Əsas səhifə Köşə Koronalı günlərimiz…

Koronalı günlərimiz…

admin
66 Oxunub

I yazı

Doğru olub-olmadığını yüz faiz dəqiq bilmirəm, amma deyirlər ki, guya insan çox oxuyub, çox fikirləşəndə yavaş-yavaş müdrikləşir. Sizin fikirlərinizi bilmirəm, amma mənim müdrik olmaqdan yaman xoşum gəlir. Deyilən bu sözün doğruluğuna doxsan beş faiz inandığıma görə son günlər yaman çox oxuyur və çox fikirləşirəm. Fikirləşə-fikirləşə də arzulayıram ki, kaş dünyanın müdriklərdən biri də mən olum. Tarixə düşüm, kitablarda izim qalsın, dəftərlərdə sözüm qalsın. Hərdən də düşünürəm ki, mənim dünyadakı müdriklərdən nəyim və haram əksikdir ki? Düzəməlli ölçən-biçən olsa, bütün atributlarım müdrikliyə uyğun gəlir. Amma təəssüf ki, xeyli müddətdir oxuya-oxuya, fikiləşə-fikirləşə qalsam da, hələ də müdriklikdən-filandan bir xəbər yoxdu. Sözün düzü, heç bilmirəm ki, müdrik olmaq üçün nə qədər fikirləşməliyəm, neçə il fikirləşməliyəm? Bu proses neçə ay, neçə il davam etməlidi? Müdrik olanda nəsə özümdə hiss edəcəyəmi, yoxsa yox? Əgər görsəm ki, uzun çəkir, bəlkə tərgidib, tam yox, yarımüdrik oldum. Öz aramızdı ee, heç olmamaqdandırsa, yarımmüdrik olmaq da pis bir şey deyil.

Gül kimi fikirləşdiyim və müdrik olmağa hazırlaşdığım bir vaxtda koronovirus da mərdümazar kimi dəvət gözləmədən qəflətən gəlib çıxdı ölkəmizin kəndarına. İndi fikirlərimdə çox böyük sıxlıq olduğundan, beynimdə gərginlik yaranıb. Çünki həm müdrik olmaq, həm də koronovirusun dərmanını tapmaq üçün fikirləşirəm. Elə bilməyin ki, ikisini bir-birinə qatıb-qatışdırıram ha. Yox, yox, karantin günlərini nəzərə alıb növbəlilik prinsipi yaratmışam. Düşünürəm ki, evdə oturmuşam-oturmuşam, qoy başımı boş saxlamayım, naqruskaya salmadan yavaş-yavaş işlədim, oxuya-oxuya oturum, fikirləşə-fikirləşə yatım. Koronovirus haqqında fikirlərimi vurum əsas fikirlərimin böyür-başına. Bir növ bir-birinə calaq eliyim. Sonra görüm ortalığa necə bir məhsul çıxacaq. İnanıram ki, bu gedişlə tam müdrikliyə gücüm çatacaq.

Virus barədə fikirləşəndə deyirəm görən gərginliyini, üzüntüsünü yaşadığımız bu günlər yaddaşımızda necə qalacaq? Sonrakı illər bu günlərimizi necə yada salacağıq, nə deyib xatırlayacağıq? İndiki karantin günlərinin adını, kodunu nə qoyacağıq? Görürsünüz də nə qədər çətin, nə qədər dərin, nə qədər ağıl tələb edən suallardır. Yəqin ki, buna hər savadlı adam cavab verə bilməz. Bu suallara yalnız və yalnız başını işlədə-işlədə çoxlu fikirləşib müdrik olmağa hazırlaşanlar – yəni mənim kimiləri cavab verə bilər. Mən bilən bu günlər yaddaşımızda koronalı günlər kimi qalacaq. İllər sonra bu sıxıntılı günləri xatırladıqca həmişə dalağımız sancacaq, ağ ciyərimiz sıxılacaq, qara ciyərimiz yığılacaq, ürəyimiz titriyəcək, əlimizdən spirt və sabun iyisi gələcək.

Rəy bildir

13 − twelve =