Tikinti imperiyasının qanunsuzluğuna qarşı yeni plan…

0
41

Bakı şəhərinin son illərdə tikinti ansamblının, şəhərsalma və tikinti normalarının kobud şəkildə pozulmasına qarşı haqlı narazılıq edən mütəxəssislərinə və paytaxt sakinlərinə ən yüksək səviyyədə dəstək dövlət başçısından gəldi. Noyabrın 4-də Bakının icra hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edən Prezident İlham Əliyevin açıq şəkildə narahatlığına səbəb olan məsələlər sırasında şəhərin infrastrukturu və tikinti planları xüsusi olaraq qabardıldı. Dövlət başçısı şəhərin simasını korlayan, şəhərsalmaya ciddi xələl gətirən tikililərin inşa olunmasına kəskin etirazını bildirərək buna yol vermiş qurumları tənqid edib.
Prezident tikinti üçün yerlərin zəbt olunması, bir sıra hallarda qanunsuz sərəncamların verilməsi, ağacların və yaşıllıqların qırılması kimi hallara yol verildiyini, bundan sonra bu cür qanunsuzluqlara son qoyulmasını qəti şəkildə aidiyyəti qurumlara xəbərdar etdi.
Bu gün Bakıda, eləcə də digər iri şəhərlərdə inşa olunan binalarda ən çox uyğunsuzluqlar, bəlkə də, qanunsuzluqlar satılan mənzillərin əmsallaşdırılması və mənzilin sahəsinin ölçülməsində təyin edilən normativlərdir. Tikinti şirkətləri mənzilin sahəsini faktiki olaraq şişirdirlər. Daşınmaz əmlakla bağlı qaydalara əsasən, təklif edilən mənzilin sahəsinə yaşayış sahəsi daxildir, hamam-tualet, eyvan qeyri-yaşayış sahəsi hesab edilir və ümumi sahəyə adi olunmur. Ancaq hazırda bütün yeni tikilən yaşayış mənzillərində bu normativlər nəzərə alınmır, nəinki qeyri-yaşayış sahələri, hətta mənzilin çöl dəhlizi, divarların ara məsafələri də ümumi sahəyə daxil edilir və satılır. Hətta mənzillər arasındakı divarların cöldən hesablanması nəticəsində bu araməsafəsi 2-3 qonşunun hər birinin mənzil sahəsinə hesablanır. Yəni tikinti şirkəti 3 qonşunun hər birindən 100 kv.metrlik mənzildə təxminən 2-3 kv. metr əlavə sahə hesablamaqla onlardan əlavə pul alır. Bundan başqa, mənzillərin hündürlüyü layihədə və inşaat planında 3,2-3,4 metr əks etdirilsə də, faktiki olaraq mənzil təhvil veriləndə 3-3,1 metrdən çox olmur. Bu isə o deməkdir ki, tikinti şirkıətləri hər mərtəbədə 20-30 santimetr “qayçılamaqla” sakinlərin hesabına əlavə olaraq hər 10 mərtəbədə 1 mərtəbə qazanır. Bütün bunlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun və digər hüquqi sənədlərin tələblərinə, şəhərsalma və tikinti məcəllələrinin tələblərinə ziddir.
Bundan başqa, bir-birinə yaxın tikilməsi, ara məsafələri ilə bağlı normativlərə əməl olunmaması bu problemi xüsusilə aktualdır. Tikinti şirkətlri layihədə tikintinin ərazisində kiçik park və istirahət yerləri, yaşıllıq sahələri, əyləncə və digər infrastrukturlarla bağlı 2-3 min kv.metrlik sahəsini qeyd etsələr də, cəmi 500-600 kv.metrlik ərazi saxlayırlar. Faktiki olaraq binanın dövlət layihəsində vətəndaşlar üçün nəzərdə tutulan istirahət və yaşıllıq sahələrinin yerində əlavə bir bina da inşa olunur. Bütün bunlar, şəhərsalma və tikinti normalarının pozulması halları ilə yanaşı, iqtisadi xarakterli cinayətlərdir. Çünki bu və digər vasitələrlə vətəndaşların pullarının mənimsənilməsi cinayət tərkibi yaradan haldır.
Tikinti sektorunda ən böyük problemlərdən biri çoxmənzilli binaların mülkiyyət hüququ ilə təmin edilməsidir. Bu da tikinti sektorunda korrupsiya yaradan hallardan biridir. Çünki tikinti şirkətləri qəsdən məqsədli şəkildə mənzil sahiblərinə daşınmaza əmlaka dair çıxarış (“kupça”) vermir. Çünki şirkət bununla mənzilin notarila satışına mane olur, kimsə mənzili satdıqda yalnız tikinti kooperativinin razılıq sənədi əsasında sövdələşməyə məcbudrdur. Şirkətlər isə həmin müqaviləni 2-3 min manata satır. Halbuki notarila qaydada alqı-satqı 200 manat tələb edir. Digər tərəfdən notarila qaydada satış zamanı vergi tutularaq büdcəyə ödənilir. Beləliklə, şirkətlər açıq şəkildə büdcəyə verginin yolunu bağlayır, korrupsiya yaradan hallara yol verir.
Bu məsələ də dövlət başçısının narahatlığına səbəb olduğundan Prezident İlham Əliyevin 2019-cu ilin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmana əsasən, indiyədək mülkiyyət hüququ ilə təmin edilməyən, yəni dövlət istismarına təhvil verilməyən binaların rəsmiləşdirilməsinə başlanılıbdır. Xatırladaq ki, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılmışdır ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdi.Dövlət başçısı istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə çox mühüm addım atdı. Beləliklə, 2020-ci il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının istismarına icazə veriləcəkdir.  
Fərmanın icrası vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinə, mənzillə bağlı əməliyyatların “Asan Xidmət” vasitəsilə tam şəffaf şəkildə həyata keçirilməsinə imkan verəcək. Mənzillərin qeydiyyatı, satışı və digər aparılan əməliyyatlarda mənzil-tikinti kooperativlərinin (MTK) tələb etdiyi qeyri-qanuni ödənişlər ləğv olunacaq, həmin vəsaitlər müəyyən edilmiş əmsallar üzrə hesablanacaq vergilərlə rəsmi qaydada dövlət büdcəsinə yönəldiləcək, nəticədə il ərzində dövriyyədən kənarda qalan milyonlarla manat vəsait dövlət büdcəsinə daxil olacaq.
Yuxarıda qeyd edilən problemlərin həlli məqsədilə şəhərsalma və tikinti sahəsinə nəzarət edən qurumların üzərinə ciddi vəzifələr düşür. Bundan sonra, həm də Bakı şəhər icra hakimiyyəti və rayon icra hakimiyyətlərinin də məsuliyyəti artır. Bütün bu qurumların tikinti qanunsuzluğuna qarşı hansı tədbirlər görəcəyi qarşıdakı aylarda bilincək.

E.CƏFƏR

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin