KİVDF-ni tənqid edib özünü gülüş hədəfinə çevirənlər

0
94

Fəzail Ağamalı parlamentdə medianın inkişafı ilə bağlı təkliflərin hansı birinə dəstək verib?

Rəhmətlik sənətkarımız Habil Əliyev (ruhuna rəhmət olsun)  haqqında qoşulmuş  lətifələrdən birini xatırlayıram. Toy şənliklərinin birində iştirak edəcəyinə söz versə də, vədə çatanda vaxt tapmır. Toy sahibinin sərt, bir az da “qırmızı adam” olduğunu nəzərə alaraq, üz-üzə gəlməkdən yayınır, problemin həllini zamanın öhdəsinə buraxır. Günün birində təsadüfən rastlaşır, yayınmaq üçün dərhal taksiyə minir. Amma adam çatdırıb yetişir, qapını açır, taksinin  hərəkətini dayandırır, əsəbi halda sərt ifadələr işlədir. İfadələr o qədər sərt olur ki, gənc taksi sürücüsü belə utanıb başını yana çevirir ki, ortadakı pərtlik aradan qalxsın. Amma  müdrik sənətkar təmkinini pozmur, yenə də vəziyyətdən çıxış yolu tapır. “Toy sahibinin” ürəyini boşaldıb, qapını örtüb getməsindən sonra, üzünü taksi sürücüsünə tutur, “A bala, sizin nə pis zarafatınız var, heç olmasa ictimai yerdə etməyin” deyir. “O, mənimi deyir?!” söyləyib heyrətlənən və çaşqın duruma düşən sürücü özünə gəlincə, iş-işdən keçmiş olur.

Yəqin ki,  baş verməyib bu hadisə. Sadəcə insanlar gündəlik həyatlarında bənzər şəxslərlə o qədər rastlaşıblar ki,  bunu böyük sənətkarın kölgəsinə sığınmaqla tənqid  etməyə çalışıblar, onun adına  lətifə qoşmaqla “qırmızı insanlara” etirazlarını bildiriblər. 

Lətifəni xatırlamağıma səbəb, millət vəkili Fəzail Ağamalının KİVDF-ni öz təbirincə tənqid etməsi oldu. Prezident 15 oktyabr müşavirəsində çox nəzakətlə mesaj verdi ki, yaşı 70-i keçmiş, vəzifəsinin öhdəsindən gəlməyənlər “üzüsulu” getsinlər. Deputatlıq təyinatlı post deyil, onu birbaşa sərəncamla vəzifədən azad etmək olmaz. Amma ölkə əhalisi Prezidentin çıxışından öz mesajını aldı. Növbəti parlament seçkilərində, yəqin ki, daha həssas seçim aparılacaq. 72 yaşlı Fəzail Ağamalı da  hesabını götürdü. Bilir ki, əlindən cana yığmış seçicilər, Prezidentin mesajından ruhlanaraq, növbəti seçkidə ona öz sözlərini deyəcəklər. Necə olsa, haqlıdırlar.  İnternetdə axtarış aparıram, son 10 il ərzində Fəzail Ağamalının 1-cə çıxışını tapa bilmirəm ki, orada öz seçicilərinin problemini qabartsın, seçicilərin  mənafeyini müdafiə etsin. Bunu internetə çıxış imkanı olan, internet axtarış sistemləri barədə elementar bilgisi olan hər bir şəxs edə bilər. Axtarın, baxın, “millət vəkili” öz seçicisinin problemləri barədə bir kəlmə danışıbmı? Əgər vəkilliyə yaramırsa, niyə seçsinlər onu? Əlavə olaraq, Ağamalı ilə “dostcasına” vidalaşmaq üçün münbit şərait də yaranıb. Necə olsa, adamın 72 yaşı var.

Ağamalı da dinc durmayıb, vəziyyətdən çıxmaq üçün yollar axtarır. Aktivlik etmək lazımdır axı. Sağa baxıb, sola baxıb, görüb ki, media əhli onu  “ağsaqqal yaşında utandırmamaq” üçün başlarını aşağı dikiblər, deyib ki, Prezident düz deyir, dəyişmək lazımdır: “Amma dəyişməli olan biz deyilik, KİVDF-dir”.  Maraqlıdır, KİVDF Fəzail Ağamalının haradan yadına düşdü? Əminliklə deyə bilərəm ki, bu, medianın inkişafına qayğı göstəmək istəyindən irəli gəlmir. Əgər belə olsaydı, Fəzail Ağamalı  indiyədək jurnalistikanın inkişafı naminə parlamentdə səslənən fikirlərin birinə dəstək verər. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə dəfələrlə çıxış edib, onlayn mediaya dövlət dəstəyi göstərilməsi üçün əlavə büdcə açılmasını təklif edib. Daşdan səs çıxıb, Fəzail Ağamalıdan isə yox. Diffomasiya haqqında qanunun qəbul edilməsi təklif edilib, ölkəiz üçün əsaslı olması isbat edilib. Yenə də Ağamalı görünmür. KİV-ə vergi güzəştləri edilməsi, reklam bazarının çılması üçün təkliflər paketi verilib, millət vəkillərindən ona səs verilməsi istənilib. Amma Fəzail Ağamalı dinməyib. Nəzərə almayıb ki, bunlar Azərbaycan mediası üçün vacib məqamlardır. Adam birdən dil açıb və başlayıb 10 il müddətində jurnalistlərin və çap mediasının əsas dayağı olan KİVDF-ni tənqid etməyə. Adını da qoyub ki, guya bunları Azərbaycan jurnalistləri üçün edir!

