Hökumət ölkəyə avtomobil gətirilməsi ilə bağlı qərarı şərh etdi

0
27

Nazirlər Kabineti (NK) “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Qərarının izahını verib.

NK-dan “Report”a daxil olan açıqlamada deyilir:

“Qərar ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin idxalının gömrük rüsumlarından azad olunması məqsədilə hazırlanıb.

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, ölkədə qeyri-neft məhsulları istehsalının inkişaf etdirilməsi və dəstəklənməsi, idxalın əvəz olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, xarici investisiyaların cəlb olunması, həmçinin ölkədə istehsal olunmuş məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar mütəmadi olaraq müvafiq işlər aparılır və zəruri tədbirlər həyata keçirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində, 2018-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu zamanı Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” ASC-nin birgə avtomobil istehsalı zavodunun (“AzKron” MMC-nin “Xəzər” avtomobil zavodu) rəsmi açılışı həyata keçirilib.

İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində 2019-cu ilin sonunadək 3 min avtomobilin istehsalı planlaşdırılır və müəssisədə 200 nəfər işlə təmin edilmişdir. Zavodda “Khazar” brendi altında “LX”, “SD” (sadə), “LD” (lüks), Peugeot Khazar olmaqla dörd komplektasiyada avtomobillər istehsal olunur. Həmçinin, zavodda yaxın gələcəkdə digər avtomobil markalarının istehsalı da nəzərdə tutulur. Növbəti mərhələdə “Khazar” brendi altında istehsal olunacaq avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı planlaşdırılır.

“Xəzər” avtomobil zavodunda qaynaq və rəngləmə işləri istisna olmaqla, avtomobillərin sıfırdan ayrı-ayrı hissələrdən yığılmaqla tam istehsalı həyata keçirilir. Bunun üstünlüyü isə gələcəkdə lokallaşdırma (yan sənaye) müəssisələrinin ölkəmizdə yaradılması üçün zəmin yaratmasıdır. Eyni zamanda, ikinci mərhələ olaraq qaynaq və rəngləmə proseslərinin də Azərbaycanda təşkili planlaşdırılır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin