Əsas səhifə Köşə Kiçiklərin böyüklərə böyük dərsi

Kiçiklərin böyüklərə böyük dərsi

admin
65 Oxunub

Yaşadığımız şirindən şirin, acıdan acı bu dünyada həmişə görmüşük ki, kiçiklər böyüklərdən öyrənər. Əsrlərdir bu ənənəazca da olsapozulmdan, heç yerə yozulmadan öz axarı-baxarı ilə axıb gedir. Yaşaya-yaşaya gəlib bugünkü zamanaya çatanda gördük ki, yox ee, indiki vaxtda böyüklər dəbalacalardan nəsə öyrənə bilərlər. Yaxud balacalar böyüklərə nəsə babat bir şey öyrədə bilərlər. Ümumiyyətlə belə götürəndə öyrənməyin nə fərqi var ki, ya böyükdən öyrəndin, ya da kiçikdən. Əsas odur ki, nəsə fərli bir şey öyrənəsən. Əlinə düşmüş zamandan səmərəli istifadə edəsən. Papağı boş-boşuna günə vermiyəsən, arada onu tərinlə isladasan.

Vahid MƏHƏRRƏMOV

Universitetdəki müəllimlərin bəziləri yaşca bizdənkiçik olsalar da, başca böyük idilər. Biz də yaşa-zada baxmadan başlarından bizə verdikləri dərslərdən nəsə öyrənirdik. Mən bilən,başqa sahələrdə olduğu kimi müğənnilərdə də elədir. Bir də görürsən, sütül kimi cavan bir oğlan, ya da qız elə gözəl bir muğam oxudu, bir zəngulə vurdu ki, azman sənətkarların ağzı açıla qaldı. Böyüklər onların oxumalarından bəzi şeylər öyrəndilər.

Müğənnilərdən söz düşmüşkən, deyim ki, onlar qələmimin ən yaralı yeridi. Hamısı yox, ha! Ancaq sənətini dərindən bilməyənlər, canlı oxumaqdan qorxub fonoqramaya üz tutanlar. Ac quş balası kimi ağzını yalandan açıb-yuman müğənniləri görəndə təzyiqim qaçıb dırmaşır kəlləçarxa. Ha tutub geri dartsam da aşağı düşmür. Belə anlarda yavaş-yavaş üzümü televizora tutubxəyalən həmin müğənniylə danışırmış kimi deyirəm ki, səsin varsa, kişi kimi, qadın kimi mərdi-mərdanə canlı-canlı oxu. Tamaşaçıları gözəl səsinlə, nazlı avazınla, zəngulələrinlə feyziyab elə. Yox, səsin yoxdusa, fonoqrama ilə camaatı hirsləndirib təzyiqini qaldırma. Dərman-dava dalınca apteklərə qaçmağa məcbur eləmə.

O günləri musiqili bir verilişə baxırdım. Elə bilirəm ki, o verilişi seyr edən bütün böyük müğənnilər kiçik yaşlı uşaqların necə oxuduqlarını görüb utandılar və yaxşıca dərs aldılar. Musiqi məktəbinin yetirmələri olan on-on iki yaşlı uşaqlar fonoqramasız-filansız canlı oxuyaraq tamaşaçılara gözəldən gözəl anlar yaşatdılar. Uşaqların səsi çox məlahətli idi. Səslərinin məlahətli olmasından daha çox onların fonoqramasız oxumaları adama ləzzət elədi.

Bax oxumaq, muğam ifa eləmək buna deyərlər. Yoxsa, bir də görürsən yaşlı, xeyli ad-san almış, yaxasına orden-medal taxmış iki-üç müğənni çıxdı efirə. Guya kişinin oğlu, yaxud kişinin qızı oxumağa gəlib. Mikrafonu alıb əlinə cumur səhnəyə. Bəzən lap biabırçılıq olur. Müğənni hələ heç səhnəyə çatmamış fonoqrama verilir. O da qalır pərt vəziyyətdə. Tez başlayır yalandan-palandan ağzını ayırıb-yummağa, vəziyyətdən çıxmağa. Qızara-qızara, bozara-bozara dəqiqələrini əridir. Hələ sonra da oturub arsız-arsız aparıcının suallarına cavab verir, sənətdən, sənətkarlıqdan dəm vurur. Fonaqrama oxumağı cəhənnəm, sənətkarlıqdan danışmağı adamı lap yandırır. Belələrinə deyəllər ki, oxumadan yaşaya bilirsənsə, oxuma! Səhnəni boş-boşuna tutub zanit eləmə. Qoy səsi, nəfəsi olanlar canlı-canlı oxusun, biz də ləzzətinən onlara qulaq asaq, təzyiqimiz də yerindən oynamasın. Böyüklərdən öyrənmirsiniz barı, gələcəyin böyük müğənniləri olacaq uşaqların canlı-canlı oxumaqlarından nəsə bir dərs götürün.Bəlkə də artıq götürüblər. Götürmüyüblərsə də, yazdıqlarımı oxuyandan sonrayüz faiz nəsə onlarda yaxşılığa doğru bir dəyişiklik baş verəcək.

Yazdıqlarımı o günləri parkda gəzinə-gəzinə fikirləşirdim. Bir növ mövzuya giriş üçün yaxşı bir xod, gözəl bir giriş axtarırdım. Axtara-axtara ətrafıma da baxırdım. Baxanda gördüm ki, bir baba nəvəsinin əlindən tutub gəzdirir. Nəvə babaya suallar verir, o da bildiklərindən uşağın suallarına aydınlıq gətirir. Babanın bir işindən xoşum gəlmədi ki, nəvə ilə danışa-danışa siqaret çəkirdi, tüstünü uşağa tərəf pülüyürdü. İstədim ona deyəm ki, körpənin yanında siqaret çəkmə, tüstünlə onu zəhərləmə. Sonra fikrimi dəyişdim, dedim sözlərim ağsaqqalın xətrinə dəyər, təzyiqi qalxar.

Bir azdan baba siqaretini çəkib kötüyünü yerə tulladı. Bunu görən uşaq gedib onu yerdən götürüb qaça-qaça aparıb yaxınlıqdakı zibil qabına atdı. Sonra babasına dedi:

– Baba, küçəni zibilləmək olmaz! Müəllimə bizə deyir ki,heç vaxt zibili yerə atmayın. Başqalarına da bunu deyin.

Uşağın babasına dərs verdiyini görəndə ürəyim qürurla doldu, xeyli sevindim. Sevinə-sevinə də fikiləşdim ki, deyəsən, indi zəmanə tərsinə dövran edir. Əvvəllər böyüklər kiçiklərə, indi isə kiçiklər böyüklərə dərs verir, yol göstərir. Yeri gəlmişkən, deyim ki, çox öyrənməyin heç bir ziyanı yoxdu. Həm də fərqi yoxdu, ya böyükdən öyrəndin, ya da kiçikdən. Əsas odur ki, dərs yaxşı dərs olsun və sən də nəsə öyrənə biləsən! Evdə oturduğunuz koronalı günlərdə vaxtınızı boş keçirməyin, çalışın nəsə fərli bir şey öyrənin! Bilin ki, öyrəndikləriniz nə vaxtsa lazımınız olacaq.

Rəy bildir

5 × four =