Onun səsləndirdiyi bütün arqumentlər yanlışdır. Deyir ki, KİVDF “Ayna-Zerkalo” qəzetlərinin pulunu kəsib. Kim deyib bunu, haradan alıb bu arqumenti. “Ayna-Zerkalo” qəzetləri KİVDF-nin layihələrini  alıb, 2015-ci il hadisələri zamanı qəzet qapanıb. Özləri Fonda məktub yazaraq, layihələri icra edə bilmədiklərini, layihəyə xitam verilməsini istəyiblər. İndi Fəzail Ağamalı haradan uydurur ki, Fond qəzetin pulunu kəsib? Yaxud deputat deyir ki, bir sıra adı olan, özü olmayan qəzetlərə KİVDF tərəfindən pullar ayrılır.  Hansı qəzetlərin adını çəkə bilər ki, Fonddan maliyyələşir, amma yoxdur? Bunu üçün monitorinq aparsa, bilər ki, fikirləri kökündən yanlışdır. Bu, özünü gülünc vəziyyətə qoymaqdan başqa bir şey deyil. Adama deyərlər ki, səni Milli Məclisə göndərənlərin ümidlərini doğrult, sonra bizdən danışarsan.

Fəzail Ağamalı bu sahədə tək deyil. KİVDF-yə qarşı ilk ittihamlar Mehman Əliyev düşərgəsindən gəlib.  Mehman Əliyev indiyədək deyirdi ki, “Hakimiyyətin media siyasətini idarə edənlər medianı elə bir vəziyyətə salıblar ki, Prezidentin islahatçı kursunu cəmiyyətə çatdıra bilmirlər”. Özünü elə göstərib ki, guya Prezidentin islahatlar kursunun həyata keçirilməsini dəstəkləyir, medianı da ona görə qınayır ki, bu kursu lazımınca təqdim edə bilmir.  Amma üç gün öncə müxalifətin toplantısına qatılandan sonra dəyişib, artıq mövqeyini gizlədə bilmir. İddia edir ki, “nə Mikayıl Cabbarov, nə də Əli Əsədovun təyinatı düzgün olmayıb, onlar iqtisadiyyatda heç bir yenilik edə bilməzlər. Onların təyinatı islahata xidmət etmir”. Mehman Əliyev BBC-yə verdiyi  müsahibəsində Prezidentin islahatlar proqramını tam əksinə təqdim etməyə çalışır, onu gözdən salmağa cəhd edir. İddia edir ki, ölkədə islahat filan yoxdur.  Öz mövqeyidir, özü bilər, bununla işimiz yox. Amma adam bir fikirləşər ki, axı dünənə qədər islahat kursunu guya dəstəkləyirdi, KİVDF-ni də tənqid edirdi ki, guya “jurnalistikanı pis günə qoyub, Prezidentin kursunu xalqa düzgün çatdıra bilmirlər”. BBC-yə müsahibəsində o da açıq-aydın görünür ki, Mehman Əliyev xarici donor təşkilatların Azərbaycana yenidən ayaq açmasında israrlıdır. Görünür, bir vaxtlar yerli təmsilçisi olduğu “Soros Fondu” kimi dağıdıcı donor təşkilatların yolunu açmaq üçün isə yerli donorun vurulmasını daha məqsədəuyğun hesab edir. 2011-ci ildən Sorosun pullarından əli üzülən insanlar gah nala, gah da mıxa vurular, məqsədlərinə çatmaq naminə cəmiyyətdə fikir ayrılığına nail olmağa çalışırlar.

Bəlli olan budur ki, bu insanların məqsədi nə Prezidenti dəstəkləmək deyil, nə də jurnalistikanın halına yanmaqdır. Öz maraqları var, bu maraqlar naminə hər şeyi, hətta Prezidentə, dövlətçiliyimizə sadiq olan strukturları da gözdən salmaqdan çəkinmirlər.

 Amma xalqın gözü tərəzidir.

Nəzirə Rafiqqızı

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin