Qəlbini acıtmır bu olay məgər?!

Nədən gərək deyil sənə Kəlbəcər?!

Bir cənnətdir Kəlbəcərin torpagı,

Ləli-zərdir hər küncü, hər bucağı.

Müqəddəsdir Dədə Şəmşir ocağı,

Orda qonaq olub Vurğun, Ələsgər,

Nədən gərək deyil sənə Kəlbəcər?!

Kəlbəcərdə ləl çıxarır erməni,

Bu sözlərin sevindirir düşməni.

Vətən dərdi üzdü şair Bəhməni,

Qoy rahat uyusun Şücaət ,Ənvər,

Nədən gərək deyil sənə Kəlbəcər?!

Vaxtı keçmiş yardımlardan yeyirsən,

Əyninə sintetik paltar geyirsən.

İngilisə artıq dayı deyirsən,

Duyar Qaçaq Nəbi, eşidər Həcər,

Nədən gərək deyil sənə Kəlbəcər?!

Dəyişir fəsillər, dəyişir zaman,

Vətənin üstündən çəkilmir duman.

Gölkənd həsrətinə dözməyib, inan,

Şahmurad olubdur müsəlləh əsgər,

Nədən gərək deyil sənə Kəlbəcər?!

 O günkü görüşümüz bir dastan axşamını xatırladlırdı. Ya da  ustadlar buna  deyişmə də deyərdilər. Amma, biz nə dastan danışırdıq, nə də deyişirdik. Məndə sanki məqam tapmışdım, sözün ilahiliyi özünü göstərirdi: nə yorulrduq, nə də bezirdik. İkimiz də yurd həsrətli könlümüzü sözlə yükləyib  görüşə gəlmişdik sanki.

Onu  dilləndirmək üçün bir bənd qoşma dedim:

Yenə xəyallarla yol gedir şair,  

Yenə duyğuları dalğalanıbdı.                                                                                    

Dirsək dizə dayaq, əl də çənəyə,                                                                              

Qonçə kəlmələri lalaxlanıbdı.

Şahmurad müəllim xəyalında , yox, gecə yuxusunda doğma kəndə getmişdi. Dilindən qopan  ah-nalədən duyurdum ki, duman-çənə bürünüb, sanki əsim-əsim əsirdi. Şeirə çevirdi yuxusunu və dilə gətirdi:

Bu gecə yuxuda Gölkənddə idim,

Goydən leysan yağır şimşək çaxırdı!

Yalnız aralıqda Qrozu gördüm,

Yollarda göllənən selə baxırdı!

Kənddə yaşayırdı beş-on erməni,

Soruşdum: -Nə yaxşı qovmurlar səni?!

Söylədi: -Kəndxuda seciblər məni.

Yaman dəmlənmişdi gözü axırdı!

Bildirdi: -Məktəblər uçub-tökülüb,

Gölün arasında məktəb tikilib.

Dağlara asfaltlı yollar çəkilib,

Gozləri görmürdü, eynək taxırdı!

Qrozun cox geniş imkanları var,

Saysız donuzları, qabanları var.

Dağlarda sürüsü, çobanları var,

Qazancı sürülər, bir də naxırdı.

Kənddə yaşayış az, evlər boşalıb

Yuxarı məhlələr təmiz bos qalıb.

Mənim gəlişimə Qroz xoş olub,-

Bizi yaşamağa kəndə çağırdı!

…Necə də tanış mənzərə, oxşar dərd idi bizi dilləndirən, dosta çevirən,bizi qovuşduran həsrət, hicran, dərd…

Məhəmməd NƏRİMANOĞLU

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin