Əsas səhifə Analitika Vergi Məcəlləsinə yeni dəyişikliklər: Dövlət itirsə də, vətəndaş və biznes qazanacaq

Vergi Məcəlləsinə yeni dəyişikliklər: Dövlət itirsə də, vətəndaş və biznes qazanacaq

admin
69 Oxunub

Koronavirus pandemiyası iqtisadi fəallığa və biznes sektoruna zərər vurduğundan  dövlət sahibkarlıq subyektlərinin mövcud vəziyyətlərini nəzərə alaraq onlara həm maliyyə dəstəyi göstərir, həm də müxtəlif güzəştlər tətbiq edir. Əsas məqsəd karantin rejimindən sonrakı mərhələdə post-pandemiya dövründə  biznesin ayaq üstündə durmasını təmin etmək, onların normal fəaliyyətini davam etdirməsinə fürsət verməkdir. Çünki hazırda şəffaf iqtisadiyyat quruculuğu dövründə biznesin dövlət qarşısında rolu və məsuliyyəti daha da artır. Dövlətin bel sütunu olan sahibkarlıq sektorunun dövlətə verdiyi vergilər iqtisadi-fiskal imkanların əsas mənbəyinə çevrilir.
Məhz bu baxımdan dövlət biznesin fəaliyyətinə dəstəyin ən səmərəli üsullarından biri kimi vergi güzəşt və tətillərinin tətbiqinə qərar verib. Vergi Məcəlləsində və bir sıra qanunvericilik aktlarında dəyişikliklərlə bağlı təklifər də bu siyasətə xidmət edir.
Vergi Məcəlləsinə hansı yeni dəyişikliklər nəzərdə tutulur?
Dəyişikliklər pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələrini əhatə edir.  Belə ki, vergi ödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunur ki, burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər nəzərdə tutulur. Bundan başqa, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsidir.
Ən geniş və əhatəli vergi güzəştləri bütün sahibkarlıq subyektlərinə şamil edilməklə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə müxtəlif sahələri nəzərdə tutur.

• Yerləşmə vasitələri hesab edilən mehmanxana (otel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

• Turoperator və turagent fəaliyyəti;

• İctimai iaşə fəaliyyəti;

• Avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

• Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;

• Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

• İdman-sağlamlıq obyektlərinin fəaliyyəti

• Hazırlıq (tədris) və ixtisasartama kurslarının, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti;

• Koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti Nazirlər Kabineti tərəfindən tam və ya qismən məhdudlaşdırılmış digər fəaliyyət sahələri.

Bundan başqa, sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirmələri nəzərdə tutulur.
Vergi güzəştləri biznes üçün hansı imkanlar yaradacaq?
Vergi Məcəlləsinə və bu sənəddən irəli gələrərk “Sosial sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklər koronavirus pandemiyası və iqtisadi aktivliyin aşağı düşməsi nəticəsində sahibkarlıq subyektlərinin üzləşdikləri çətinliklərin azaldılması, onların maliyyə yükünün dövlət dəstəyi nəticəsində minimallaşdırılması istiqamətində əhəmiyyətli rol oynayacaq. Sahibkarlar güzəşt və tətillərdən yararlanmaqla xərclərini minimumlaşdıracaq. Yəni, onların aylıq xərcləri 50-75 faiz azalacaq. Həmin vəsaitlər onların sərəncamında qalmaqla əlavə maliyyə, təkrar investisiya olacaq və bu vəsaitlərlə sahibkarlar iqtisadi aktivliyi artıra biləcəklər.

E.CƏFƏR

Rəy bildir

ten − five =