Ədliyyə Nazirliyi “İnsan hüquqları və yerli özünüidarəetmə” mövzusunda “dəyirmi masa” keçirib

0
29

BMT-nin Baş Məclisi tərəfindən 1948-ci ildə “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin qəbul olunduğu tarix – dekabr ayının 10-u hər il bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.
Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, vətəndaş cəmiyyətinin inkişafına yönələn davamlı tədbirlər görülür, bu sahədə nüfuzlu beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edilir, respublikamız 50-dən çox beynəlxalq sənədə qoşularaq beynəlxalq öhdəliklərin həyata keçirilməsi daim diqqətdə saxlanılır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Thebusinesstimes- verilən məlumata görə dekabrın 9-da Ədliyyə Nazirliyində Beynəlxalq İnsan Hüquqları gününə həsr olunmuş “İnsan hüquqları və yerli özünüidarəetmə” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə nazirliyin məsul rəhbər şəxsləri, millət vəkili, bələdiyyələrin milli assosiasiyaları, vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova dövlətimizin ali məqsədi olan insan hüquqlarının təmin edilməsi üzrə görülən işlər, o cümlədən ictimai iştirakçılığın təşviqi, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq barədə məlumat verib, ölkəmizdə 20 illiyi qeyd olunan yerli özünüidarəetmə sahəsində ötən dövrdə mühüm addımların atıldığını, insan hüquqlarının təmin olunmasında bələdiyyələrin rolunu vurğulayıb.
Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, onlara metodiki köməkliyin göstərilməsi, səmərəli inzibati nəzarətin təşkili, bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, o cümlədən Ədliyyə Akademiyasında insan hüquqları sahəsində beynəlxalq sənədlərin, o cümlədən İnsan hüquqlarına dair Avropa Konvensiyasının, Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının öyrənilməsi sahəsində görülən işlərdən, bu sahədə vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışıb.
Millət vəkili Tahir Rzayev bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsindən, bu sahədə beynəlxalq praktikadan bəhs edib, yerli məsələlərin həllində bələdiyyələrin təşəbbüskarlığının artırılması, bələdiyyə-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, əhalinin bələdiyyə fəaliyyəti barədə daha geniş maarifləndirilməsi ilə bağlı fikirlərini bölüşüb, bu sahədə Ədliyyə Nazirliyi, bələdiyyələrin milli assosiasiyaları ilə birgə əməkdaşlıqda tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Çıxış edən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri – Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı, Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin üzvü Zalihə Tahirova və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni tədbirin əhəmiyyətini qeyd edib, son dövrlər nazirliyin ayrı-ayrı istiqamətləri üzrə fəaliyyətinin ictimailəşməsini vurğulayıb, vətəndaşların yerli məsələlərinin həllində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən şəffaflığın artırılması, ictimai iştirakçılığın təşviqi, bələdiyyələrlə QHT-lər arasında əlaqəli fəaliyyətin genişləndirilməsi ilə bağlı və digər təkliflər səsləndiriblər.
Eyni zamanda tədbirdə iştirak edən Avropa İttifaqının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təmsilçiləri, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli assosiasiyalarının sədrləri tərəfindən müzakirə olunan məsələlərlə bağlı çıxışlar edilib, faydakı fikir mübadiləsi aparılıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin