Nüfuzlu dini liderlərin iştirak etdiyi Bakı Sammiti mühüm mesajların dünyaya çatdırılması üçün ciddi platformadır – Deputat

0
16

Dünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsi Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına verdiyi növbəti töhfədir. Eyni zamanda, nüfuzlu dini liderlərin burada iştirakı bir daha göstərir ki, Bakı Sammiti mühüm mesajların dünyaya çatdırılması üçün ciddi platformadır.

Bunu Trend-ə Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, bu gün ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslər bu məsələlərin nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirə edilməsi zərurətini yaradır. Azərbaycan isə məhz bu zərurətdən doğan məsələlərin həllinə layiqli töhfə verməyə çalışır.

M.Qasımlı Dünya dini liderlərinin Sammitinin məhz Azərbaycanın təşəbbüsü ilə keçirildiyini vurğulayaraq qeyd edib ki, bu beynəlxalq tədbirin Bakıda təşkil edilməsi ölkəmizin dini problemlərlərin həlli istiqamətində atdığı ən önəmli addımlardan biridir.

Professorun dediyinə görə, Dünya dini liderlərinin II Sammiti ölkəmizin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə verdiyi töhfələrin məntiqi davamıdır.

M.Qasımlı əlavə edib ki, əsrlər boyu Azərbaycanda müxtəlif etnik və dini qrupların nümayəndələri mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar: “Prezident İlham Əliyev də Sammitdə çıxışı zamanı bu məsələni xüsusi vurğuladı. Bildirdi ki, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Dövlət başçısı “Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar” – deməklə Azərbaycanda dövlət-din münasibətlərinin mövcud durumu barədə dünya ictimaiyyətini bir daha məlumatlandırdı.

Dünya multikulturalizminin mərkəzlərindən biri kimi tanınan Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-seçkiliyə yol verilməyib, ölkəmizdəki dini icmaların milli-mədəni və dini dəyərləri qorunub saxlanılıb. Bunun nəticəsidir ki, Azərbaycanda müsəlmanlarla yanaşı, qeyri-müsəlmanların da dini bayramları yüksək səviyyədə keçirilir, dövlət bu icmalara dəstək göstərir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsinə qərar verilib. Sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın iştirakçı qatılıb.

İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılacaq.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin