Əsas səhifə İqtisadiyyat 2019-cu ili necə başa vururuq?

2019-cu ili necə başa vururuq?

admin
50 Oxunub


Yola saldığımız ilin sosial-iqtisadi təhlili…

2019-cu ilin başa çatmasına bir neçə gün qaldı. Yola saldığımız il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və humanitar həyatında bir çox əlamətdar hadisələrlərlə yadda qaldı. Başa çatmaqda olan bu ildə əsas iqtisadi hadisələr 2015-ci il maliyyə böhranından sonra iqtisadiyyatın yüksə artım tempi nümayiş etdirməsi və 3 faziə yaxın (11 ay üzrə) ÜDM-in istehsalı oldu. Qlobal böhranın hələ də davam etdiyi şəraitdə Azərbaycan özünün stabil inkişafını qoruyub saxladı, neft gəlirlərindəki azalmalara baxmayaraq şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artım hesabına milli gəlirin həcminin artımını təmin edildi. Respublikamız enerji və digər resurslar hesabına strateji valyuta ehtiyatlarını 47 milyard dollara qədər artırdı. 
2019-cu ilin ən böyük rezonans doğuran hadisəsi sosial paketlə bağlı qərarın qəbul edilməsi oldu. Cəmiyyətin inqilabi sosial paket adlandırdığı bu siyasət ilin ilk aylarından tətbiq edildi. Sosial paketlərin birinci mərhələsi çərçivəsində 3 milyondan çox vətəndaşımızın həyatına birbaşa təsir edən qərarlar qəbul edildi. Həm minimum əməkhaqqı, həm minimum pensiya, həm sosial müavinətlər, həm təqaüdlər və başqa ödənişlər artırıldı. Minimum əməkhaqqı martın 1-dən 130 manatdan 180 manata qaldırıldı, artım birbaşa olaraq 600 minədək insanı əhatə etdi. Sentyabr ayından isə sosial paketin ikinci mərhələsi tutumu dairəsində yenidən 2 dəfəyə qədər artırıldı. Dövlət başçısının iyunun 18-də imzaladığı 17 sərəncama əsasən, minimum əməkhaqqı, bir sıra dövlət qurumlarında çalışan şəxslərin əmək haqqında kəskin artım edildi. Bu sərəncamlara əsasən sentyabrın 1-dən etibarən Azərbaycanda minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata qaldırıldı. Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumunu (180 manat) 40 faiz üstələdi. Eyni zamanda, minimum pensiya məbləği də pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələmiş oldu.
Sosial paket cəmiyyətin böyük bir hissəsini əhatə etdi. Bu qərarların qəbul olunması sayəsində dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərin əməkhaqları 40 faiz, müəllimlərin vahid  aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırıldı.
Beləliklə, 2019-cu ildə gerçəkləşən iki sosial paketin icrası 4,2 milyon vətəndaşı əhatə etdi. Həmin artımların həddindən artıq böyük maliyyə tutumu vardır, dövlət 2019-cu ildə bu məqsədlər üçün 2,3 milyard manat nəzərə tutub. 2020-ci ildə isə daha 3 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Bu vəsait 5,3 milyard manat olmaqla büdcənin 20 faizni təşkil edir.
Vətəndaşların həyatında mühüm əlamətdar hadisələrdən biri uzun illərdir düyünə düşmüş dollar kreditləri ilə bağlı problemin həlli oldu. Dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman sosial sahədə ən inqilabi addım kimi yadda qaldı. Yüzminlərlə insanın sosial həyatına birbaşa təsir edən bu sənədin imzalanması Azərbaycan xalqına, vətəndaşına olan yüksək qayğısının növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Problemli kreditlərin həlli nəticəsində təxminən 950 min insanın sosial vəziyyəti yaxşılaşdı. Bundan başqa, vergi-gömrük sahəsində və biznes sektorunda ciddi
islahatların həyata keçirilməsi sayəsində həmin sahələrdən daxil olan vəsaitlərin həcminin artması, şəffaflığın gücləndirilməsi mühüm iqtisadi hadisə kimi səciyyələndirilə bilər.
2019-cu ilin ictimaiyyət arasında ən çox səs doğuran hadisəsi Azərbaycanda idarəetmə aparatında əhəmiyyətli dəyiçikliklərin, kadr islahatlarının aparılması oldu. Dövlət başçısının birbaşa iradəsi ilə həyata keçirilən islahatlar institusional baxımından mühüm dəyişikliklərlə müşahidə edilməkdədir. Çevik idarəetmənin formalaşmasında mühüm rol oynayan və yeni çağırışların tələbinə uyğun olaraq davam etdirilən bu proses nəticəsində ötən aylarda investisiya mühitinin yaxşılaşdırılması, prosedurların elektronlaşdırılması, dövlət xidmətlərinə əlçatanlığın və şəffaflığın təmin edilməsi istiqamətində hüquqi tənzimlənmə ilə yanaşı, köhnə kadrların uzaqlaşdırılması və yeni peşəkar kadrların vəzifəyə təyin edilməsi ilə yadda qaldı. “Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik. Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük” deyə islahatların yenə də davam edəcəyini vurğulayan Prezident İlham Əliyev idarəetmə aparatının demək olar ki, ən strateji sektorlarını yeniləşdiribdir.
Yola saldığımız il enerji sahəsində mühüm uğurların əldə olunması baxımından da faydalı hesab edilə bilər. Bu gün Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin “XXI əsrin layihəsi” adlandırdığı “Cənub qaz dəhlizi” layihəsinin ən həlledici mərhələlərindən biri olan TANAP kəmərinin Türkiyə ilə Avropanı birləşdirən hissəsi istifadəyə verildi.
Aparılan islahatlar Azərbaycanın beynəlxalq reytinqinin güclənməsinə səbəb olmaqdadır. Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2020” hesabatında Azərbaycan dünyada islahatçı 20 ölkə sırasında yer aldı. Respublikamız biznesin səmərəliliyinə görə, 9-cu yerdə qərarlaşdı. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik İndeksi” hesabatında 11 pillə irəlilədi. Beynəlxalq İnvestisiya şirkətlərinin reytinqlərində ölkəmiz  MDB-də investisiya yatırmaq üçün 2-ci ən yaxşı ölkə kimi yer aldı. “Moods”, “Fitch”, “Standard & Poor’s” kimi nüfuzlu beynəlxalq reytinq agentlikləri Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+B” səviyyəsində təsdiqlədi. Azərbaycan Amerikanın tanınmış “The Heritage Foundation” analitik mərkəzinin tərtib etdiyi 2019-cu il üzrə İqtisadi Azadlıq İndeksində 7 pillə irəliləyərək mövqeyini xeyli yaxşılaşdırdı.

E.CƏFƏR

Rəy bildir

15 − 4 =